Şuşada “Ağıllı su
Region

Şuşada “Ağıllı su" sistemi infrastrukturu yaradılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması işləri intensiv qaydada davam etdirilir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə layihənin birinci mərhələsi çərçivəsində yeni su anbarları inşa olunur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsindən perspektiv inkişaf nəzərə alınmaqla 25 min nəfər faydalanacaq. Layihəyə əsasən şəhərin içməli su tələbatı mövcud Kiçik Kirs, Zarıslı mənbələri və 2022-ci ildə istismara verilmiş Zarıslıçay Su Anbarı hesabına ödəniləcək. Bu mənbələrdən götürülən suların toplanaraq optimal paylanması, eləcə də şəhərin su təchizatında dayanıqlığın təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib. Artıq birinci anbarın tikintisi üzrə əsas işlər yekunlaşıb və anbarın giriş-çıxış xətləri quraşdırılıb. Hazırda su anbarında izolyasiya işləri aparılır və yardımçı binaların tikintisi davam etdirilir. Ümumilikdə su anbarının inşasının cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Layihəyə əsasən, Şuşa şəhərində 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri yaradılacaq. Eyni zamanda məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli  sutəmizləyici qurğu inşa olunacaq. Şəhərdə formalaşan tullantı suların tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi də planlaşdırılır. Şuşa şəhərində yaradılan yeni infrastruktur "Ağıllı su" sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.

"Azərsu" ASC-dən bildirilir ki,  Şuşa işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Kiçik Kirs və Zarıslı mənbələrində, eləcə də magistral kəmərlərdə bərpa işləri aparılaraq 2020-ci ildə hər iki mənbədən şəhərə suyun verilməsi təmin edilib. Eyni zamanda şəhərin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası və 2,9 kilometr uzunluğunda yeni təzyiqli kəmər inşa edilib və 2022-ci ilin dekabrında yeni mənbədən şəhərə suyun verilməsi təmin edilib. Gələcəkdə Zarıslıçay Su Anbarı genişləndirilərək tutumu 7,5 milyon kubmetrə çatdırılacaq.

"Respublika".