Valeri Belski: Prezident seçkiləri ölkə qanunvericiliyinə, demokratik norma və prinsiplərə uyğun keçirildi
Siyasət

Valeri Belski: Prezident seçkiləri ölkə qanunvericiliyinə, demokratik norma və prinsiplərə uyğun keçirildi

Milli Məclisin sədri Sahibə Qafarova fevralın 8-də Rusiya Federasiyası Federal Şurasının və Belarus Respublikası Milli Məclisi Respublika Şurasının nümayəndə heyətləri ilə görüşlər keçirib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə S.Qafarova prezident seçkilərinin Azərbaycan tarixində xüsusi yerini vurğulayıb. Deyib ki, ölkəmizin müasir dövlətçilik tarixində ilk dəfədir seçkilər Azərbaycanın hər yerində, o cümlədən işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə keçirilib. O, növbədənkənar prezident seçkilərinin Azərbaycan tarixinə həm də Zəfər seçkiləri kimi yazılacağını diqqətə çatdırıb.

Qonaqlara Azərbaycanda prezident seçkilərinin beynəlxalq normalara uyğun keçirilməsi üçün yaradılan şərait barədə məlumat verilib, prosesin yüksək səviyyədə baş tutduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, kifayət qədər zəngin demokratik seçki təcrübəsinə malikdir. Bu seçkilərin də demokratik, azad, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün bütün müvafiq tədbirlər görülüb. Seçkiləri müşahidə edən yerli və xarici müşahidəçilər də bu faktları təsdiqləyiblər.

Rusiya Federasiyası Federal Şurasının komitə sədri Qriqori Karasin seçki prosesini müşahidələri ilə bağlı müsbət fikirlərini bölüşüb, seçkilərin uğurla baş tutması münasibətilə təbriklərini çatdırıb. O, rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərinin səsvermə günü bir sıra seçki məntəqələrində prosesi canlı şəkildə izlədiklərini bildirib. Seçicilərin yüksək fəallıq nümayiş etdirmələrinin onların hər birində seçkilərlə bağlı yalnız müsbət rəyin yaratdığını diqqətə çatdırıb.

Belarus Milli Məclisi Respublika Şurasının sədr müavini Valeri Belski də prezident seçkilərinin ölkə qanunvericiliyinə, demokratik norma və prinsiplərə uyğun keçirildiyini, seçicilərin tam olaraq azad şəkildə səs vermələrinin təmin edildiyini bildirib. Onun sözlərinə görə, müşahidəçilər proses zamanı hər hansı qanun pozuntusu aşkar etməyiblər. V.Belski Belarus nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərdə də olduğunu və əsl seçki bayramı müşahidə etdiyini vurğulayıb.

Görüşlərdə, həmçinin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, qanunverici orqanlarımız həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla əməkdaşlıq edir.