Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən informasiya resursunun rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib
Digər xəbərlər

Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən informasiya resursunun rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib

"Bəyaz TV" yutub kanalının rəhbəri Rüstəmov Bəhram Alməmməd oğlunun ayrı-ayrı vətəndaşlara qarşı hədə-qorxu ilə tələb etmə və dələduzluq əməllərinə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilmiş təxirəsalınmaz tədbirlərlə Bəhram Rüstəmovun özünü müxbir kimi təqdim edərək Samux rayonu ərazisində yerləşən təhsil müəssisələrində guya baş vermiş qanunsuzluqlarla bağlı yalan məlumatları internet resursunda yerləşdirib yayacağı hədəsi ilə həmin müəssisələrin rəhbərlərindən müxtəlif məbləğlərdə pul tələb edib almasına əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Bəhram Rüstəmovun Bakıda ayrı-ayrı şəxslərdən, o cümlədən Qarabağ müharibəsi iştirakçılarından onların qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata salınmalarına, eləcə də digər vətəndaşdan cinayət məsuliyyətinə cəlb edilmiş tanışının məsuliyyətdən azad olunmasına kömək göstərilməsi adı ilə müxtəlif məbləğlərdə pul vəsaiti alıb onlara qarşı dələduzluq etməsinə, bu hərəkətləri ilə sonuncuları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Həmçinin ilkin araşdırmalarla Bəhram Rüstəmovun cinayətkar fəaliyyətini həyata keçirmək məqsədilə rəhbəri olduğu "Bəyaz TV.Az" MMC-nin nəzdində özünün sədri olduğu "Vətəndaş nəzarəti şurası" adlı təsisat yaratdığı müəyyənləşdirilib. Həmin şuranın bölgə təşkilatlarının yaradılması və üzvlərin seçilməsinə dair protokol və qərar nümunələri aşkarlanaraq sübut qismində götürülüb.

Faktlarla bağlı cinayət işi başlanıb. Bəhram Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2-cü, 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədilən dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda təqsirli şəxslərin, eləcə də Bəhram Rüstəmovun qanunsuz hərəkətləri nəticəsində ziyan dəymiş digər şəxslərin dairəsinin müəyyən olunması istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu iş üzrə təqsirləndirilən şəxs Bəhram Rüstəmovun qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən bu barədə 961 - Çağrı Mərkəzi və 161 - "Qaynar xətt" əlaqə mərkəzinə müraciət etmələrini xahiş edir.

AZƏRTAC