Vətən müharibəsi ədaləti bərpa etdi
Tarix

Vətən müharibəsi ədaləti bərpa etdi

1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın əzəli torpaqlarına açıq ərazi iddiaları irəli sürmüş və ölkəmizə qarşı hərbi hücuma keçmişdir. Ölkəmizdə hökm sürən özbaşınalıqdan istifadə edən Ermənistan torpaqlarımızın 20 faizini işğal etmiş, etnik təmizləmə siyasəti həyata keçirmişdir. Nəticədə 1 milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin düşmüşdür.

Təəssüf ki, 30 il işğal müddətində Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması ilə bağlı danışıqlar prosesinin müsbət nəticələri olmayıb. Ölkəmiz heç bir təxribata əl atmadan, öz maraqlarını müdafiə edib və uğurlu siyasət aparıb. Ermənistan hərbi-siyasi rəhbərliyi 2019-cu ildən bir-birinin ardınca təxribatçı bəyanatlarla çıxış edib. Bütün bu addımlar danışıqlar prosesinin gedişatına ciddi zərbə vurub. 2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı qüvvələri bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan atəşə tutmaqla növbəti hərbi təxribata əl atıb. Provokasiyalar nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olub. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Silahlı Qüvvələrimiz tərəfindən əks-hücum əməliyyatlarına başlanılıb.

27 sentyabr 2020-ci il tarixində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edilib.

Ölkəmiz müharibə dövründə və ondan öncə də hər zaman humanist mövqedən çıxış edib. Biz savaş istəməmişik, sülh tərəfdarı olmuşuq. Prezident İlham Əliyev öz çıxışlarında bunu dəfələrlə  bildirib: "Bizim mövqeyimiz lap əvvəldən çox aydın idi. Biz hazırıq və hələ də Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə istənilən vaxt dayanmağa hazırıq. Mən bunu müharibənin əvvəlindən deyirəm, əgər Ermənistanın Baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət qarşısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq".

"Dəmir Yumruq" əməliyyatı ilə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü bərpa edib və qələbə qazanıb. Şanlı Azərbaycan Ordusu tərəfindən Şuşa şəhəri azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.

Azərbaycan Qarabağdakı ermənilərə vətəndaşlıq təklif edib və təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının, o cümlədən təhlükəsizliklərinin, qorunmasına təminat verib. Bütün bunlar ölkəmizin humanist mövqedən yanaşmasının sübutudur.

Müharibədən sonra xunta rejimi tərəfindən Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatlar törədilib. Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması və törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Nəticədə Ermənistan silahlı qüvvələrinin birləşmələri bir gündə təslim olub. İşğaldan azad edilmiş ərazilərə dinc əhalinin qayıtması, habelə bərpa-quruculuq işlərinin sürətlənməsi məqsədi daşıyan lokal xarakterli antiterror tədbirləri nəticəsində reinteqrasiya prosesi sürətlənib.

44 günlük Vətən müharibəsi müddətində əsgər və zabitlərimiz qəhrəmancasına döyüşüb, bayrağımızı işğaldan azad edilən torpaqlarımızda qürurla dalğalandırıb və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda ediblər. Şəhidlərimizə və onların doğmalarına ali ehtiramın göstəricisi olaraq, Prezident İlham Əliyev 27 sentyabr - Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci il 2 dekabr tarixində Sərəncam imzalayıb. İkinci Qarabağ müharibəsində qazandığımız qələbə nəticəsində Azərbaycanın üçrəngli bayrağı Qarabağa sancılıb və bundan sonra da qalib dövlətin simvolu kimi burada əbədi dalğalanacaq.

Nurcan SÜLEYMANOVA,

"Respublika".