Ömrə ömür qatmaq özü də xoşbəxtlikdir
Sosial həyat

Ömrə ömür qatmaq özü də xoşbəxtlikdir

Səhər saatları olsa da növbədə çox adam var idi. Kimisi analizlərinin nəticəsi barədə həkimin rəyini bilmək, kimisi növbəti prosedurdan sonra səhhətində baş verən dəyişikliklərin səbəbini öyrənmək... üçün gəlmişdi. Aralarında ilk dəfə gələnlər də var idi. Oturub növbələrini gözləyir, həkimin otağından çıxanların üz ifadələrindən, ümid dolu baxışlarından doğru ünvana gəldiklərinə əmin olurdular. Məndən öncə növbə gözləyən yaşlı bir qadın: "Necə həkimdir?" - sualıma, şirin rayon ləhcəsilə: "Başuva dönüm, bura ölü gələn, diri gedər", - deyə cavab verdi...

Kliniki Tibbi Mərkəzin nefrologiya və hemodializ şöbəsinin müdiri Xəyalə Quluzadə çox gəncdir. O, 1985-ci il iyunun 7-də Naxçıvanda doğulub, 2001-ci ildə Naxçıvan Tibb Universitetinə daxil olub, 2007-ci ildə oranı həkim-pediatr ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2007-2008-ci illərdə Türkiyədə internatura pilləsini radiologiya üzrə başa vurub Naxçıvandakı "Duzdağ" xəstəxanasında funksional-diaqnostik kimi həkimlik fəaliyyətinə başlayıb. 2013-cü ildə rezidentura pilləsində nefrologiya üzrə təhsilini Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında davam etdirib. Dördillik tədris müddətində dəfələrlə Türkiyədə kurslarda, konfranslarda iştirak edib. 2014-cü ildə Türkiyənin Ankara Universitetinin İbusina xəstəxanasında, 2017-ci ildə Başkənt Universitetinin xəstəxanasında 7 aylıq rezidentura rotasiyasından sonra keçirilən imtahanda birincilik qazanıb. Topladığı 100 bal nəzərə alınaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Kliniki Tibbi Mərkəzin hemodializ şöbəsinə həkim təyin edilib. 2020-ci ildən şöbəyə rəhbərlik edir.

Şöbə 2011-ci ildə yaradılıb. Respublikanın bir çox yerlərində fəaliyyət göstərən hemodializ şöbələrində bu gün çalışanların böyük əksəriyyəti məhz burada təkmilləşib, təcrübə toplayıb. 63 çarpayılıq hemodializ şöbəsi üçnövbəlilik əsasında işləyir. Hazırda burada 375 hemodializ xəstəsi var, 14 həkim, xeyli sayda orta tibb işçisi çalışır. Xəstələr müayinə və müalicənin nəticələrindən razıdırlar.

Xroniki böyrək çatışmazlığı sağalmayan xəstəlikdir. Lakin insanlar bu diaqnozla uzun illər yaşaya bilirlər. Xəyalə xanım deyir ki, bu kateqoriyadan olan xəstələrin ilk növbədə, psixologiyaları zədələnmiş olur. Həddən artıq həssas olan bu insanlarla işləmək hər bir tibb işçisindən böyük məsuliyyət tələb edir. Son illərdə diaqnostika metodlarının daha da təkmilləşdirilməsi səbəbindən şöbəmizə müraciət edənlərin sayı çoxalıb. Burada icbari tibbi sığortanın tətbiqinə başlanılması da müəyyən rol oynayır. Çünki vətəndaşlar tam ödənişsiz əsaslarla xəstəxanalara, poliklinikalara üz tutur, müayinələrdən keçirlər. Bu isə bəzi xəstəliklərin vaxtında aşkarlanmasına səbəb olur. Xroniki böyrək çatışmazlığı xəstəliyi də belə xəstəliklərdəndir. Ümumiyyətlə, bu xəstəlik çox vaxt gizlin gedir, heç bir əlamət özünü göstərmir. Bir də ki, insanlar nefroloqlara çox az-az müraciət edirlər. Xəstəlik çox vaxt digər profillər üzrə həkim müayinəsindən keçərkən aşkarlanır. Yaxşı olar ki, insanlar ildə bir dəfə çek-ap müayinədən keçsinlər. Onu da deyim ki, şəkərli diabet, qan təzyiqindən əziyyət çəkənlər riskli qrup sayılır.

