Xalq nicat yolu axtarırdı
Siyasət

Xalq nicat yolu axtarırdı

Keçmiş Sovetlər Birliyi dağılandan sonra Azərbaycanda təhlükəli vəziyyət yaranmış, respublikanı xaos və anarxiya bürümüşdü, qanunsuzluq baş alıb gedirdi, qardaş qardaşa silah tuşlayır, fikirlər toqquşurdu, ictimai asayiş nəzarətdən çıxmışdı. Qarabağda erməni təcavüzü şiddətlənirdi, artıq Şuşa və Laçın rayonları işğal olunmuşdu. Ölkədə hakimiyyəti çevriliş yolu ilə ələ keçirmiş AXC-Müsavat cütlüyü Qarabağda baş verən hadisələri arxa plana keçirərək öz kreslolarını və mənafelərini qorumaqla məşğul idilər, cəbhəçi "bəylər" yaranmış təhlükəli vəziyyəti qiymətləndirə bilmirdilər. Azərbaycan öz məhvərindən çıxmış, ölkədə vətəndaş qarşıdurması qaçılmaz olmuşdu. Özbaşınalıq, hakimiyyətsizlik, yenicə yaradılan milli ordudakı başıpozuqluq Azərbaycanı fəlakətli bir vəziyyətə gətirib çıxarmışdı. Dövlət çevrilişi törədən cəbhəçilər nə edəcəklərini, haradan başlayacaqlarını bilmirdilər. Dünənə qədər küçələrdə səfil olan oğrulara, cinayətkar ünsürlərə "bəy" deyərək onları başa keçirirdilər. Halbuki onların dövlət anlayışından xəbərləri belə yox idi. İdarəetmədə və digər sahələrdə böhran dərinləşirdi. Bunu başa düşən AXC-Müsavat cütlüyü ölkədəki böhranı aradan qaldırmaq üçün kadr dəyişikliyinə əl atsa da, heç nəyə nail ola bilmədi.

Ermənistan silahlı qüvvələrinin hücumları get-gedə artır, kəndlər işğala məruz qalırdı. Füzuli, Tərtər, Ağdam, Cəbrayıl, Zəngilan və digər sərhəd rayonlarımıza, eləcə də Naxçıvana Ermənistan silahlı qüvvələrinin hücumu daha intensiv xarakter almışdı. Belə bir vaxtda torpaqlarımızı müdafiə etmək, ölkədə sabitlik yaratmaq əvəzinə, cəbhəçilər xalqın diqqətini başqa səmtə yönəltməklə planlarını həyata keçirirdilər. Erməni işğalı bir tərəfdən, ərzaq qıtlığı digər tərəfdən cəbhəçilərin hakimiyyətini fırtınalı dənizdəki yelkən kimi yırğalayır, ora-bura çırpırdı. Mağazalar bomboş idi, zəruri ərzaq məhsulları tapılmırdı, ət, yağ, qənd, şəkər tozu talonla verilirdi. Çörək dükanlarının qarşısında növbələr uzanır, insanlar çörəklə imtahana çəkilirdilər.

Mayın ortalarında respublikada vəziyyət daha da gərginləşməyə başladı. İqtidar Gəncədə fövqəladə vəziyyət elan etsə də, həyəcanlı xəbərlərin ardı-arası kəsilmirdi. Qarşıdurma pik həddə çatmış, silahlı dəstələr göz-gözə dayanmışdılar, hər an tətiklər çəkilə bilərdi. Təcrübəsiz və naşı şəxslərin rəhbərlik ambisiyaları nəticəsində rayonlar bir-birinin ardınca işğala məruz qalır, respublikada hakimiyyət böhranı yaşanır, qanunlar işləmir, silahlı dəstələr bütün bölgələrdə tüğyan edir, insanları ağır həyat şərtləri çıxılmaz vəziyyətə salırdı. Ən qorxulusu o idi ki, Azərbaycan dərin bir uçurumun kənarında, müstəqilliyini itirmək təhlükəsinin bir addımlığındaydı. Hələ 1992-ci ildən Azərbaycan xarici qüvvələrin maraqlarının kəsişmə nöqtəsinə düşmüşdü və onlar neft səltənətinə yağlı tikə kimi baxırdılar.

