Tarixi ədalət bərpa olundu
Digər xəbərlər

Tarixi ədalət bərpa olundu

"Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır". Bunu Müdafiə Nazirliyi ötən gün yaydığı məlumatda bildirib. Nazirlik qeyd edib ki, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Təəssüf ki, bir sıra xarici anti-Azərbaycan qüvvələr dünya ictimaiyyətinə bunun əksini çatdırmağa çalışır. Lakin tarix də sübut edir ki, Azərbaycan daim sərhədləri daxilində yaşayan azlıqlara öz vətəndaşları ilə eyni hüquqları verib. Belə ki, 1926-cı ilin ümumittifaq siyahıyaalınmasının yekunlarınına görə, Azərbaycanda məskunlaşan xalqların sayı 95, 1989-cu ildə SSRİ-də aparılan sonuncu ümumittifaq əhali siyahıyaalınmasına əsasən isə 115-ə çatıb. 1999-cu ildə keçirilən müstəqil Azərbaycan Respublikası əhalisinin ilk milli siyahıyaalınmasına görə, ölkə əhalisinin milli tərkibi azərbaycanlılarla yanaşı, onlarla digər millət və xalqlardan ibarət olub. Təkcə 2009-cu ildə Azərbaycan əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edib. Buraya yəhudilər, talışlar, avarlar, tatlar və başqaları aiddir.

Ölkəmizdə milli azlıqların öz məktəbləri, mədəniyyət mərkəzləri ilə yanaşı, həm də çoxsaylı kütləvi informasiya vasitələri fəaliyyət göstərir. Bununla yanaşı, 40-dan çox qeyri-hökumət təşkilatı, xeyriyyə cəmiyyətləri, ictimai birliklər var. Bu isə ölkəmizin nə qədər tolerant və xoşniyyətli olduğunun göstəricisidir. Ölkəmizdə dövlət tərəfindən multikulturalizmin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi istiqamətində mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan olunub. Bu münasibətlə respublikamızda çoxsaylı tədbirlər təşkil edilib. Ənənəvi xarakter alan  festivallar, konfranslar, sərgilər də insanların birgəyaşayışının təbliği baxımından böyük əhəmiyyət daşıyır. Ölkəmizin bir neçə dəfə ev sahibliyi etdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın tolerant ölkə olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan qədim dövrlərdən müxtəlif mədəniyyətlərin bir ailə kimi birləşdiyi məkan kimi tanınıb. Ulu öndər Heydər Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, hər bir ölkə nə qədər müxtəlif mədəniyyətləri özündə birləşdirsə, bir o qədər zəngindir. Çünki hər bir xalq dünya mədəniyyətinə öz töhfəsini verir.

Azərbaycan din, irq, cins və millət fərqi qoymadan bütün vətəndaşlara eyni haqq və hüquqları təklif edir. Tək şərt isə ölkəmizdə yaşayan azlıqların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq yaşamasıdır. Bu barədə  Prezident İlham Əliyev deyib: "Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib".

Qarabağ bölgəsində və ümumiyyətlə Ermənistanda yaşayan vətəndaşlardan ölkəmizlə müsbət münasibətlər qurmaq istəyənlər var. Lakin bölgədə mövcud olan bir sıra separatçı qüvvələr əhalini qorxudurlar. Yayılan məlumatlara əsasən, terrorçular erməni əhalisini zor tətbiq edərək silahlanmağa məcbur edirdilər. Lakin həmin insanlar nəinki silahlanmaq, heç tarixən birgə yaşadıqları insanlara zərər belə vermək istəmirlər. Sosial şəbəkələrdə əsasən gənclərdən ibarət qruplar azərbaycanlılarla əmin-amanlıq içərisində yaşamaq istədiklərini daim bildirirlər. Şübhəsiz ki,  bu, münasibətlərin qurulmasında müsbət impulsdur.

Töhfə SƏMƏDOVA,

"Respublika".