“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”nin reallaşdırılması mühüm vəzifədir
Ekologiya

“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”nin reallaşdırılması mühüm vəzifədir

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar respublikamızda bütün sahələr üzrə inkişafın davamlılığını təmin edib, sürətli tərəqqi yolunda inamla irəliləyən Azərbaycan inkişaf etməkdə olan ölkələr səviyyəsinə yüksəlib. Sosial-iqtisadi islahatlar makroiqtisadi sabitliyə, artım tempinin dinamikliyinə əsaslı zəmin yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırıb. İqtisadi cəhətdən yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmiz regionda rifahın, sabitliyin təmin olunmasına, qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına, bütün sahələrdə əlaqələrin dərinləşməsinə mühüm töhfələr verir. Ərazi bütövlüyünü və suverenliyini bərpa edən, Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan regionun ümumi mənzərəsini dəyişib.

Ölkə başçısının müəyyənləşdirdiyi inkişaf strategiyası əsasında qazanılmış nailiyyətlər Şərqlə Qərb arasında mühüm strateji əhəmiyyətə malik olan dövlətimizin iqtisadi əsaslarının daha da möhkəmlənməsinə, cəmiyyət həyatının müasir standartlara cavab verən səviyyəyə yüksəlməsinə geniş imkanlar yaradır. Bu, 2030-cu ilə qədər ölkəmizin hərtərəfli inkişafını, dayanıqlı iqtisadi artımın sürətlənməsini və işğaldan azad olunmuş ərazilərə qayıdışı əhatə edir. Ölkə əhalisinin rifahının yaxşılaşdırılması, özəl sektorun innovativ əsaslarla inkişaf etdirilməsi hədəflər arasında mühüm yer tutur və uzunmüddətli iqtisadi tərəqqinin təmin olunmasına xidmət edir. Yaxın onillikdə ölkənin sosial-iqtisadi inkişafında nəzərdə tutulan - dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış kimi prioritetlərdən biri də təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinin reallaşdırılmasıdır.

Bu gün qloballaşan dünyada böyük iqlim dəyişiklikliyinin baş verməsi fonunda ölkəmizdə ekoloji təmiz texnologiyaların tətbiqi, bərpaolunan enerji mənbələrindən istifadə, sənaye istehsalında tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi istiqamətində əhəmiyyətli iş aparılır. Eyni zamanda ətraf mühitin qorunması, yaşıllıq sahələrinin artırılması, respublikamızın su ehtiyatlarından və bərpaolunan enerji mənbələrindən səmərəli istifadənin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu çərçivədə yüksək keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının yaradılması vacib şərt kimi çıxış edir.

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə ölkə başçımız 30 illik erməni işğalından azad edilmiş torpaqlarda böyük enerji potensialının olduğunu qeyd etmişdir: "Bəri başdan demək istəyirəm ki, mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim... Bütün bu bölgə dünya üçün "yaşıl enerji" zonası kimi bir nümunə olacaq. Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, - mən buna şübhə etmirəm, - həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. Eyni zamanda ən müasir texnologiyalar tətbiq edilməlidir, iqtisadi cəhətdən ən sərfəli texnologiyalar, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji - su, külək, günəş. Nəzərə alsaq ki, bərpaolunan enerji növlərinə çox böyük maraq var və keçən il müzakirə olunan layihələr artıq reallaşır".

Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi istiqamətində həyata keçirilən irimiqyaslı layihələr iqtisadi gücümüzü artırmaqla Böyük Qayıdış çərçivəsində görülən işləri daha da intensivləşdirir. Belə ki, ölkə başçısının "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" müvafiq sərəncamına uyğun olaraq respublikamızın bütün bölgələrində, əsasən də işğaldan azad olunmuş ərazilərdə bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Artıq 10 min kvadratkilometr ərazi "yaşıl enerji" zonası elan olunub, 240 meqavat gücündə külək, 200 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi aparılır. Qeyd edək ki, "yaşıl enerji" zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurun külək enerjisi potensialı təxminən 7200 meqavat, günəş enerjisi potensialı isə 2000 meqavatdan çoxdur. Xarici investorlar azad olunmuş torpaqlarda bu istiqamətdə irimiqyaslı layihələrin reallaşdırılmasına böyük maraq göstərirlər.

Bu gün öz enerji təhlükəsizliyini tamamilə təmin edən Azərbaycan bərpaolunan enerji potensialı hesabına enerji ixracını şaxələndirməklə bərpaolunan enerji mərkəzlərindən birinə çevrilmək istiqamətində mühüm layihələr reallaşdırır. Belə ki, quruda 27 qiqavatlıq, işğaldan azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisinə, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisinə sahib olan ölkəmiz yeni ixrac marşrutlarını təyin etmək niyyətindədir. Ölkəmizin beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ümumilikdə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradır ki, bu da təbii resurslardan səmərəli istifadənin təmin olunması ilə ekoloji mühitin qorunmasına imkan verir.

Azərbaycan Prezidentinin təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinın reallaşdırılması istiqamətində apardığı ekoloji siyasət iqtisadi artımla ekoloji mühit arasında tarazlığı, ölkə ərazisində yararsız torpaq sahələrinin dövriyyəyə cəlb edilməsini, həmçinin respublikanın keyfiyyətli suya tələbatının su resurslarından səmərəli istifadə ilə ödənilməsini, yaşıl texnologiyanın tətbiqinin genişləndirilməsini əhatə edir. Eyni zamanda iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin payını artırmaqla iqlim dəyişikliklərinə təsirin azaldılması əsas amildir.

2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi, həmçinin bu müddət ərzində elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasının, 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasının hədəf kimi qarşıya qoyulması Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarına qarşı kəskin mübarizə apardığının təsdiqidir. Bütün bunlar Prezident İlham Əliyevin 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında imzaladığı Sərəncamda bir daha öz əksini tapır.

Mehparə ƏLİYEVA,

"Respublika".