Yaşıl enerji: sözdə deyil, əməldədir
Ekologiya

Yaşıl enerji: sözdə deyil, əməldədir

Hər dövrün özünəməxsus qlobal problemləri olur. Zaman-zaman həmin məsələlər öz həllini tapır və digər problemlər ön plana çıxarılır. Burada dövlətlərin üzərinə düşən əsas vəzifə isə prosesdə yaxından iştirak etmələri və alternativ həll yolları tapmalarıdır. Son yüz ilin əsas qlobal problemləri isə istiləşmə, ətraf mühitin çirklənməsi, zərərli qazların, maddələrin təbiətə buraxılması və çaylara axıdılmasıdır. İllərdir beynəlxalq təşkilatlar problemi aradan qaldırmaq üçün əllərindən gələni edir, forumlar keçirir, maarifləndirici filmlər, çarxlar çəkilir, televiziya verilişləri təşkil edilir.

Bu gün Azərbaycan neft-qaz ölkəsi kimi məsələyə olduqca həssas yanaşır. Cari ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hazırda ölkə daxilində aparılan bərpaolunan enerji layihələri uğurla icra edilir. Əslində bütün məsələlərə çinli filosofun məntiqi ilə yanaşsaq dünya daha gözəl olar. Belə ki, Konfutsinin sözlərinə görə, hər kəs evinin önünü süpürsə, küçələr təmiz olar. Qlobal məsələlərlə bağlı hər kəs öz ölkəsində bir iş görsə, onda problem daha tez bir zamanda aradan qalxar. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə icra edilən  "Hərəmiz bir ağac əkək" layihəsi də məhz bu prinsipə əsaslanır. Dünyada 8 milyarddan çox insanın yaşadığını nəzərə alsaq, bu böyük meşələrin  salınması planetə daha böyük töhfə verər. Milyardlarla ağac həm də gələcək üçün özümüzdən sonra qoya biləcəyimiz ən gözəl işdir.

Yaşıllaşdırma işləri mütləq artırılmalıdır. Bu gün bütöv Azərbaycanın hər bir bölgəsində ağacəkmə aksiyalarının keçirilməsi ilə yanaşı, "yaşıl enerji" siyasəti də yüksək səviyyədə yürüdülür. Müxtəlif layihələr həyata keçirilir, yeni planlar hazırlanır. Bu layihələr  arasında keçən ilin oktyabr ayında açılış mərasimi baş tutan və ilk böyük  Qaradağ Günəş Elektrik Stansiyası xüsusi yer tutur. Hansı ki, bu stansiyanın gücü 230 meqavatdır. Bu da ölkə və region üçün olduqca kifayət qədər yüksək göstəricidir. Əlbəttə ki, bərpaolunan enerji mənbələri nə qədər çox olsa, elektrik enerjisi istehsalı üçün istifadə edilən təbii qaza bir o qədər qənaət ediləcək.

Şübhəsiz ki, Odlar yurdunun bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialı var. İstər Xəzər dənizində, istərsə də quruda bu potensial kifayət qədərdir. Bütün bunların nəticəsi olaraq bu gün respublikamız "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tutur. Artıq qərara alınıb ki, inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək stansilayalarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya nəql edilsin. Bütün bunlar sadəcə başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək respublikamız 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi nəzərdə tutur.

Hazırda bir sıra dövlətlər yalan və heç bir əsası olmayan iddialarla çıxış edirlər ki, guya Azərbaycan neft-qaz ölkəsi olaraq ətraf mühitə zərər vurur. Bu tamamilə səhv yanaşmadır. Çünki Azərbaycan hazırda Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə birinci yeri tutur. Bundan başqa, rəsmilər açıqlayıb ki, Azərbaycanın ən böyük neft şirkəti kimi, SOCAR-ın bütün neft-qaz əməliyyatlarında 2030-cu ilə qədər normal hasilat prosesində yandırmaların sıfıra endirilməsi qarşıya məqsəd qoyulub. 2022-ci il baza dövrü ilə müqayisədə 2030-cu ilə qədər "Upstream" seqmentində emissiya intensivliyinin 30 faiz, 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30 faiz azaldılmasının, 2035-ci ilə qədər "Sıfır metan" hədəfinə yaxınlaşmanın və 2050-ci ilə qədər "Xalis sıfır" hədəflərinə çatması nəzərdə tutulur. Ölkə başçımız da Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bu məsələyə toxunaraq bildirib ki, biz indi qazıntı yanacağının bir növ yalnız problem yaradan bir məsələ olması meylini görürük. Lakin ədalətli olmaq lazımdır. Xüsusilə də neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə qarşı. Çünki bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır. Hesab edirəm ki, qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. Yalnız ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar. Əks təqdirdə, biz neft və qaz istehsal edən ölkələr və bu resurslara malik olmayan ölkələr arasında sanki ayırıcı xətlər görəcəyik.

Töhfə SƏMƏDOVA,

"Respublika".