Təsərrüfatlara dəymiş zərər müəyyənləşdirilir
Digər xəbərlər

Təsərrüfatlara dəymiş zərər müəyyənləşdirilir

Son günlər respublika ərazisində havaların qeyri-sabit keçməsi nəticəsində kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı Aqrar Sığorta Fonduna daxil olan müraciətlərin sayı artıb.

Bölgələrdə yağan leysan yağışları, sel-subasma, güclü külək, dolu hadisələri nəticəsində fermer təsərrüfatlarına ciddi ziyan dəyib. Ötən dövr ərzində əsasən Ağdam rayonu ərazisində buğda, arpa, pambıq sahələrinə dolu düşməsi, güclü küləyin ağacları sahələrə aşırması ilə bağlı məlumat verilib. Təbiət hadisələrindən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboy, Şabran, Şəki, Qax, Cəlilabad rayonlarının fermerləri də zərər çəkib. Güclü külək, leysan, subasma, dolu düşməsi nəticəsində xeyli sayda təsərrüfata ziyan dəyib.

Hazırda Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə 400 min  hektar əkin ərazisi sığortalanıb. Fonddan verilən məlumata görə, baş verən hadisələrlə bağlı müstəqil aqrar sığorta ekspertləri bölgələrə ezam olunublar. Hazırda dəymiş zərərin qiymətləndirilməsi prosesi davam edir. Payızlıq və yazlıq əkinlərin biçin dövrü olduğu üçün öncədən zərər görmüş əkin sahələrində də yekun qiymətləndirmə aparılır. Bu proses yekunlaşdıqdan sonra fermerlərə dəymiş zərərlər ödəniləcək.  Qeyd edək ki, fermerlərə dəymiş zərərin yarısı dövlət vəsaiti hesabına ödənir.

Nəriman  CAVADOV,

"Respublika".