Su şəbəkəsinə qoşulma üzrə xidmət keyfiyyəti artırılır
Sosial həyat

Su şəbəkəsinə qoşulma üzrə xidmət keyfiyyəti artırılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Su şəbəkələrinə qoşulma" işçi qrupunun mayın 24-də keçirilən genişləndirilmiş iclasında iqtisadi islahatlar, o cümlədən su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün Vahid Pəncərə sisteminin yaradılması barədə təqdimatlar keçirilib.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 1 may 2024-cü il tarixli müvafiq Fərmanı ilə "Su təchizatı və tullantı suları haqqında" Qanunda dəyişikliklərin qüvvəyə minməsi ilə su şəbəkəsinə qoşulma üzrə mühüm iqtisadi islahatın aparılması yeni inkişaf mərhələsinin başlanılmasına və biznes mühitinin əlverişliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb. Yeni islahat nəticəsində qanunvericiliyin tələblərinə əsasən, su şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 13-dən 3-ə, qoşulma müddəti 60 gündən 30 günə endirilib, qoşulma xərcləri sahəsində şəffaf və aydın tənzimləmə mexanizmi ilə bağlı normativ-hüquqi baza yaradılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərlik etdiyi "Su şəbəkələrinə qoşulma" işçi qrupunun aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə son iki il ərzində intensiv və səmərəli fəaliyyəti nəticəsində müvafiq Yol Xəritəsi uğurla icra edilib, yeni iqtisadi təşəbbüslərin hazırlanması, xüsusilə qanunvericiliyin daha da təkmilləşdirilməsi və asanlaşdırılması istiqamətində kompleks təkliflərin aidiyyəti üzrə təqdim olunması təmin olunub.

İşçi qrupunun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov çıxışında bildirib ki, işçi qrupun daxilində koordinasiyalı fəaliyyəti təşkil olunub, su şəbəkəsinə qoşulma üzrə həm qanunvericiliyin, həm də inzibatçılığın təkmilləşdirilməsi üzrə işçi qrupun 10-a yaxın iclası, habelə çoxsaylı tematik iclas və görüşləri keçirilib, qısa müddətdə aidiyyəti dövlət qurumlarının yaxından dəstəyi ilə müasir çağırışlara cavab verən iqtisadi islahat təşəbbüsü ilə bağlı təkliflər paketi hazırlanaraq təqdim edilib.

Su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün Vahid Pəncərə sisteminin yaradılması, su şəbəkəsinə qoşulma ilə bağlı xidmət keyfiyyəti üzrə standartların hazırlanaraq qəbulu və tətbiqi, yeni elektron xidmətin formalaşdırılması, məlumatların əlçatanlığının təmin olunması və müasir idarəetmədə aidiyyəti dövlət qurumları ilə inteqrasiya yaradılıb.

İclasın gündəliyinə uyğun olaraq qanunvericilikdə aparılan ən son dəyişikliklər, yeni anlayışlar və hüquqi tənzimləmələr, su şəbəkəsinə qoşulma üzrə müasir və çevik yanaşmanın tətbiqi ilə bağlı təqdimat olub.

İclasda tikinti obyektlərinin su təchizatı və kanalizasiya sistemlərinə qoşulması məqsədilə prosedurların sayı, müddətlər, icra olunacaq işlər, qoşulma üzrə yeni proseslər xəritəsi, ləğv olunan prosedurlar və günlər, habelə xərclərin azaldılması və Vahid Pəncərə sisteminə dair təqdimat keçirilib.

Tədbirin sonunda Dünya Bankı Qrupunun "Business Ready" layihəsinin "Kommunal xidmətlər "Su şəbəkəsinə" qoşulma" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi, qarşıda duran hədəflər və müasir prioritetlər mövzusunda təqdimat iştirakçılara təqdim edilib.

İclasda Su şəbəkəsinə qoşulma üzrə rəy verən bütün dövlət qurumlarının nümayəndələri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, işçi qrupuna üzv olan digər aidiyyəti qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar və media nümayəndələri iştirak edib.

"Respublika".