Xəyalə xanım sözünə davam edərək deyir: "Böyrək elə orqandır ki, çox zaman özü "xəstələnmir", onu hansısa orqan zədələyir. Böyrəklərin ən böyük düşməni şəkərli diabetdir. Bu tip xəstələr daim şəkərin səviyyəsini normada saxlamalı, təzyiq də norma daxilində olmalıdır. İnsanlar daha çox maye, dəqiq desək gündə 1,5 litrdən çox su qəbul etməli, sidiyə getmə ilə balans yaradılmalıdır. Duzdan uzaqlaşmaq, "fast food" yeməklərdən uzaq durmaq lazımdır. Belə zərərli qidalar böyrəyin yüklənməsinə səbəb olur".

Bəli, son dərəcə mürəkkəb və gərəkli bir şöbəyə rəhbərlik etmək doğrudan da çətindir, özü də həyatın bərk-boşundan keçməyən bir gənc üçün. Ancaq Xəyalə Quluzadə işinin öhdəsindən uğurla gəlir, şöbədə xəstələrə yüksək səviyyədə tibbi xidmət təmin edilir. Bunu elə mərkəzdə olarkən söhbət etdiyimiz xəstələrin dilindən də eşitdik. Təbii ki, qazandığı təcrübə, təhsil illərində mənimsədiyi bilik köməyinə çatır. Ən əsası isə Xəyalə xanım son dərəcə sadə, təvazökar bir insandır. Hər bir xəstəyə fərdi yanaşır, yaşamağa ümidlərini artırır: "Siz xəstə deyilsiniz, bu, sadəcə həyat tərzidir, digərlərindən bir az fərqli", - deyir.

Ailədə, yaxınları arasında həkim olanı olmayıb. Uşaqlıq arzusu da deyil. Sadəcə orta məktəbdə bu qrupa aid edilən fənləri çox gözəl bilib. Məsələn, kimya, fizika, biologiya onun sevimli fənləri olub. Məktəbdə biologiya kabinetini də elə fənn müəllimi ilə bir yerdə yaradıblar. Universitetdə əla oxuyub. Onu yoldaşları həmişə hazırlıqlı olduğu üçün adı ilə yox, soyadı "Quluzadə", - deyə çağırardılar. Xarici dildə olan dərs kitablarını o zaman tapmaq o qədər də asan deyildi. Xəyalənin atası Muxtar müəllim böyük çətinliklər hesabına qızına dəstək olur, onun daha yaxşı oxuması üçün çalışırdı. Xəyalə xanım həyatda tutduğu bu mövqeyə görə ikinci kursdan yanına təcrübəyə getdiyi cərrah Cəbi İsmayılovu da minnətdarlıqla xatırlayır: "Ümumiyyətlə, xroniki böyrək çatışmazlığı xəstəliyinin müalicəsində üç metod var: ilk seçim dünyada qızıl seçim kimi qəbul edilən transplantasiya, peritoneal dializ və hemodializdir. Bunların hər biri xəstənin vəziyyətindən asılı olaraq təyin edilir, adətən xəstələr hemodializə daha çox üstünlük verirlər. Şöbədə müxtəlif yaş qrupundan olan insanlara tibbi xidmət göstərilir. Onu da deyim ki, istənilən nəticəni almaq üçün burada hər cür şərait var. Dövlətimizin qayğısı sayəsində şöbə tam təmir olunub, tibbi avadanlıqlarla təchiz edilib. Bu isə bizə daha yaxşı işləməyə zəmin yaradır".

Xəyalə xanım deyir ki, insanların ömrünə ömür qatmaq xoşbəxtlikdir. Bu mənada mən də özümü xoşbəxt sayıram...

Zümrüd QURBANQIZI,

"Respublika".