Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür?
Ekologiya

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür?

Hazırda iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Onlardan biri də Xəzər dənizində suyun səviyyəsinin getdikcə aşağı düşməsidir.

Bu proses son 20-30 ildə daha ciddi şəkildə müşahidə olunur. Onun da əsas səbəblərindən biri qlobal iqlim dəyişmələri nəticəsində Xəzərə tökülən çayların suyunun azalmasıdır. Doğrudur, müəyyən zamanlarda dənizdə suyun səviyyəsində enmələr müşahidə edilsə də, sonradan yenə də qalxıb. Yəni belə qabarma və çəkilmələr müxtəlif dövrlərdə baş verib. Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində mövsümi dəyişmələr labüddür. Suyun səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən dənizin su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır.

Dənizin dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axarında da azalma müşahidə edilir. Onu da qeyd etmək lazımdır ki, Xəzər dənizində suyun ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. 1977-1995-ci illər ərzində 2,5 metr artıb və növbəti illərdə yenidən azalma müşahidə olunub. Sonra 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir. Tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcək. Tarixi mənbələrdə vaxtilə məşhur Qız Qalasının dəniz sularının içərisində olması haqqında məlumatlara rast gəlirik. Hazırda isə dənizlə qalanın arasında kifayət qədər məsafə yaranıb. Deməli, Xəzər sularının çəkilməsi prosesi nə bu günün, nə də dünənin işidir.

Göründüyü kimi, məsələ olduqca ciddidir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində yaranmış vəziyyətlə bağlı deyib: "Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik".

Xəzər dənizinin su balansının 4/5 hissəsini çay axıntıları təşkil edir. 130-dan çox çay Xəzərə axır və onların 9-nun mənsəbi delta xarakterlidir. Bu çaylara misal olaraq Astaraçay, Viləşçay, Volqa, Qaraçay, Kür, Samur, Ural və digərlərini göstərmək olar. Volqa Xəzərə axan ən böyük çay olmaqla su balansının dənizə səth axınının ümumi həcminin 82 faizini təşkil edir.

Eyni zamanda Xəzər dənizinin səthinə düşən yağıntılar da su balansının gəlir hissəsi hesab edilir. Bütün bunlarla yanaşı, son illər yeraltı su balansının gəlir hissəsində rolu və dəniz səviyyəsinə təsiri də zəifdir. Bir çox alimlərin gəldiyi qənaət isə ondan ibarətdir ki, atmosfer sirkulyasiyasının qlobal dəyişməsi dəniz səviyyəsinin dəyişkənliyinə təsir göstərir. Bu dövrdə stabil formada ardıcıllıq yoxdur. Günəş aktivliyinin atmosfer sirkulyasiyasına təsirinin fiziki mexanizmi də məlum deyildir. Xəzər dənizinin çoxillik səviyyə tərəddüdü və günəş aktivliyinin dəyişməsi cədvəlinin analizi nəticəsində müəyyən olunmuşdur ki, dənizin səviyyə tərəddüdləri günəş aktivliyindən asılıdır.

Dünyanın ən böyük gölü olan Xəzər dənizinin səviyyəsi 1995-ci ildən sürətlə azalmaqda davam edir. Bu səviyyə dəyişmələri artıq 100 ilə yaxındır ki, müxtəlif elmi-tədqiqat işləri ilə təhlil edilir. Xəzər dənizinə axan çay suyunun gah azalıb, gah artması da əsas səbəblərdən biridir. Məlumdur ki, çaylarda da su həmişə eyni səviyyədə ola bilmir. Burada düşən yağıntılar, əriyən qar təbəqəsi də böyük rol oynayır. Dünyada baş verən iqlim dəyişiklikləri nəticəsində artıq son illər qar və yağış yağıntılarında da azalma müşahidə edilir. Ona görə də dənizin səviyyəsində belə kəskin dəyişmələr baş verir. Məsələn, Xəzəri qidalandıran əsas su hövzələrindən biri də Kür və Araz çayıdır. Son zamanlar bu çayların suyunda da azalma hiss olunur. Başlıca səbəblərdən biri də trans-sərhəd su götürmələrinin artmasıdır. Yəni Türkiyədə, Gürcüstanda, İranda Araz və Kür çaylarından daha çox su götürülür. Bu da çaylarda suyun azalmasına səbəb olur. Bütün bunlar onu deməyə əsas verir ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi son illərin aktual, bir o qədər də cəmiyyəti ciddi narahat edən müzakirə mövzusudur. Hətta bir müddət əvvəl suyun çəkilməsi nəticəsində Bakı bulvarının sahilində illər əvvəl batan gəminin qalıqlarının üzə çıxması narahatlığı daha da artırıb. Aydın məsələdir ki, iqlim dəyişməsi, yağıntıların həcminin azalması, istiləşmə, buxarlanmanın artması, günəş şüalarının təsiri nəticəsində Xəzərə daxil olan suyun həcmi azalır. Çünki dənizə axan su hövzələrindən insanların suvarma və təsərrüfat üçün, həmçinin içməli su mənbəyi kimi istifadəsi də problemi daha da artırır. Digər bir problem də son illər dünyada havanın daha çox isti keçməsidir ki, bu da dənizdə suyun buxarlanmasına səbəb olur. Yəni qlobal isitləşmə nəticəsində Xəzərin hövzəsinə tökülən suyun həcmi də azalır.

Azərbaycanda Xəzər dənizinin səviyyəsi hər gün iki yerdə ölçülür - Neft Daşları və Bakı buxtasında. Nəticələr göstərir ki, Xəzərin səviyyəsində enmələr davam edir. Azərbaycan ilə yanaşı, Türkmənistan, Rusiya, Qazaxıstan və İran da Xəzəryanı ölkələrdir. Suyun səviyyəsinin azalması ölkəmizlə yanaşı, bu dövlətlərdə də ciddi fəsadlara gətirib çıxara bilər.

Ramidə YAQUBQIZI,

"Respublika".