Türkiyə Ali Məhkəməsinin sədri: Xankəndidə Azərbaycan bayrağının dalğalandırılması türk xalqında böyük qürur və fərəh doğurdu
Siyasət

Türkiyə Ali Məhkəməsinin sədri: Xankəndidə Azərbaycan bayrağının dalğalandırılması türk xalqında böyük qürur və fərəh doğurdu

Bu gün Şuşada keçirilən "Ədalət mühakiməsi və informasiya texnologiyaları: müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans türk dövlətləri arasında hüquq istiqamətində lazımi irəliləyişə nail olmağımız baxımından önəmli tədbirdir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ədalət mühakiməsi və informasiya texnologiyaları: müasir çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfrans zamanı Türkiyə Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarca deyib.

"Bu gün burada olmaqdan çox xoşbəxtik və qürur duyuruq. Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını dalğalandırması Türkiyədə, türk xalqında böyük həyəcan, qürur və fərəh doğurdu. Başda Qarabağın işğaldan azad edilməsində böyük əməyi olan Prezident İlham Əliyev olmaqla, bütün azərbaycanlı qardaşlarımızı, qazilərimizi təbrik edir, bu yolda canlarını qurban vermiş şəhidləri ehtiramla yad edirik", - deyə Mehmet Akarca bildirib.

O qeyd edib ki, konfrans zamanı Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının qurulması təşəbbüsü irəli sürüldü, eyni zamanda, təcrübə mübadiləsi və görüləcək işlərlə bağlı hədəflər müəyyən olundu: "Bununla bağlı olaraq bizim hüquq qurumlarımız arasında çox inkişaf etmiş əlaqələrimiz var. Bu anlaşma ilə biz bu əməkdaşlığı daha yüksək səviyyəyə qaldıra bildik".