Sudan qanunsuz istifadənin qarşısı alınır
Sosial həyat

Sudan qanunsuz istifadənin qarşısı alınır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"na uyğun olaraq bu sahədə itkilərin və israfçılığın qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. İçməli sudan qanunsuz istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Suraxanı rayonunda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsində yerləşən obyektdə içməli sudan qeyri-qanuni istifadə edildiyi məlum olub. Belə ki obyektdə 4 mağaza - "Gəncə təndiri" çörək sexi, ət kəsimi məntəqəsi, Al və Oba marketləri fəaliyyət göstərir. Bu obyektlərin su təchizatı şəbəkəyə qanunsuz qoşulmuş xətt vasitəsilə aparılıb. Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsindəki qum bazarında da analoji vəziyyət hökm sürür. Bu obyektdə də su təchizatının qanunsuz çəkilmiş xətt vasitəsilə aparıldığı aşkarlanıb. Yeni Günəşli qəsəbəsi AB 98 ünvanında yerləşən qaraj isə ət kəsimi sexi kimi fəaliyyət göstərib. Bu obyekt abonent kimi qeydiyyata alınmayıb və indiyədək içməli sudan qanunsuz istifadə edib.

Suraxanı rayonunda bir neçə fərdi həyət evinin sudan qanunsuz istifadə etdiyi məlum olub. Nəzarət tədbirləri keçirilərkən Əmircan qəsəbəsi Bəydəmirov küçəsində qanunsuz olaraq su satışı həyata keçirən maşın aşkarlanıb.

Sudan İstifadə Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb, vətəndaşlar və sahibkarlar içməli sudan qanuni istifadə yolları barədə məlumatlandırılıb.

Kamil İSMAYIL,

"Respublika".