Texnologiya sahəsində yeni perspektivlər açan festival
Siyasət

Texnologiya sahəsində yeni perspektivlər açan festival

Miqyasına görə dünyanın ən əhəmiyyətli texnologiya, aviasiya və kosmik sənaye festivalı "TEKNOFEST" 2023-cü il aprelin 29-da öz işinə başlayıb və 4 gün davam edib. Aviasiya, Kosmos və Texnologiya Festivalı ilk dəfə 2018-ci ildə İstanbulda keçirilib.

Festivalda təxminən 550 min insan iştirak edib, ümumilikdə 14 texnologiya müsabiqəsi uğurla baş tutub. Tədbir növbəti il İstanbulda, 2020-ci ildə Qaziantepdə, 2021-ci ildə isə yenidən İstanbulda keçirilib.

Bu mötəbər festival Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və "Baykar Makina" şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiyə Teknoloji Takım Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə gerçəkləşdirilir. Milli texnologiyaların təbliği, insanların bu sahədə maarifləndirilməsi məqsədi daşıyan "TEKNOFEST" tədbirləri zamanı müxtəlif seminarlar, texnologiya yarışmaları, yerli texnologiya sərgiləri və beynəlxalq sahibkarlıq sammiti keçirilir. Festivalın ən əyləncəli tərəflərindən biri həm yerli, həm də beynəlxalq təşkilatların hava şoularının baş tutmasıdır. Gələcəkdə festivalın bütün dünyada təşkil olunması nəzərdə tutulur.

Müxtəlif ölkələr tərəfindən də böyük maraqla qarşılanan festival ilk dəfə Türkiyədən kənarda 2022-ci ildə Odlar yurdunda baş tutub. Tədbirin 28 May - Azərbaycan Respublikasının Müstəqillik Gününə təsadüf etməsi iki ölkə arasındakı münasibətlərin sarsılmazlığının göstəricisidir. Layiqli formada ev sahibliyi etməyimiz dövlətimizin təkcə neft sektorunda deyil, həm də texnologiyanın inkişafına da maraqlı olduğumuzu sübut edir. Bundan başqa, "TEKNOFEST" Azərbaycan və Türkiyənin birliyi, həmrəyliyi və qarşılıqlı əməkdaşlığının zirvəsi hesab olunur. Festival illərdən bəri siyasət, iqtisadiyyat, hərbi sənaye, sahibkarlıq sahələrində davamlı əməkdaşlıq nümayiş etdirən Azərbaycan və Türkiyənin elm, təhsil və texnologiya sahəsində də işbirliyində yeni perspektivlər açır. Sözsüz ki, "TEKNOFEST" - Azərbaycan və Türkiyə birliyinin müasir inkişafdakı yerini və geniş imkanlarını nümayiş etdirən böyük hadisədir. Qeyd edək ki, "TEKNOFEST Azərbaycan" bir sıra komponentlər üzrə təşkil olunub. Bunlara texnologiya müsabiqələri, "Take off Baku" startap sammiti, "Smart Qarabağ" Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, "Rocket League" və "TEKKEN" oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları daxildir.

2023-cü ildə İstanbulda baş tutan tədbirin mötəbər qonağı olan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan "Togg" avtomobili ilə festivalın keçirildiyi məkana gəlməsi də bu mənada xüsusi əhəmiyyət kəsb edir. Festivalda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir: "Bir il öncə "TEKNOFEST" Bakıda keçirilmişdir və əziz qardaşımla bərabər biz "TEKNOFEST"də iştirak etmişdik. Bu gün mən buradayam. Bu bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədirlər. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir. Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçib. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında söz sahibinə çevrilib, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi üçün də çox böyük rol oynayır. Keçən ay Ankarada keçirilmiş Türk dövlətlərinin Zirvə toplantısında da bütün Türk dövlətləri əziz qardaşıma öz dəstəyini, hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir".

Bu mötəbər festival Azərbaycan və Türkiyənin qardaşlığının, müttəfiqliyinin təsdiqi ilə yanaşı, hər iki ölkənin gənclər siyasətinə, elmi tərəqqiyə verdiyi önəmin təzahürüdür. Belə tədbirlər gələcəyimizin memarları olacaq gənclərin ölkə tərəqqisinə, iqtisadi, elmi, texnoloji inkişafa təkan verəcək amillərdir.

Töhfə SƏMƏDOVA,

"Respublika".