Şuşa Bəyannaməsi səmimi qardaşlıq münasibətlərinin bəhrəsidir
Siyasət

Şuşa Bəyannaməsi səmimi qardaşlıq münasibətlərinin bəhrəsidir

Şuşa Bəyannaməsi 9 fevral 1994-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni, "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni rəhbər tutaraq iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə ucaltmışdır. İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirən bu Saziş Azərbaycan və Türkiyənin, eləcə də Türk dünyasının birliyinə xidmət edir. Bu baxımdan deyə bilərik ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Prezidentlik dövrlərində türk dövlətləri arasındakı münasibətlər ən yüksək çağını yaşayır.

2021-ci il iyunun 15-də Milli Qurtuluş Günündə və Qars müqaviləsinin 100-cü ildönümündə Türk dünyasının və Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində imzalanan eyniadlı Bəyannamə Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini hərtərəfli ehtiva edir. Tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd ediblər.

Prezident İlham Əliyev və Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Saziş Uzaq Şərqdən tutmuş, okeanın o tayına qədər bütün dünyanın qəbul etməli olduğu tarixi gerçəklikdir. Artıq regionda Bakı və Ankarasız hər hansısa bir məsələnin müzakirəsi belə mümkünsüzdür. Regionda yaranmış yeni geosiyasi konfiqurasiya Ermənistan və onun havadarlarının 200 ildir bölgədə etdiyi özbaşınalığa da son qoymuş oldu.

Bütün sahələrdə əməkdaşlığı özündə ehtiva edən Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin reallığıdır. Burada ən vacib nüanslardan biri də hərbi sahədə əməkdaşlığın müttəfiqlik müstəvisinə çıxmasıdır. Bəyannamədə deyilir ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.

Hər iki ölkənin qarşılıqlı olaraq üçüncü dövlət tərəfindən gələn təhlükəyə qarşı birgə mübarizə aparması düşmənlərimizin özünə sədd çəkən əsas amildir. Xüsusilə də bu istiqamətdə Ermənistana dəstək verən ölkələr Azərbaycana qarşı hər hansı bir təhdiddə iştirak edərlərsə, NATO-nun ikinci ən güclü ordusunu qarşılarında görəcəklər.

Qeyd olunası digər bir məqam da 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər sayəsində işğaldan azad olunmuş torpaqlarda minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyət dəstəklənəcək. Bu da öz növbəsində, "Böyük Qayıdış" prosesinin sürətlə həyata keçməsində əsas səbəblərdən biridir. Həmçinin Şuşa Bəyannaməsində regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut şaxələndirilməsini təmin edən strategiyanın həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolu vurğulanır. Sazişdə göstərilir ki, Azərbaycan və Türkiyə Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər. Habelə iki ölkənin ərazisindən keçən Şərq-Qərb və Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi də qarşıya qoyulan əsas məqsədlərdən biridir.

İkinci Qarabağ müharibəsində qazanılan qələbənin regiona gətirdiyi əsas reallıqlardan biri də Zəngəzur dəhlizidir. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr üçtərəfli Bəyanatına əsasən tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Dövlət başçısı İlham Əliyev tərəfindən geosiyasi leksikona gətirilən Zəngəzur dəhlizinin Şuşa Bəyannaməsinin müddəaları arasında yer alması mühüm məsələdir: "Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər".

Beləliklə, Şuşa Bəyannaməsinin imzalanması tarixin və zamanın tələbi olmaqla əsrlər boyu davam edən səmimi münasibətlərin bəhrəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Cümhuriyyətinin Prezidenti seçilməsi bu əməkdaşlığın davamlı olmasında əsaslı rol oynayacaq.

Musa BAĞIRLI,

"Respublika".