Türkiyə regionda sülhsevərliyi ilə seçilir
Siyasət

Türkiyə regionda sülhsevərliyi ilə seçilir

Son dövrlər istər yerli, istərsə də xarici mediada üçüncü dünya müharibəsi təhlükəsi ilə bağlı təhlillərə və siyasi yazılara daha çox təsadüf olunur. Yeni müharibə ilə bağlı müxtəlif ssenarilər, variantlar da ortaya atılır. Bu gün Şərqi Avropa və Yaxın Şərqdəki münaqişələr də müharibə ehtimalını daha da artırır. Buna əsas səbəb isə üçüncü tərəflərin proseslərə müdaxilə cəhdidir. Məsələn, Şərqi Avropada Rusiya ilə Ukrayna, Yaxın Şərqdə isə HƏMAS-la İsrail arasında müharibə davam edir. ABŞ, Fransa kimi digər oyunçular isə öz maraqları naminə gedişata təsir etməyə çalışırlar. Adıçəkilən ölkələr pərdəarxası "dirijorluq"la məşğul olsalar da, həmin aktorların prosesə birbaşa təsiri qaçılmazdır. Rusiya-Ukrayna müharibəsi başlayanda rəsmi Kiyevə dəstək verən Vaşinqton indi bu yoldan dönmək üzrədir. Hadisələrin eynisinin Yaxın Şərqdə təkrarlanması da ehtimallar arasındadır. Bu isə gələcəkdə Üçüncü Dünya müharibəsinin reallaşmasına zəmin yaradır.

Bu gün Azərbaycanla yanaşı, qardaş Türkiyə də proseslərə sülhsevər yanaşması ilə seçilir. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Karadeniz Texniki Universitetinin yeni tədris ilinin açılışında çıxışı zamanı mümkün müharibə barədə bildirib ki, dünyada mühüm hadisələr baş verir, ciddi böhranlar yaşanır. N.Kurtulmuş çıxışında üçüncü dünya müharibəsinin qarşısının alınmasının vacibliyini vurğulayıb. İlk olaraq qeyd etmək lazımdır ki, rəsmi Ankaranın davam edən müharibələrlə bağlı mövqeyi ABŞ-dan fərqlənir. Başqa sözlə, qardaş ölkə mövcud münaqişələrin sonlandırılması istiqamətində mühüm addımlar atır. Bunu Türkiyənin Şərqi Avropadakı mövcud vəziyyətlə bağlı mövqeyi də bir daha təsdiqləyir. Qardaş ölkə müharibə başlayandan bəri Kiyev və Moskva ilə danışıqlar apararaq ölkələri münaqişəni dialoqlarla həll etməyə səsləyir. Ümumiyyətlə, Cənubi Qafqazda "suların durulmasında" Ankaranın rolu əvəzolunmazdır.

Türkiyə bu gün regionun aparıcı dövlətlərindən biri kimi bəşəriyyəti narahat edən növbəti dünya müharibəsinin qarşısını almaq iqtidarındadır. Çünki Ankara Qərb ölkələri kimi qlobal qütbləşmə prosesində iştirak etmir. Əksinə, qardaş ölkə böyük güclərin hər biri, o cümlədən Rusiya, ABŞ, Fransa ilə münasibətlərini davam etdirir, balanslı siyasət yürüdür. Türkiyənin uğurlu xarici siyasət kursu ölkənin beynəlxalq vasitəçilik missiyasına da zəmin yaradır. Türkiyənin dünyada sülh və sabitliyin bərqərar olunmasına çalışması Rəcəb Tayyib Ərdoğanın oktyabrın 29-da NATO Baş katibi Yens Stoltenberqlə telefon danışığı bir daha təsdiqləyir. Belə ki, telefon danışığı zamanı tərəflər Qəzzada son vəziyyəti, insan haqlarının pozulmasının qarşısını almaq üçün görüləcək işləri və humanitar yardımların mülki vətəndaşlara fasiləsiz çatdırılmasını müzakirə ediblər. Qardaş ölkənin lideri qeyd edib ki, Qərb dövlətlərinin münasibəti Qəzzada insan haqları pozuntularını artırır.

Türkiyə ilə yanaşı, digər böyük güclərin də münaqişələrin alovlanmasının qarşısının alınması istiqamətində addımlar atması labüddür. Böyük güclər unutmamalıdırlar ki, məhz şəxsi maraqlar dövlətləri uçuruma aparır.

Yeri gəlmişkən, hələ İkinci Qarabağ müharibəsindən öncə Azərbaycan kimi, Türkiyə də Ermənistan ilə Azərbaycan arasında münaqişənin danışıqlar yolu ilə həllinə çalışırdı. Çünki müharibə ən son çıxış yolu idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və Ermənistanın bu əraziləri işğal etdiyini bildirmişdi. Hayastanın xalqımıza qarşı törətdiyi vəhşiliklərə, vandalizm aktlarına baxmayaraq, Azərbaycan yenə də sülhə maraqlıdır. 44 günlük müharibədən sonra kapitulyasiya aktına imza atmaqla öz məğlubiyyətini bəyan edən Ermənistan isə hələ də sülhdən boyun qaçırır. Qardaş ölkə Türkiyə bu istiqamətdə beynəlxalq platformalardakı bütün danışıqlara dəstək göstərir.

Nəzrin ELDARQIZI,

"Respublika".