Verilən sözlərin əməli icrası
Siyasət

Verilən sözlərin əməli icrası

2018-ci ildə cənab İlham Əliyev növbəti dəfə Prezident seçilərkən bildirmişdi ki, Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın. Bu kimi addımların qarşısını almaq üçün ilk növbədə ordumuz gücləndirildi. İkinci Qarabağ savaşı yürüdülən bu siyasətin düzgünlüyünü sübut etdi.

Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Hazırda da ordumuzun arsenalı müasir silahlarla zənginləşdirilir. Elə 2018-ci ildəki andiçmə mərasimində hərbi sahədə aparılan işlərlə bağlı İlham Əliyev qeyd etmişdi: "Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıbdır. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq".

Elə belə də oldu. Cocuq Mərcanlının azad olunmasından sonra ordumuzun ruh yüksəkliyi daha da artdı. Ermənistan ordusu tərəfindən atəşə tutulan bölmələrimiz 2020-ci il sentyabrın 27-də əks-hücuma keçdi. Cəmi 44 günə əsgərlərimiz doğma dədə-baba torpaqlarımızı düşməndən azad etdi. Vətən müharibəsi xalqımızın birliyini, sarsılmazlığını, "Dəmir yumruq" kimi birləşdiyini nümayiş etdirdi.

2018-ci ildə xalqına söz verən cənab İlham Əliyev 2 il sonra sözünü layiqincə tutdu. Öz xalqının arzularını reallaşdıran, onların xoşbəxtliyi üçün əlindən gələni edən İlham Əliyev 2024-cü il fevralın 7-də keçirilən Prezident seçkilərində 5-ci dəfə ölkəmizə rəhbər seçildi. 92 faizdən çox səs toplayan cənab İlham Əliyev xalqın ona olan sevgisini, güvənini doğrultdu. 

Töhfə SƏMƏDOVA,

"Respublika".