Tarixi ədalət xalqımızın iradəsi, dövlətimizin gücü sayəsindəbərqərar olacaq
MÜSAHİBƏLƏR

Tarixi ədalət xalqımızın iradəsi, dövlətimizin gücü sayəsindəbərqərar olacaq

Bəşər tarixində bəlkə də azərbaycanlılar qədər məhrumiyyətlərə, deportasiyalara məruz qalan, tarixi torpaqları qəsb edilən, mədəni və dini abidələri dağıdılan, qaçqın və köçkün həyatı yaşamaq məcburiyyətində qalan ikinci xalq yoxdur.

Təkcə Qərbi Azərbaycandan olan soydaşlarımızın 100 il ərzində bir neçə dəfə deportasiyaya məruz qalmaları, öz vətənlərindən, ev-eşiklərindən didərgin düşmələri, soyqırımına məruz qalmaları tarixi Azərbaycan torpaqlarında məskunlaşan ermənilərin məkrli, xəyanətkar və xalqımıza qarşı nifrət üzərində köklənmiş ultramillətçi dünyagörüşlərinin və bu aqressiv, qaniçən düşüncə tərzindən öz geosiyasi məqsədləri üçün yararlanmağa çalışan ayrı-ayrı imperialist güc mərkəzlərinin "parçala, hökm sür" siyasətlərinin nəticəsidir.

İndi Qərbi Azərbaycan İcmasının yerləşdiyi binada vaxtilə Qarabağın azərbaycanlı icması yerləşirdi. Ordumuzun zəfərindən sonra və işğaldan azad edilən yaşayış məntəqələrimizdə həyata keçirilən quruculuq-bərpa işlərinin gedişatına uyğun olaraq, Qarabağdan və Şərqi Zəngəzurdan olan həmvətənlərimiz öz doğma yurd yerlərinə qayıdırlar. Şübhə etmirəm ki, Qərbi Azərbaycandan olan soydaşlarımız da öz tarixi vətənlərinə qayıdacaq və hazırda onların yerləşdiyi bina bu qayıdışı somvolizə edən məkanlardan birinə çevriləcək.

Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdəki nitqində qeyd etdi ki, bu qayıdışı əsaslandıran məqamlardan biri də xalqımızın tarixi yaddaşıdır. Azərbaycan xalqı öz torpağına, yurduna qanı ilə, canı ilə bağlıdır. Nəsillər dəyişsə də, xalqın tarixi yaddaşı dəyişmir, genetik yaddaşla nəsildən-nəsilə ötürülür. Bu, bizim bir xalq olaraq, Vətən sevgimizin nə qədər dərin, möhkəm tarixi bağlara sahib olduğunun göstəricidir. Vətənə, torpağa isə yalnız onun əsl sahibləri bu qədər böyük məhəbbətlə bağlı ola bilərlər.      

Azər Kərimli,

Milli Məclisin deputatı.