Unudulmaz təəssürat
Region

Unudulmaz təəssürat

Ağsu
Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi rayonda təntənəli şəkildə qeyd edilib. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər, ictimaiyyət nümayəndələri, rayonunun idarə, təşkilat və müəssisələrinin kollektivləri şəhərdəki bayramsayağı bəzədilən Heydər Parkına gələnləri Bahar Qız qarşılayıb.

Parkda gənc rəsm həvəskarlarının Novruzun gözəlliklərini əks etdirən tabloların, xalqımızın milli musiqi alətlərinin, geyimlərin sərgiləri kəndirbazların, rayon idmançılarının, nağaraçıların nümunəvi çıxışları böyük maraqla qarşılanıb və ənənəvi Novruz tonqalı ətrafında yüksək əhvali-ruhiyyə yaşanıb.

Parkdakı açıq konsert səhnəsində çıxış edən rayon icra hakimiyyətinin başçısı  tədbir iştirakçılarını Novruz Bayramı münasibətilə təbrik edib və bayramın müstəqillik dövründə daha coşqu və təmtəraqla qeyd olunduğunu diqqətə çatdırıb. Milli adət-ənənələrimizin özümüzə qaytarılmasında, milli bayramlarımızın dövlət səviyyəsində qeyd edilərək ümumxalq səviyyəsinə qaldırılmasında ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin böyük xidmətləri vurğulanıb.

Sonra bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, Kosa və Keçəlin şən zarafatları, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.

M.NƏRİMANOĞLU,

“Respublika”.