"Tövbə", "Qardaşlıq" cəmiyyətləri və onların silahlı dəstələri Ayaz Mütəllibovu, Gəncədəki 709-cu hərbi hissə Surət Hüseynovla Rəhim Qazıyevi, Lənkərandakı 704-cü hərbi hissə (keçmiş Sovetlər Birliyinin 60-cı motoatıcı dviziyası) Əlikram Hümbətovu, Xüsusi Təyinatlı Polis Dəstəsi Rövşən Cavadovu, "Boz qurd"lar İsgəndər Həmidovu, Xalq Cəbhəsinin silahlı qruplaşmaları isə Əbülfəz Elçibəyi dəstəkləyirdi. Bir tərəfdə öz hakimiyyətini qoruyub saxlamaq istəyən Ayaz Mütəllibovun komandası, digər tərəfdə isə nəyin bahasına olursa-olsun, hakimiyyəti qamarlamaq yanğısı ilə meydana atılan cəbhəçi "bəylər" siyasi qütbləşməni, qarşıdurmanı daha da gücləndirirdilər. Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz bu xəyanətkar qarşıdurmanın nəticəsində baş vermişdi. AXC-Müsavat cütlüyünün hakimiyyət eşelonu bircə gün də olsun dövlət idarəetməsində işləməyənlərdən ibarət, səriştəsiz kadrlardan ibarət idi. Ona görə də xalqın hakimiyyətdən narazılığı son həddə, eyni zamanda ölkə tam iqtisadi tənəzzülə, siyasi-diplomatik iflasa və vətəndaş müharibəsinə çatmışdı.

Belə çətin və ziddiyyətli bir məqamda, 1993-cü il mayın 25-də prezident Əbülfəz Elçibəyin sədrliyilə hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi. Prezident aparatındakı müşavirə bir çox qaranlıq məsələlərin üzərinə işıq saldı. Məlum oldu ki, ölkə iqtisadiyyatı dağılır, Azərbaycanda rüşvətxorluq, korrupsiya, özbaşınalıq dəhşətli vəziyyətə gəlib çatıb, respublikada talan baş alıb gedir. Yaşlı insanlar yaxşı xatırlayırlar, müşavirə televiziya vasitəsilə canlı yayımlanırdı. Əbülfəz Elçibəyin çıxışı müşavirədə iştirak edənlərin başı üzərində şimşək kimi çaxdı, qarşılıqlı ittihamlar səsləndirildi, günahkar axtarışı isə nəticəsiz qaldı. Əslində Əbülfəz Elçibəy günahkarları nişan vermişdi. Həmin çıxışın bəzi məqamlarına diqqət yetirək. Ə.Elçibəy müşavirədəki çıxışında deyirdi: "Respublikada rüşvət, talan baş alıb gedir. Nizami demişkən, oğurlanan maldan xəbər yoxdursa, deməli, gözətçinin orada əli var. Bu işlərə polis, prokurorluq, bir də məhkəmə orqanları nəzarət etməlidirlər. Deməli, ölkədə rüşvət və talanın baş alıb getməsində burada oturan adamların əli var. Bunu nə ilə izah edərsiniz? Bax, hamımız buradayıq. Mənə nə cavab verə bilərsiniz ki, sabah camaata deyə bilək? Demirlər ki, dövlət qurursuz? Qururuq. Kadrlarımız burada oturan bəylərdir. A bala, bu ölkəni niyə dağıdırlar? Burada, sizinlə birgə oturanlar deyirlər ki, dədələrinə rəhmət, kommunistlərin vaxtında rüşvət bu qədər deyildi. Rüşvət bir belə deyildi. Vaxtilə rüşvətə görə hamı cəza alırdı, bunu bilirsiniz. İndi yaranmış bu biabırçı vəziyyətin səbəbini mənə izah edin. Gəlin bunun səbəbini tapaq, sabah xalqın qarşısına çıxaq, qəzetdə də yazaq ki, ay xalq, bunun səbəbi bu idi. Mən bunun səbəbini izah edə bilmirəm. Xahiş edirəm, çıxış edənlər bu suala cavab versin".

