Bəzi media qurumları qeyri-obyektivlik nümayiş etdirir
Digər xəbərlər

Bəzi media qurumları qeyri-obyektivlik nümayiş etdirir

Media qurumları üçün obyektiv, tərəfsiz və doğru xəbər hazırlamaq böyük əhəmiyyət daşıyır. Ancaq bəzən xarici mətbuat orqanlarında jurnalist etikasına zidd xəbərlərin yayıldığını görürük. Ölkəmizin əleyhinə yazılan məqalələrdə obyektivlik və tərəfsizlik kimi prinsiplərin kobud şəkildə pozulmasının şahidi oluruq. Bu kimi sifarişli məqalələr Azərbaycanın beynəlxalq ictimaiyyətdəki nüfuzunu zədələməyi hədəf alır. Lakin rəsmi dövlət qurumları, həmçinin Prezident İlham Əliyev tərəfindən yalan iddialara, əsassız ittihamlara operativ cavab verilir.

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin noyabrında "BBC" telekanalı ilə 3 milyondan çox izlənmə alan müsahibəsində jurnalistin "senzura" və "müxalifətin sıxışdırılması" kimi yalan ittihamlarına, Qərb təbliğatına və ikili standartlara açıq-aydın cavablar verib. Həmçinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz rəsmi sosial media hesabında paylaşım edib: "Pullar danışır" seriyasından! Göründüyü kimi, Avropanın ən dəhşətli, qanlı və cinayətkar separatçı qurumu olan qondarma "Dağlıq Qarabağ respublikası"nın "yubileyi" ərəfəsində Ermənistan hökumətinin və erməni lobbi qruplarının göstərişi ilə yeni dramatik dezinformasiya və manipulyasiya kampaniyasına start verilib. Biabırçılıq da olsa, ən azından NATO-nun keçmiş baş katibi təbliğat kampaniyasına görə Ermənistan hökuməti tərəfindən pul aldığını inkar etmir... Bəzi siyasətçilər riyakarlıqla dünyanı "yaxşı və pis separatçılar və cinayətkarlar"a bölürlər. Köhnə vərdişlərdən vaz keçmək çətindir!". Hikmət Hacıyev bildirib ki, narahat edən məqam odur ki, "BBC" öz Nizamnaməsində "bütün materiallarında lazımi qərəzsizliyə nail olmağa sadiq olduğunu, bu öhdəliyin reputasiyaları, dəyərləri və tamaşaçıların etimadı üçün əsas" olduğunu bildirsə də, birtərəfli və qərəzli aqressiv manipulyasiya və yalan təbliği ilə məşğuldur, o cümlədən "Kontekst" proqramında. "BBC" bütün səslər, xüsusən də həssas mövzular üçün platforma rolunu oynamalıdır.

"BBC" Yayım Korporasiyasının Qarabağla bağlı hazırladığı "Context" verilişində iki erməni Qarabağdakı hadisələrlə bağlı danışıb. Qərəzli müsahibədə danışan ermənilərdən biri musiqiçi Serj Tankiyan, digəri isə Artak Beqlaryandır. Başlıqda "Qarabağda humanitar böhran" yazılması Azərbaycan əleyhinə aparılan təbliğatın sübutudur. Azərbaycan Qızıl Aypara Cəmiyyəti əraziyə 40 tonluq un məhsullarından ibarət TIR göndərib. Bölgədə heç bir humanitar böhrandan söz gedə bilməz. Həmçinin verilişdə Azərbaycan tərəfinin mövqeyinin bildirilməməsi da başqa bir provokasiyadır.

"Nyu-York Tayms"da Nikolas Kristofun Laçın yolu ətrafında ermənilərin yaratdıqları siyasi şouya dair yazdığı material isə başqa bir məsələdir. Burada deyilir ki, Qarabağda etnik təmizləmə baş verə bilər. İki Pulitzer mükafatı laureatı, CNN-in daimi müəllifi və "Nyu-York Tayms"ın köşə yazarı olan etnik polyak müəllifin məqaləsinin qeyri-peşəkarlıq səbəbindən bu cür olduğunu düşünmək absurd olar.

"BBC", "Teleqraf" və "Nyu-York Tayms" kimi nəhəng mətbuat orqanlarının Azərbaycan haqqında yazdığı məqalələrin qərəzli mövqeyi müxtəlif suallar yaradır. "BBC" dünyanın sayılı xəbər mənbələrindən biri kimi tanınır və geniş oxucu auditoriyasına sahibdir. Lakin "BBC"nin Azərbaycan haqqında məqalələri qərəzsizlik prinsipinə ziddir.

Beynəlxalq mətbuat orqanları müstəqil jurnalistika və tərəfsizlik prinsiplərinə sadiq qalmalıdır. Bu kimi sifariş edilmiş məqalələr ictimaiyyətin fikirlərinə mənfi təsir göstərir və insanların düzgün mühakimə aparmasına mane olur. Belə yazılar yazmaqla Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək istəyənlər düşünməlidirlər ki, obyektivliyi və tərəfsizliyi pozmaqla özlərinə olan etimadı itirirlər.

Nurcan SÜLEYMANOVA,

"Respublika".