Xalqa, dövlətçiliyə sədaqətlə xidmət vəzifəsi
Digər xəbərlər

Xalqa, dövlətçiliyə sədaqətlə xidmət vəzifəsi

23 avqust 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması və Azərbaycan Respublikasının Prezidentinə tabe edilməsi haqqında Fərman imzalamışdır.

Dövlət... Onun öz atributları var: gerb, bayraq, pul vahidi, sərhədlər... Bütün bunlar beynəlxalq hüquq normaları çərçivəsində təsbit olunur. Dövləti qurmaq hələ hər şey demək deyildir, onu qoruyub saxlamaq lazımdır. Ulu öndərin təbirincə desək, dövləti qoruyub saxlamaq isə onu qurmaqdan daha çətindir. Milli dövlətçiliyin qorunması üçün onun xüsusi dövlət mühafizə sistemi olmalıdır...

Ölkəmizdə xüsusi mühafizə sisteminin qurulmasından 104 il keçir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə, ölkə parlamentinin 1919-cu il fevralın 18-də keçirilmiş 15-ci iclasında Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında qanun qəbul edilib. Qanuna əsasən parlamentin ixtiyarında olan Məclisi Məbusan Xassə Qoruyucu Bölüyü yaradılıb. Podpolkovnik Nağı Əlizadə mühafizə bölüyünün rəisi vəzifəsinə təyin olunub.

Sovet hakimiyyəti dövründə xüsusi mühafizə xidməti bəzi dəyişikliklərə məruz qalsa da, zəruri qurum kimi fəaliyyətini davam etdirib. 1931-1935-ci illərdə Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi, 1936-1972-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizyonu, 1972-ci ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Partiya-sovet orqanları mühafizə şöbəsi fəaliyyət göstərib. Bu qurum 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir müddət Prezident Aparatı yanında Mühafizə İdarəsi kimi fəaliyyətini davam etdirib. Həmin il dekabrın 5-dən isə yenidən Daxili İşlər Nazirliyinin tərkibində Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi kimi fəaliyyət göstərib. 1992-ci il fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi birləşdirilib və Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi yaradılıb.

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə digər sahələrdə olduğu kimi, xüsusi dövlət mühafizəsi sahəsində də yeni mərhələ başladı. Belə ki, 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsilə 1991-ci il dekabrın 25-də yaradılmış Azərbaycan Respublikasının Milli Qvardiyasının bazasında Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması haqqında Fərman imzalandı. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən ümummilli lider Heydər Əliyevin sentyabrın 20-də imzaladığı Fərmanla Baş Mühafizə İdarəsinin Əsasnaməsi və strukturu təsdiqləndi.

Ulu öndər tərəfindən ölkəmizdə xüsusi mühafizə sisteminə diqqət və qayğı üzərində qurulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu sahə də sürətlə inkişaf edib. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il martın 16-da imzaladığı "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərman ölkəmizdə bu sahədə fəaliyyətin müasir dövrün tələbləri nəzərə alınmaqla yenidən qurulması baxımından mühüm addım oldu. Fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilərək onun əsasında üç dövlət orqanı - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.

Xüsusi dövlət mühafizə sisteminin şəxsi heyəti Azərbaycan Respublikasının ərazi bütövlüyü, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, respublikamızda baş verə biləcək terror aktlarının qarşısının alınması kimi ən mühüm sahələrdə daim nümunəvi fəaliyyəti və fədakarlığı ilə diqqəti cəlb edir. Birinci Qarabağ müharibəsində şəxsi heyətdən 13 nəfər şəhid olub, 21 nəfər itkin düşüb. 55 nəfər isə ağır yaralanıb. Yaralanan hərbi qulluqçulardan 15 nəfəri əlil olub.

Milli dövlətçiliyimizin qorunması işində mühüm yer tutan xüsusi dövlət mühafizə sistemində çalışan əməkdaşların fədakar və nümunəvi fəaliyyəti Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən daim yüksək qiymətləndirilir.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün - avqustun 23-ü ölkəmizdə Xüsusi Dövlət Mühafizəsi sistemi əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Zümrüd QURBANQIZI,

"Respublika".