Tapşırıq yerinə yetirildi!
Siyasət

Tapşırıq yerinə yetirildi!

Biz şanlı tarix yaşayırıq, möhtəşəm hadisələrin, millət kimi taleyimizdə mühüm dönüş yaradan qələbələrin şahidi oluruq. Tarixi torpaqlarımızı geri qaytararaq əyilən qəddimizi dikəldirik. Kədərdən, həsrətdən deyil, sevinc və fərəhdən yaşaran gözümüzün yaşını silirik.

Artıq Qarabağda baş verən hər bir hadisə bizi sevindirir. Cismən olmasa da, ruhən, mənən hamımız Qarabağdayıq. Azərbaycanımızın bütövlüyünün bərpa olunduğu, suverenliyinə qovuşduğu tarixi torpaqlarımızda. Xəyallarımızı gerçəkləşdirən isə Ali Baş Komandan və onun yenilməz Silahlı Qüvvələridir.

Bir zamanlar düşmən tapdağında inləyən torpaqlarımıza sarı boylananda üzümüzü həsrət, qüssə qarsıyırdısa,  bu gün yurda tərəf baxan baxışlarımızı uca, şanlı bayrağımız sığallayır. Uca dağlar başında dalğalanan Azərbaycan bayrağının altında hər bir Vətən oğlu özünü güvənli, qürurlu hiss edir. Qismətimizə yazılan ümummili xoşbəxtliyimiz bütün sevinclərin, xəyalların fövqündə dayanır. Yeni tarix, yeni reallıq yaşayırıq. Artıq biz Zəfər günlərini təkcə paytaxt Bakıda deyil, həm də azad Qarabağda qeyd edəcəyik.

Xoş gördük, ən yeni tarix! 15 oktyabr tarixində bütün qəzetlərdə, mətbuat orqanlarında Azərbaycan Prezidenti İlham Əliyevin 20 illik fəaliyyəti ilə bağlı yazılar yazıldı, fikirlər səsləndi, bu müddət ərzində görülən işlər yüksək qiymətləndirildi. Dövlət başçımız  isə Xocalıda, Ağdərədə, Əsgəranda, Sərsəng Su Anbarının yerləşdiyi ərazidə və Xankəndidə Azərbaycan bayrağını dalğalandırdı. Bu Azərbaycan liderinin millətinə, xalqına verdiyi sözün 20 illik hesabatı idi. Hələ illər öncə Ulu Öndər Heydər Əliyev əminliklə deyirdi ki, Azərbaycanın işğal olunmuş torpaqları  azad olacaq. Azərbaycan müstəqil dövlət kimi öz taleyinin, öz ərazisinin, öz torpaqlarının sahibi olacaq. Bəli, bu gün Xankəndidə, Xocalıda və digər işğaldan azad olunmuş ərazilərimizdə dalğalanan bayrağımız ümummili liderin vəsiyyətinin yerinə yetirilməsinin sübutudur. Xankəndidə çıxışı zamanı dövlət başçısı bunu bir daha təsdiq etdi:

"Tapşırıq yerinə yetirildi. Məruzə etdi, Ali Baş Komandan İlham Əliyev".

 Dövlət başçısı xalqı, milləti üçün nə qədər böyük bir şərəfli missiyanın yerinə yetirildiyini elan etdi. Prezident İlham Əliyevin səsində nə qədər qürur və əzəmət hiss olunurdusa, bir o qədər də qəhər, kövrəklik var idi. Bu da ondan irəli gəlirdi ki, dövlət başçısı öz sələfinin tapşırığını yerinə yetirmişdi. Bu isə tək xalqımıza, dövlətimizə deyil, həm də Ulu Öndərin ruhuna hörmət idi. Ali Baş Komandan Siz, təkcə verilən sözü yerinə yetirmədiniz, həm də bu xalqın illərlə nisgil, həsrət odundan yanıb, qovrulan ümidlərini doğrultdunuz. Milli qürur, heysiyyat və təəssübünü özünə qaytardınız.  Xalqımızın ən şərəfli, qürurlu yeni tarixini yazdınız.

Xatırladaq ki, Azərbaycan ordusu  sentyabrın 19-da Qarabağda antiterror tədbirləri keçirdi. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri təxminən 24 saat davam edən tədbirlərdən sonra silahı yerə qoyaraq təslim oldular. Bölgədə işğalçı rejim quran separatçılar özünü buraxdı. Qondarma rejimin keçmiş icra başçıları, separatçı qüvvələrin üzvləri, xalqımıza  qarşı qatı cinayətlər törətmiş ermənilər saxlanılaraq paytaxt Bakıya gətirildi. Azərbaycan qanunları ilə mühakimə olunurlar. Azərbaycan Prezidenti İlham Əliyev antiterror tədbirlərindən sonra ölkənin suverenliyinin tam təmin olunduğunu bəyan etdi.

Oktyabr ayının 15-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində bayrağımızı ucaldaraq demişdir: "Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi".

Bu gün şanlı bayrağımız Azərbaycan xalqının qürur və qəhrəmanlıq simvolu kimi Xankəndi ilə yanaşı Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda dalğalanır. Bununla da Ali Baş Komandan sübut etdi ki, Azərbaycan xalqı yenilməz və qəhrəman xalqdır. Qəhrəmanlar isə tarixdə yeni reallıqlar yaratmaqla iz qoyurlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərinə səfərində separatçıların "prezident sarayı" kimi istifadə etdiyi binaya baxış keçirdiyi zaman "böyük Ermənistan xəritəsi"nə rast gələrkən dediyi sözlər isə Ermənistanın əsl simasını, xislətini göstərdi. Prezidentin həmin xəritəyə reaksiyası da özünəxas oldu. "Bunların xəstəliyi bax, budur - dırnaqarası böyük Ermənistan. Onu bədbəxt edən bax, budur".

Ramidə YAQUBQIZI,

"Respublika".