Vətəni qürbətə aparan, qürbətdə Vətən yaradan şair
Mədəniyyət

Vətəni qürbətə aparan, qürbətdə Vətən yaradan şair

Xəqani Qayıblı Gürcüstanda, Qaraçöp mahalının Həmbəli kəndində dünyaya göz açmışdır. Ömrünün 60-cı baharını yaşayan eloğlumuz uzun illərdir Estoniyada yaşayır. Estoniya-Azərbaycan Cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzinin müdiri, şair, tərcüməçi, professor Xəqani Qayıblı bütün varlığı ilə türk dünyasına bağlıdır. Qürurverici haldır ki, həmyerlimiz Tartu Universiteti kimi dünya şöhrətli təhsil ocağında türk bölməsinə rəhbərlik edir.

Sözü əritmək, sözdə ərimək şair ömrünün xoşbəxtliyidir. Sözün dərinliyinə enmək, ucalığına qalxmaq hər oğulun hünəri deyil. Xəqani Qayıblının ayrı-ayrı illərdə "Sənsiz ömrün bir ili", "40 yaşım, 40 sözüm", "Yenə canım söz gəzir" adlı şeir kitabları nəşr olunmuşdur. "Yenə canım söz gəzir" kitabını oxuyarkən misraları hava kimi canına çəkir, şeirləri bulaq suyu kimi içir, nəfəs kimi udursan.

Bu günlərdə şairin "Dan üzünə dediklərim" adlı seçilmiş şeirləri Tartu Universitetinin Türk Dili Mərkəzində işıq üzü görmüşdür. Kitabda toplanan şeirlər ayların, illərin, dəqiqələrin, saatların süzgəcindən keçib. Kövrək xatirələri oyadıb, yaddaşları dilə gətirib, dünəndən bu günə, Vətəndən qürbətə körpülər salıb, Türk dünyasını dolaşıb, Azərbaycan deyə-deyə alışıb yanıb.

Aran Borçalıda dünyaya göz açan şairin şeirlərini oxuduqca, o yerlərin, o torpağın ətrini, ilıq nəfəsini duyursan. Onun şeirlərinin mənası həyat və yaradıcılığında gerçəkləşib.

"Dan üzünə dediklərim" kitabının ilk səhifəsində "Özümü tapdım Şuşada" adlı şeir diqqəti cəlb edir:

Axır görüşdük, hər yerdə

İzimi tapdım Şuşada!

Qanı daşlara dağılan

Dizimi tapdım Şuşada!

***

Xan qızına baş endirdim,

Dağıldı möhnətim, dərdim...

Ol qoca Vaqifi gördüm

Sözümü tapdım Şuşada!

Xəqani Qayıblı adını daşıdığı böyük mütəfəkkir Xəqani Şirvanidən üzü bəri Azərbaycan ədəbiyyatı tarixinin təmsilçilərindən olduğunu bütün məsuliyyəti ilə dərk edən söz adamlarındandır. Varlığı ilə bağlı olduğu türkologiya ilə məşğul olması, alimliklə şairliyin birləşməsi onun əsərlərinə mövzu, üslub, bədii sənətkarlıq baxımından fərqlilik, Vətəndən uzaqlarda yaşaması isə həzin qəriblik ruhu aşılamışdır. Əsərləri ilə şəxsiyyəti arasındakı dərin qırılmaz bağlılıq yazılarına hədsiz səmimilik gətirir. İctimai-siyasi məfkurəsinin təməlində parçalanmış Azərbaycanın bütövlüyü, türk dünyasının birliyi dayanır.

Xəqani Qayıblının yaratdığı poetik süjetin hansı tərəfindən baxsaq, orada Qaraçöpdə, Ceyrançöldə, Kaxetidə, Bakıda, Berlində, İstanbulda, Tartuda sözlə güzgülənən bir insan görürük...

Qürbətdə Turan ətirli poeziya çələngi toxuyan, şeirləri ilə oxucuların görüşünə gələn professor Xəqani Qayıblı Türk soyuna, mədəniyyətinə, mentalitetinə bağlı olduğu qədər də ümumbəşəri dəyərləri, mədəni düşüncə tərzini özününküləşdirib, cəmiyyətin fəal üzvlərindən birinə çevrilib.

Qədir ASLAN,

"Respublika".