UNESCO dünyanın qeyri-maddi mədəni irsini qorumağa borcludur
Siyasət

UNESCO dünyanın qeyri-maddi mədəni irsini qorumağa borcludur

Humanitar mahiyyətli bu təşkilatın siyasiləşdirilməsi onu gözdən salır

"Fransanın İkinci Qarabağ müharibəsindən sonra UNESCO-da anti-Azərbaycan fəaliyyəti, UNESCO-nu özünün çirkin siyasətinin alətinə çevirməsi bu təşkilatın müstəqilliyinə ciddi xələl gətirib. Fransa UNESCO-nun baş qərargahının ölkə ərazisində olmasından sui-istifadə edərək humanitar mahiyyətli bu təşkilatı siyasiləşdirir və gözdən salır. Hesab edirik ki, bütün bu baş verənlər UNESCO-nun baş qərargahının Fransa ərazisindən çıxarılmasını zəruri edir". Qərbi Azərbaycan İcmasının bəyanatında belə deyilir.

Fransalı nazir Rima Əbdül Mələk bir müddət əvvəl Ermənistana səfəri zamanı Qarabağ bölgəsindəki tarixi və mədəni  abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar qaldırıb. Onların qorunması üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırış edib. Nazir, həmçinin Qarabağda erməni mədəni irsini peyk vasitəsilə çəkdiyini və məlumat bazasının yaradıldığını da bildirib. Bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb. Bəyanatda bildirilir ki, Fransanın bu açıqlaması açıq-aşkar həyasızlıqdır. Bunu əsrlər boyu Afrika xalqlarının mədəni irsini oğurlamış bir ölkənin naziri deyir. Bəzi məlumatlara görə, Fransanın təkcə Afrikadan oğurladığı mədəni irs nümunələrinin sayı 90 mindir. Fransanın mədəniyyət naziri ölkəsinin Afrikadan oğurladığı mədəni irsin geri qaytarılması ilə məşğul olsa daha yaxşıdır. Azərbaycanın şarlatanlardan öyrənəcəyi bir şey yoxdur...

Bəli, həqiqətən də humanitar mahiyyətli bir təşkilatın siyasiləşdirilməsi ikrah hissi doğurur. UNESCO-nun siyasiləşdirilməsi faktı isə çoxdan öz təsdiqini tapıb. Belə ki, torpaqlarımızın işğalından sonra Azərbaycan tərəfinin həmin ərazilərdəki xalqımızın mədəni irsinə qarşı törədilən terrorla əlaqədar UNESCO missiyasının bölgəyə göndərilməsi ilə bağlı çağırışlarına bu təşkilat məhəl qoymayıb. Ötən ilin yazında təşkilat əsl simasını daha açıq göstərib. Azərbaycanın növbəti çağırışına: "UNESCO humanitar mahiyyətli təşkilatdır, o, siyasətə qarışmır", - deyə münasibət bildirib. Bununla da elə siyasətin tam mərkəzində olduğunu təsdiqləyib. Bütün bunların isə Fransanın təsiri ilə edildiyi şübhə doğurmur, çünki UNESCO bu ölkənin çirkin siyasətinin alətinə çevrilib.

Azərbaycan 31 ildir ki, UNESCO-nun üzvüdür, ölkəmiz bu təşkilata 1992-ci il iyulun 3-də üzv qəbul edilib. UNESCO ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında əsas addım Azərbaycan Prezidenti Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən təşkilatın baş direktoru Federiko Mayorla görüşü zamanı atılıb. Görüşdə UNESCO-nun Azərbaycanla əlaqələrinin genişləndirilməsinin perspektivləri müzakirə edilib, Azərbaycanda gedən müharibə, qaçqınların problemləri, müharibənin elm, təhsil, mədəniyyət sahəsində yaratdığı çətinliklərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.

Heydər Əliyev Federiko Mayorla ilk dəfə 1983-cü ildə UNESCO xətti ilə Bakıda keçirilmiş və Şərq xalqlarına həsr edilmiş birinci beynəlxalq simpoziumda tanış olmuşdu.