Lakin müşavirədə çıxış edənlər acı reallıqdan, müzakirə edilən məsələdən söz açmayaraq izi itirməyə çalışırdılar. Əbülfəz Elçibəy bunu yaxşı bildiyi üçün tez-tez çıxışları kəsməyə məcbur olurdu: "Gömrükxana dağılır, Xarici İqtisadi Əlaqələr Nazirliyi dağılır, nə bilim, benzin, neft, yanacaq satılır, bir hissəsi dağıdılır. Burada oturan bəylərin və xanımların və mənim hesabıma respublika o günə gəlib çatıbdır ki, Azərbaycanın bəzi rayonlarında benzin tapılmır, amma Azərbaycan benzini aparılıb Ermənistanda satılır, özü də külli miqdarda pula. Bunu adi vətəndaşlar da bilir. Özü də hamımız deyirik ki, Azərbaycanı dağıdıblar. Camaat deyir ki, burada oturanların çoxu birtəhər olsaydı, canımız qurtarardı. Bunlar - Xalq Cəbhəsi birtəhər olsaydı, canımız qurtarardı. Bu vəziyyət cəmiyyətimizdə yaranmış böyük bir bəladır və hüquq-mühafizə orqanları buna cavab verməlidirlər. Heç kim yığdığını axıra kimi yeməyəcək. Bunu birdəfəlik aydınlaşdırmaq lazımdır. Əgər bu xalq azadlıq və demokratiya uğrunda mübarizəyə qalxıbsa, böyük imperiyadan canını qurtara bilibsə, bir gün gələcək ki, aramızda olan bəzi adamlardan da yaxasını qurtara biləcəkdir. Xahiş edirəm, bunu izah edəsiniz - prokurorluq da, məhkəmə də, polis orqanları da. Bu üç orqandan kənarda heç nə ola bilməz. Bu üç təşkilatın bilmədiyi şey yoxdur. Xahiş edirəm ki, bu gün buna cavab tapılsın. Bilim ki, bu ölkə dağılıbdır və biz camaata nə cavab verəcəyik".

Müşavirədə Ə.Elçibəyin Gömrük Komitəsinin sədrinə ünvanladığı cavabsız suallar, digər nazirliklərdə korrupsiya ilə bağlı sadalanan faktlar, hərbidə tüğyan edən maliyyə və kadr özbaşınalığı, torpaqların bir-bir təslim edilməsi qarşıdan gələn tufanın işartıları idi. Müşavirədə səslənən fikirləri, qarşılıqlı ittihamları təhlil etdikcə bir məqam bütün çılpaqlığı ilə özünü büruzə verir: iqtidar siyasi süqutunu şərtləndirən səbəbləri müzakirə edərkən xalq və dövlət qarşısında xəyanətlərini, səriştəsizliyini bütünlüklə etiraf etmişdi. Həmin müşavirədə AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, əsl mahiyyəti, acgözlüyü və xalqa xəyanəti öz dilləri ilə açılmışdı. Əbülfəz Elçibəyin hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanladığı suallardan bir neçəsinə diqqət yetirək: "Deyin görüm, respublikanı niyə dağıdırsınız? Bizdə demokratiya anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz".

