Türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verilir
Siyasət

Türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verilir

Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələri, həmçinin türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verməsi bu gün öz nəticəsini göstərir. Son illər Prezidentin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb.

Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıq iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.

Hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. İkitərəfli əlaqələrin inkişafı bu gün strateji tərəfdaşlıq istiqamətində də iki ölkənin birgə addımlamasına səbəb olub. Sıx münasibətlər ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi yüksək qiymətləndirilməlidir. Bu addım ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevrilib. Onu da qeyd edim ki, iki ölkə arasındakı münasibətlər digər sahələrdə də genişlənir.

Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Əminliklə demək olar ki, ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ-hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu baxımdan iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi bizim gələcək pespektivdə daha da böyük uğurlara imza atacağımızdan xəbər verir.    

Vüqar İSKƏNDƏROV,

Milli Məclisin deputatı.