Təbii sərvətlərlə zəngin diyarımız Ağdərə
Region

Təbii sərvətlərlə zəngin diyarımız Ağdərə

Ağdərə şəhəri vaxtilə sahəsi 1705 kvadratkilometr, əhalisi 44.4 min nəfər təşkil etmiş qədim tarixi torpaqlarımızdandır. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək ərazisi Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür.

Qarabağdakı bir çox ərazilər kimi, Ağdərə də 90-cı illərdə erməni hərbçiləri tərəfindən işğal edilmişdir. Ağdərədə bir çox tarixi abidə yerləşir. Yamyaşıl yaylaqların, uca dağların qoynunda yerləşən Ağdərə məhz bu abidələri ilə seçilir. Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il) bunun əyani nümunəsidir. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı hissəsində yerləşən məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər təəssüf ki, mənfur düşmən tərəfindən dağıdılıb.

Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan Ağdərə faydalı qazıntılarla - polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. İşğal altına düşməzdən əvvəl mühüm kənd təsərrüfatı rayonlarından idi, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. Ağdərə yataqlarındakı filizlərin tərkibində asan saflaşan və sənaye əhəmiyyətli sink, qurğuşun və digər qiymətli metallar da mövcud idi. Əsas çayları Tərtər çayı və Xaçınçaydır. Tərtər çayı dərəsi boyunca Azərbaycanı yuxarı və aşağı Qarabağla birləşdirən karvan və avtomobil yolları olub.

Erməni hərbi birləşmələri tərəfindən işğal edilən Ağdərə rayonu 30 il ərzində Qarabağdakı xunta rejiminin nəzarətində qaldı. Ermənistan Respublikası uzun illər bu torpaqlarda təbii sərvətləri talan edib, gözəl guşələri, tarixi abidələri yerlə-yeksan edib. Tərtər çayı üzərində salınmış Sərsəng su anbarı isə ermənilərin ekoloji terroruna məruz qalıb. Yaranmış vəziyyətlə bağlı ciddi narahatlıq Avropa Şurası Parlament Assambleyasının 2085 saylı qətnaməsində də öz əksini tapıb. Qəbul edilən qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması "ekoloji təcavüz" kimi qiymətləndirilib, ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilib, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanıb.

2020-ci ilin sentyabrından başlayan əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun Ağdərə istiqamətində əvvəlcə düşmənin Suqovuşan ətrafındakı hakim yüksəklikləri və Murov yüksəkliyini, ardınca Suqovuşan və Talış kəndlərini azad etməsi Vardenis-Ağdərə yolunu ələ keçirməyə, Zod-Kəlbəcər magistralını və ətraf əraziləri isə nəzarətdə saxlamağa imkan verib. Təbii ki, sərt dağlıq ərazilərdə hücum əməliyyatları aparmaq hissə və bölmələrdən, hətta hər bir əsgərdən xüsusi fiziki hazırlıq tələb edirdi. Rəşadətli Azərbaycan ordusunun şücaəti nəticəsində digər yerlərlə bərabər Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik azad edilib. Nəhayət, 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə ölkəmizin nəzarətinə qaytarılıb. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb. Bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesi başa çatıb.

Prezident İlham Əliyev son 3 ildə işğaldan azad edilmiş ərazilərin bərpasını prioritet vəzifə kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl tədbirlər davam etdirilir. Ölkə başçımız Ağdərə rayonunun yaradılması ilə bağlı Milli Məclisə qanun layihəsi göndərib. Qanun layihəsində rayonun inzibati mərkəzinin Ağdərə şəhəri olacağı qeyd edilib. Layihəyə əsasən Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə verilir. Bundan başqa, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuş və torpaqları Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi yenidən təşkil olunur. Başdan-başa təbii sərvətlərlə zəngin olan Ağdərə şəhəri keçmiş günlərinə qayıdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".