Əbülfəz Elçibəy ölkəni ağuşuna alan xaosun miqyasının çox böyük olduğunu, bütün bunların yaranmasında bilavasitə məmurların fəal iştirak etdiyini yaxşı bildiyi üçün müşavirədə yekun sözü söyləmədi. Demokrat bəylər yaxşı anlayırdılar ki, AXC-Müsavat iqtidarının süqutu qaçılmazdır. Həmin müşavirədən 9 gün sonra Ə.Elçibəy Kələki kəndinə, komandası isə aqressiv müxalifətçiliyə yollandı. Ölkə başsız qaldı, Ali Sovetin sədri İsa Qəmbər vəziyyəti sabitləşdirmək iqtidarında deyildi. Baş nazir Pənah Hüseyn istefa vermişdi, "ağ evdə" qara qanlar axırdı, qorxu və həyəcan hökm sürürdü. Səlahiyyət verdikləri yun zavodunun direktoru Surət Hüseynov iyunun 4-də Gəncədə qiyam qaldıraraq AXC-Müsavat hakimiyyətinə ultimatum göndərdi. Qiyamçı polkovnik elan etdi ki, Bakıya gələrək Azadlıq meydanında dar ağacı quracaq və hakimiyyət təmsilçilərindən bir çoxunu həmin dar ağacından asacaq. Bu xəbərdarlıqdan sonra onun rəhbərliyi ilə qoşun hissələri Bakıya doğru hərəkətə keçdi, ağır hərbi texnikalar Navai postunun yaxınlığına qədər irəliləmişdi. Rayonlarda cəbhəçi "bəylərin" təyin etdikləri icra başçılarının çoxu vəzifədən qovulmuş, bir neçəsi isə həbs edilmişdi. Onların birillik hakimiyyətinin acı sonluğu xalqı vətəndaş müharibəsinə gətirib çıxarmışdı. 4 iyun qiyamı milli azadlıq hərəkatının dalğasında hakimiyyətə gəlmiş və böyük əksəriyyəti qeyri-peşəkar, təcrübəsiz insanlardan ibarət olan bir komandanın yürütdüyü siyasətin acınacaqlı nəticəsi idi.

Xalq nicat yolu axtarırdı. Nəzərlər Naxçıvana yönəldi, xalqın haqlı tələbi və təkidi ilə ulu öndər Heydər Əliyev Bakıya gəldi və səhərisi gün jurnalistlərin müşayiəti ilə Gəncə şəhərinə yola düşdü. Gəncədə qardaş qanı tökülmüşdü, Azərbaycan parçalanmaq təhlükəsi ilə üzləşmişdi, silahlı dəstələr at oynadırdılar, qanunlar ayaqlar altına düşmüşdü, onu yalnız Heydər Əliyev xilas edə bilərdi və etdi də. Ə.Elçibəy həmin ərəfədə etiraf etmişdi: "Biz doğrudan da dövlətimizi itirəcəyik. Bu dövlət yenə də bir vaxt yaşayacaq. Amma biz qanın içində gedəcəyik".

Cəbhəçi rəhbərləri öz qanlarında boğulmaqdan və dar ağacından Heydər Əliyev xilas etdi. Bir il ərzində ağır məhrumiyyətlər yaşayan xalq öz liderinə arxalandı. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tar-mar edilmiş ölkədə həyat öz ahənginə qaytarıldı, sabitlik bərpa edildi, qanunlar işləməyə başladı və qarşıda tənəzzüldən tərəqqiyə gedən bir yol dayanmışdı. 1994-cü ilin may ayında cəbhədə atəşkəs elan edildi, ordu quruculuğu prosesi başlandı, Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəni bürümüş humanitar fəlakətin qarşısı alındı. Azərbaycanın başı üzərində əsən qasırğalar ram edildi. Təbii ki, xalqımız AXC-Müsavat hakimiyyətinin cinayətlərini, dövlətin malının, mülkünün talanmasını, silsilə xəyanətləri unutmur.

Salman ALIOĞLU,

"Respublika".