Tərəflərin Konfransı (COP) və onun əhəmiyyəti
Ekologiya

Tərəflərin Konfransı (COP) və onun əhəmiyyəti

BMT-nin İqlim Dəyişmələrilə bağlı Çərçivə Konvensiyası (İDÇK), atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləşdirməklə "insanların iqlim sisteminə təhlükəli müdaxiləsi" ilə mübarizə aparmaq üçün ölkələr arasında beynəlxalq müqavilədir.

Bu müqavilə 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında 154 dövlət tərəfindən imzalanıb. Müqavilənin məqsədi ekosistemlərin iqlim dəyişmələrinə təbii şəkildə uyğunlaşmasına, qida istehsalının gücləndirilməsini təmin etməyə, iqtisadi inkişafın təmin edilməsinə imkan verən davamlı elmi araşdırma, müntəzəm görüş, danışıqların aparılmasına və sazişlərin imzalanmasına nail olmaqdır.

İDÇK çərçivəsində iki əhəmiyyətli protokol qəbul olunub: 1997-ci ildə imzalanmış və 2005-2020-ci illəri əhatə edən Kioto Protokolu və 2016-cı ildə qüvvəyə minən Paris Sazişi. Bu protokollar istixana qazlarının emissiyasını azaltmaq üçün daha konkret və məcburi hədəflər və tədbirlər müəyyən edir.

İDÇK-nin ali qərar qəbuledici orqanı olan Tərəflər Konfransı (COP) iqlim dəyişmələri ilə mübarizədə irəliləyişi qiymətləndirmək üçün hər il toplanır. 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün tarixi görüş hesab olunur.

Qeyd edək ki, Tərəflər Konfransı (COP) bu gün Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), Kioto Protokolunun (KP) və Paris Sazişinin (PA) müddəalarını həyata keçirmək üçün ölkələr arasında danışıqlar prosesində ən yüksək orqandır. COP29-un Azərbaycanda keçirilməsi həm ölkə, həm də bütün dünya üçün böyük əhəmiyyət kəsb edir.

Beynəlxalq nüfuzun artırılmasını təmin edən COP29 ölkəmizdə keçiriləcək ən böyük beynəlxalq tədbirlərdən biri olacaq. Bu tədbir dünyanın diqqətini Azərbaycana cəlb edəcək və onun davamlı inkişaf prinsiplərinə bağlılığını nümayiş etdirəcək.

İqlim dəyişmələri ilə mübarizədə ölkəmizin sadiqliyini nümayiş etdirəcək və yaşıl texnologiyalara investisiya cəlb etmək üçün bir fürsət olacaq.

Yaşıl iqtisadiyyatın inkişafının stimullaşdırılmasında COP29 Azərbaycanda yaşıl texnologiyaların və investisiyaların inkişafı üçün yeni stimul olacaq. Yeni biznes imkanları və iş yerləri yaradılacaq. İqlim dəyişmələri məsələləri ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılması da diqqət mərkəzindədir. Tədbir iqlim dəyişmələri problemləri haqqında ictimaiyyətin məlumatlılığının artırılmasına kömək edəcək və insanların ətraf mühitin mühafizəsi istiqamətindəki fəaliyyətində iştirakını təşviq edəcək.

İqlim dəyişmələri üzrə qlobal əməkdaşlığın təşviqi fonunda COP29 dünya ölkələri arasında dialoq üçün platforma olacaq və qlobal problemin həll yollarını tapmağa kömək edəcək.

Eyni zamanda COP29 ölkəyə çoxlu sayda turist cəlb edəcək ki, bu da turizm sənayesinin inkişafına təsirsiz qalmayacaq, iqtisadiyyatın müxtəlif sektorlarında yeni iş yerləri yaradılacaq.

Azərbaycanın planetin gələcəyini düşünən məsuliyyətli ölkə olduğunu dünyaya nümayiş etdirəcək.

COP29 davamlı gələcəyə doğru mühüm addımdır. Onun Azərbaycanda keçirilməsi ölkənin qlobal iqlim dəyişmələri problemlərinin həllinə mühüm töhfə olacaq. Bütövlükdə, COP29 -un Azərbaycanda keçirilməsi həm ölkə, həm də dünya üçün bir çox müsbət nəticələr verəcək.

Gülşən AXUNDOVA,

Qadın, İnkişaf, Gələcək

İctimai Birliyinin sədri.