Sülhün vacibliyini ermənilər dərk etməlidir
Digər xəbərlər

Sülhün vacibliyini ermənilər dərk etməlidir

Ölkəmiz müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı coğrafi məkandır. Azərbaycanda tarix boyu bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni, normal münasibət bəslənib.

Dövlətimiz ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində atılan önəmli addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. Müxtəlif etnosun nümayəndələri daim sülh və həmrəylik şəraitində yaşayıb və fəaliyyət göstəriblər. Heç zaman etnik azlıqlarla münasibətdə ayrı-seçkilik qoyulmayıb. Azərbaycanın tolerantlığının nəticəsidir ki, milli-etnik qrupların hüquqlarının qorunması üzrə ardıcıl siyasət davam etdirilir. Ölkəmizdə yaşayan etnik qrupların Azərbaycanı doğma Vətəni kimi sevməsi, azadlığı uğrunda şəhid olması 44 günlük Vətən müharibəsində bir daha sübuta yetdi.

Qeyd etməliyik ki, Ermənistanın 30 il ərzində yaratdığı "yenilməz" ordu rəşadətli Azərbaycan Ordusu qarşısında sadəcə 44 gün dözə bildi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları darmadağın etdi. Beləliklə, 10 noyabr günü Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı.

10 noyabr 2020-ci ildə üçtərəfli Bəyanat imzalandı ki, bu da indi ortaya sülh müqaviləsinin qoyulmasını vacib edir. Azərbaycan sülh müqaviləsinin imzalanmasına hazırdır və Prezident İlham Əliyev bütün çıxışlarında bu məsələni dəfələrlə vurğulayır. Sülh müqaviləsi hər iki xalq arasında müəyyən münasibətləri yoluna qoyur, onlara ən azından dil tapıb bir coğrafiyada yaşamaq şansını yaradır. Təbii ki, Azərbaycanın sülh üçün konkret təklifləri də var, lakin Ermənistan sülh müqaviləsinə laqeyd münasibəti ilə özünün nə qədər təcavüzkar, barış istəməyən xalq olduğunu bir daha göstərir. Bir sözlə, Azərbaycan birmənalı şəkildə sülh istəyir və bunu hər kəs görür. Sülh məsələsi ən çox erməni xalqının rifahı üçün vacibdir. Belə ki, Qarabağ bölgəsində doğulub və burada yaşayan ermənilər sülh əldə edildiyi təqdirdə tam təhlükəsiz yaşayacaqdır. Bu halda onların 2 seçimi var. Ya Azərbaycan Konstitusiyasını qəbul etməli, ya da Azərbaycan ərazilərini tərk etməlidirlər.

 Sərhəd-buraxılış məntəqəsinin qurulması erməni əhalinin seçim qərarlarının aydınlaşdırılmasına kömək edəcək. Yox, əgər iki variantdan da imtina edilsə, Azərbaycan milli təhlükəsizlik baxımından çıxış edəcək, ölkə qanunlarına itaətsizlik göstərəcək şəxslər cəzalandırılacaqdır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada "Euronews" televiziyasına müsahibəsində ermənilərə və onların havadarlarına sərt mesajlar verib: "Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, ...azərbaycanlılar artıq işğalla barışıblar... Beləliklə, müharibə bu hekayələri məhv etdi və... onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu... Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə proqnozlaşdırılmayan vəziyyət olacaq... Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır".

Röya RÜSTƏMLİ,

"Respublika".