Üçrəngli bayrağımız əbədi dalğalanacaq
Siyasət

Üçrəngli bayrağımız əbədi dalğalanacaq

Ölkə başçısının tarixi çıxışı əsasında

2023-cü il 15 oktyabr. Bu tarixi yaddaşınızda möhkəm saxlayın: "Bu qələbə bizim tariximizdə əbədi qalacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər". Qarabağdan, onun ürəyi olan Xankəndidən o gün səslənən bu fikirlər təkcə gələcək nəsillər üçün deyil, elə bizim hər birimiz üçün tövsiyə, nəsihətdir. 15 oktyabr bundan sonra bizim üçün ikiqat dəyərli olacaq. Çünki Azərbaycan xalqı düz 20 il əvvəl məhz bu tarixdə öz taleyini etibar etdiyi liderinin vədinə xilaf çıxmadığının bir daha şahidi oldu. O gün Xankəndidə, Əsgəranda, Xocavənddə, Xocalıda üçrəngli bayrağımızı öpüb gözləri üstə qoyan qalib sərkərdənin xalqı qarşısında əsl hesabat günü idi. 20 il əvvəl Ana Qanunumuza, Müqəddəs kitabımıza əl basaraq içdiyi andı şərəflə yerinə yetirmişdi.

Hər gün addım-addım irəli apardığı və mənzil başına yetişdirdiyi xalqına qürurla: "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyirdi. O gün 30 ildən bəri qubar bağlayan ürəklərin yanğısına su çiləyir, ürəklərə batan tikanları çıxarırdı qalib sərkərdə. O gün torpaq uğrunda şəhid olanların, bu günü görmək arzusu ilə dünyadan köçənlərin ruhunu şad edirdi cənab Prezident. Qarabağdan mesajlar səsləndirirdi, dünyaya, həmişəki kimi səlis, təmkinli, faktlar əsasında. Və bir də natiqlik məharətini göstərirdi Azərbaycan Prezidenti. Hər kəsin öz dilində danışmağı, hər kəsə layiq olduğu yeri göstərməyi bacaran dövlət başçısı İlham Əliyev Vətən müharibəsindəki qələbəmizi də məhz dünyanın "gözünü açan", onu heyrətləndirən, təəccübləndirən çıxışları, müsahibələri ilə təmin etmişdi. Axı, savaş təkcə döyüş meydanında olmur... Bu günün müharibələrinin öz tələbləri var...

Müasir münaqişələr nəzəriyyələrdə "hibrid" və ya "asimmetrik" müharibə kimi təsnif edilir. Yəni münaqişə tərəfləri rəqibə qalib gəlmək üçün klassik hərbi müdaxilə formaları ilə yanaşı, diplomatik təzyiq və informasiya savaşından da faydalanır. Belə qeyd edilir ki, mövcud münaqişələrdə savaşın 30-40 faizi real döyüş meydanlarında, 60-70 faizi isə diplomatiya və informasiya müstəvisində aparılır. 44 günlük Vətən müharibəsi ölkəmizin 20 faiz torpağının işğaldan azad olunmasını təmin etməklə yanaşı, erməni şəbəkəsi tərəfindən 30 il müddətində qurulmuş yalançı təbliğatın, stereotiplərin dağıdılması baxımından da xarakterik oldu. Qələbənin qazanılması istiqamətində Azərbaycanın milli mediası transmilli media orqanlarının mövzu üzrə informasiya manipulyasiyalarının qarşısının alınmasında əhəmiyyətli rol oynadı. Milli media cəbhə bölgəsində baş verənlərlə əlaqədar rəsmi mənbələrə istinadən informasiya yaydı, qeyri-rəsmi məlumatların cəmiyyətdə möhkəmlənməsinin qarşısını aldı. Bu kontekstdə Prezident İlham Əliyevin müharibə dövründə dünyanın müxtəlif ölkələrinin aparıcı media vasitələrinə verdiyi müsahibələri xüsusi qeyd etmək lazım gəlir. Bu müsahibələr düşmənə qarşı ideoloji sipər rolunu oynadı, Qarabağ müharibəsi, onun tarixi kökləri, müasir mərhələsi, Azərbaycanın haqlı mövqeyi barədə dünya ictimaiyyətinə dolğun məlumat çatdırdı. Dövlət başçısı müsahibələrində həm xarici, həm də daxili auditoriyaya vacib ismarışlar ötürdü. Bu ismarışlar isə təkcə Qarabağ münaqişəsi kontekstində deyil, həm də Azərbaycanın dünyada yeri, qonşularla münasibəti, reallaşdırdığı qlobal və regional layihələr, Cənubi Qafqaz regionunun perspektivinə baxış yönündə oldu. Prezident İlham Əliyev Fransanın "Figaro" qəzetinə müsahibəsində Qarabağ münaqişəsi ilə yanaşı, Azərbaycanın reallaşdırdığı enerji, nəqliyyat, internet-kommunikasiya layihələri barədə ətraflı məlumat verdi, bu layihələrin ümumilikdə regionun mənzərəsini dəyişdiyini bəyan etdi.