1994-cü ildən təşkilatla əlaqələr qurulub və ilk dəfə 1996-cı ildə klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzulinin 500 illik yubileyi keçirilib. Daha sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə UNESCO ilə əlaqələrin möhkəmləndirilməsi və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə ölkəmiz təşkilat çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara qoşulub.

Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il tarixli Konvensiya, ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il tarixli Konvensiya, Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, Ali təhsil haqqında diplomların və elmi nəticələrin tanınması haqqında 16 dekabr 1983-cü il tarixli regional Konvensiya, mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il tarixli Konvensiya Azərbaycanın qoşulduğu UNESCO konvensiyalarından yalnız bir neçəsidir.

Ulu öndər Heydər Əliyev bu konvensiyalara qoşulmağın ümummilli əhəmiyyətini dərindən duyur və Azərbaycan xalqının lehinə hər bir sənəddən yararlanmasını arzu edirdi.

Ümummilli lider Heydər Əliyev 1997-ci il sentyabrın 3-də UNESCO-nun baş direktoru Federiko Mayora ünvanladığı məktubunda UNESCO-nun İnsanların Sülh Hüququ haqqında Bəyannaməsinin qəbul edilməsi təklifini təqdirəlayiq hal hesab etdiyini və bəyannamə layihəsini dəstəklədiyini onun diqqətinə çatdırmış, Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi bundan sonra da öz siyasətini yalnız sülhün bərqərar olmasına yönəldəcəyini qeyd etmişdir.

UNESCO ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın xidmətləri böyükdür. 2004-cü il sentyabrın 9-da UNESCO-nun iqamətgahında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ona UNESCO-nun xoşməramlı səfiri adı verilməsinə həsr olunmuş mərasimdə demişdi: "UNESCO-nun əsas prinsiplərindən biri dünya mədəniyyətinin nadirliyini gələcək nəsillər üçün qoruyub saxlamaqdan ibarətdir. Mən də öz fəaliyyətimdə bu prinsipi əsas tuturam. Ona görə mənə bu yüksək adın verilməsi mənim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Bu, mədəniyyətlər və sivilizasiyalar arasında, keçmişlə bu gün arasında əlaqə yaratmaq məsuliyyətidir... Mən bu gün verilən fəxri adı, hər şeydən əvvəl, UNESCO-nun prinsiplərinə sadiq olmağımın ifadəsi kimi qəbul edirəm".

Bəli, Mehriban xanım bütün fəaliyyəti dövründə bu prinsiplərə sadiq qaldı, ancaq 2022-ci ilin noyabrında UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verməli oldu. O, UNESCO-nun baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri olmuş Odri Azuleyə ünvanladığı məktubda bu vəzifədən imtinanı Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra özünün genişmiqyaslı bərpa və quruculuq işlərinə yaxından cəlb olunması və bu xüsusda UNESCO çərçivəsində xoşməramlı səfir vəzifəsinə diqqət ayrılmasının imkan xaricində olduğu ilə izah edib. Lakin UNESCO ilə son illərdə baş verən proseslərdən göründüyü kimi, Mehriban xanım Əliyevanın bu qərarı faktiki olaraq təşkilatın Azərbaycana münasibətdə, xüsusilə Vətən müharibəsindən sonra sərgilədiyi ikili yanaşmaya diplomatik dillə etirazıdır.

Azərbaycan mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi kimi Ermənistanın cinayətləri barədə UNESCO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, 30 ildə ölkəmizin mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə UNESCO işğal olunmuş ərazilərə missiya göndərmədi. Bu isə qurumun öz prinsiplərinə sadiq qalmamasının təsdiqidir. Azərbaycanın məhv edilmiş mədəni irsinin bərpasına UNESCO-nun belə laqeyd münasibət göstərməsi qərəzdən başqa bir şey deyil. UNESCO dünyanın qeyri-maddi irsini qorumağa borcludur.

Zümrüd QURBANQIZI,

"Respublika".