“Ağbaba-Şörəyel İkinci Dünya savaşında” kitabının təqdimatı
Sosial həyat

“Ağbaba-Şörəyel İkinci Dünya savaşında” kitabının təqdimatı

Dünən Qərbi Azərbaycan İcmasının (QAİ) inzibati binasında "Ağbaba-Şörəyel İkinci Dünya savaşında. Həlak olanlar və itkin düşənlər" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, İcmanın İdarə Heyətinin üzvü Nazim Mustafa, İcmanın Müşahidə Şurasının sədri Nuru Bayramov və digər tanınmış şəxslər iştirak edib.

QAİ-nin sədri Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycana qayıdış hazırda prioritet məsələyə çevrilib: "Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmaq bizim əsas məqsədimizdir. Artıq bir sıra uğurlara imza atmışıq. Qərbi Azərbaycan ideyasını milli ruha söykəyə bilmişik. Bu məsələni beynəlxalq məkana çıxarmağa nail olmuşuq. Xüsusilə Qərbi Azərbaycan İcması və digər vətəndaş cəmiyyəti təşkilatlarının müraciətinin BMT şuralarının rəsmi sənədləri kimi yayılması faktı qeyd edilməlidir. Yeni dövrdə İcmanın qarşısında yeni vəzifələr var. Bu xüsusda başlıca addım həqiqətləri dünya ictimaiyyətinə  çatdırmaqdır. Ermənilər hər fürsətdə öz çirkin niyyətlərini ortaya qoyublar. Son 100 ildə baş verən hadisələrə nəzər yetirdikdə, bu, daha aydın görünür".

Daha sonra çıxış edən İcmanın İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru  Nazim Mustafa bu kitabın çapının Ermənistan üçün tutarlı cavab olduğunu qeyd edib: "Mən İrəvanda olarkən ermənilərin kitablarını da nəzərdən keçirirdim. Onların kitablarında türk adına rast gəlmədim. Ermənilər məhz saxta məlumatlarla dolu həmin materiallarla bizi ittiham edirdilər. Şübhəsiz, düşmən bununla bizim izimizi tarixdən silməyə çalışıb. Lakin bu gün təqdimatı olan kitabımız düşmənə tutarlı cavabdır". Tədbir çərçivəsində, həmçinin, kitabın əhəmiyyəti barədə də geniş məlumat verilib.

Qeyd edək ki, kitabda Qərbi Azərbaycanın Ağbaba və Şörəyel bölgələrində (Amasiya inzibati rayonu) yaşamış azərbaycanlıların İkinci Dünya savaşında iştirakları, onlardan həlak olan və ya itkin düşənlərin doğulduqları və yaşadıqları 22 kənd üzrə adbaad siyahılarının müəyyənləşdirilməsi, həlak olmuş və itkin düşmüş şəxslərin hər birinin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, həlak olduğu və dəfn edildiyi yerlə bağlı məlumatlar öz əksini tapıb. Bununla yanaşı, kitabda əsas mənbə kimi keçmiş sovet ordusunun, SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Dövlət Arxivində saxlanılan məlumatlardan istifadə olunub. Kitabda həmçinin orden və medallarla təltiflər və təltif sənədləri haqqında qısa məlumatlar da yer alıb. Müharibədən qayıtmayanların fotoşəkilləri, eləcə də Amasiya rayon Hərbi Komissarlığının müharibədən qayıtmayanlar haqqında sənədlərinin surətləri, "qara kağızların" (bildirişlərin) uçotu jurnalının bütün səhifələrinin faksimileləri də kitabda yer alıb.

Nurlan ABDALOV,

"Respublika".