Dövlət başçısı Yaponiyanın "Nikkel" qəzetinə müsahibəsində "Qarabağ münaqişəsi" ilə yanaşı, Türkiyənin regionda rolu, əhəmiyyəti, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf tendensiyası barədə mühüm açıqlamalar verdi. Ümumiyyətlə, Prezident İlham Əliyev öz müsahibələrində Azərbaycanın region və dünya üçün əhəmiyyətini açmağa çalışır, lakin bunun fonunda bütün diqqəti "Qarabağ münaqişəsi"nin üzərində cəmləşdirir, beynəlxalq ictimai rəydə münaqişə barədə mövcud olan bəzi qaranlıq məqamlara aydınlıq gətirirdi. Məhz bu müsahibələr sayəsində cəbhədəki, döyüş meydanındakı üstünlüyümüz ideoloji müstəviyə gətirilirdi. Prezident münaqişənin tarixi, hazırkı vəziyyəti və Azərbaycanın mövqeyilə bağlı kifayət qədər tutarlı arqumentlərlə dünya mediasına sanki yeni tezislər verirdi.

Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyə kütləvi informasiya vasitələri də böyük iş görürdü. Hər gün gecə-gündüz Türkiyənin aparıcı televiziya kanalları, digər mətbu orqanları İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırırdılar.

Prezident İlham Əliyev müharibə dövründə Türkiyə media qurumlarına dəfələrlə müsahibələr vermişdir. 2020-ci il oktyabrın 5-də "TRT Haber", 7-də "CNN", 12-də "Haber Global", 13-də "Haber Türk", 16-da "A Haber" televiziya kanallarına müsahibələr vermişdi.

Oktyabrın 7-də "CNN-Türk" televiziyasına verdiyi müsahibədə Prezident İlham Əliyev Türkiyə media mənsublarının fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Bir çox hallarda bizim səsimiz eşidilmir. Bizə beynəlxalq platforma verilmir. Beynəlxalq media qurumları daha çox Ermənistanın tərəfini tuturlar və münaqişə ilə bağlı yalan məlumatlar yayırlar. Ona görə fürsətdən istifadə edərək qardaş Türkiyənin media mənsublarına təşəkkürümü bildirmək istəyirəm ki, onlar bu günlərdə bütün dünyaya bu savaşla bağlı həqiqətləri çatdırır, canlı efirdə məlumatlar verirlər".

Türkiyə media nümayəndələrinə müsahibələrində Azərbaycan Prezidenti dünya liderlərinin atəşkəs çağırışlarına münasibət bildirərək qeyd edirdi ki, sadəcə atəşkəsin bərpa edilməsi məsələsi müzakirə oluna bilməz, çox ciddi zəmanətlər verilməlidir, bu zəmanətləri beynəlxalq vasitəçilər təsdiq etməlidirlər.

"NTV" televiziya kanalına müsahibəsində dövlət başçısı münaqişədə Türkiyənin roluna toxunaraq demişdir ki, reallıqlar, həqiqi vəziyyət ondan ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı bir məsələ həll edilə bilməz. Türkiyə prosesdə mütləq olmalıdır.

Dövlət başçısının Ərəb aləmində böyük nüfuzu olan bu ölkələrin telekanallarına müsahibələr verməsi də çox önəmli idi. O, "Əl-Cəzirə" televiziya kanalına 2020-ci il oktyabrın 2-də tarixi müsahibəsində bu kanalın islam aləminin ən aparıcı telekanallarından olduğunu nəzərə alaraq ermənilərin işğal etdikləri ərazilərdə məscidləri dağıtdıqlarını, məscidlərdə donuz və inək saxlamaqla bütün müsəlmanları təhqir etdiklərini nəzərə çatdırırdı.

Ərəb aparıcıların qaldırdığı məsələlərdən biri, ermənilərin çox əsaslandıqları xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı məsələyə toxunan Prezident qeyd edirdi ki, erməni təbliğatçıları beynəlxalq ictimai rəyi çaşdırmaq üçün tez-tez bu prinsipə əsaslanırlar. Lakin Helsinki Yekun Aktında əks olunan əsas prinsiplərə və BMT Nizamnaməsinə görə öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə zərər vurmamalıdır, həm də erməni xalqı artıq öz müqəddəratını təyin etmişdir və müstəqil Ermənistan dövləti var. Bu gün dünyanın müxtəlif yerlərində ermənilər yaşayırlar. Onlar bu prinsipdən həmin ölkələrdə istifadə edə bilərlərmi?. "Qoy Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə vermək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Dağlıq Qarabağdan olan ermənilərə versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddəratını təyinetmə hüququ versinlər. Onda baxarıq onların reaksiyası necə olacaq".

Bəli, bu gün biz Qarabağın əsl sahibiyik. Onu yenidən qurub-yaradırıq. Dövlət başçısının dediyi kimi, hər kim bu yolu bizimlə birgə davam etmək istəyirsə, buyursun. Ancaq bir şərtlə: qanunlarımız çərçivəsində və Azərbaycanın hər yerində dalğalanan üçrəngli bayrağımız altında. Çünki bu bayraq məmləkətimizin hər yerində əbədi dalğalanacaq!

Zümrüd QURBANQIZI,

"Respublika".