AZAL prezidenti İordaniya səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Digər xəbərlər

AZAL prezidenti İordaniya səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

AZAL prezidenti Cahangir Əsgərov İordaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sami Asem Qoşeh ilə görüşüb. Görüşdə Azərbaycan ilə İordaniya arasında mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın gündəliyinə dair fikir mübadiləsi aparılıb, tərəflər arasında  həmçinin,  COVID-19 pandemiyası ilə mübarizədə həyata keçirilən tədbirlərin yüksək səmərəliliyi qeyd olunub. Görüş zamanı tərəflər iki ölkə arasında hava əlaqəsinin başlanması imkanlarını müzakirə ediblər.

Cahangir Əsgərov  Bakı ilə Amman arasında uçuşların yerinə yetirilməsinə 2020-ci ilin may ayının sonunda başlanılmalı olduğunu,  bu barədə  2019-cu ilin dekabr ayında razılıq  əldə edildiyini,  lakin COVID-19 pandemiyasının  bu planların həyata keçirilməsinə mane olduğunu qeyd edib. Onun sözlərinə görə, birbaşa reyslərin açılması ölkələr arasında dostluq əlaqələrini gücləndirməklə yanaşı, Azərbaycan və İordaniya sahibkarları üçün bütün sahələrdə, o cümlədən ticarət və turizm sahəsində yeni imkanlar yaradacaq.

İordaniya səfiri Sami Asem Qoşeh yeni reysin hər iki ölkə vətəndaşları üçün böyük maraq doğuracağına və ölkələr arasında mehriban qonşuluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

"Azərbaycan Hava Yolları"nın

mətbuat xidməti.