Xəzəryanı dövlətlər arasında əməkdaşlığın inkişafı dövrün tələbidir
Digər xəbərlər

Xəzəryanı dövlətlər arasında əməkdaşlığın inkişafı dövrün tələbidir

Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur. Dənizin strateji önəmini artıran amillər onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Elə bu səbəbdən də, uzun illərdir 5 Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunu müəyyən edə bilmirdilər. Çünki keçmişdə Xəzər dənizi SSRİ və İranın daxili su hövzəsi hesab olunurdu. Beynəlxalq hüquq doktrinası da SSRİ - İran razılaşmasını qəbul edirdi. Amma 1991-ci ildə Sovet İttifaqının dağılması və sahil dövlətlərinin sayının 2-dən 5-ə çatması ilə Xəzərin hüquq statusu məsələsi yeni mərhələyə qədəm qoydu. Hazırda Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın Xəzərin bölünməsi ilə bağlı fərqli mövqe sərgiləməsi isə məsələnin həllini çətinləşdirir. Qarışıq vəziyyəti anlamaq üçün əvvəlcə ölkələrin nə istədiyinə diqqət yetirmək lazımdır.

Azərbaycan Xəzər dənizinin qərb sahilində yerləşir. Ölkəmiz Xəzər dənizinin dibinin və səthinin beynəlxalq konvensiyalara uyğun olaraq orta xətt boyunca 5 sektora bölünməsinin tərəfdarıdır və sahildən 25 dəniz mili məsafədə daxili sektorların yaradılmasını istəyir. Azərbaycan bu yanaşmada Rusiya və Qazaxıstanla ortaq mövqe sərgiləyir. Ölkəmizin əsas mübahisəsi isə İran və Türkmənistanla yaşanır. Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Amma Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmır. Bununla belə, sözsüz ki, Xəzəryanı ölkələr arasında ən radikal mövqe sərgiləyən İran idi. Tehran 1921 və 1940-cı illərdə imzalanan müqavilələrə əsaslanaraq, Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhinə idi. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmirdilər. 2018-ci il avqust ayının 12-də isə Aktauda Xəzəryanı dövlətlərin başçıları Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı konvensiyanı imzalayıblar.

Təbii ki, Xəzər ətrafında olan beş dövlətin hər birinin maraqlarına uyğun yeni hüquqi statusun müəyyən edilməsi asan məsələ deyil. Bununla belə, Xəzəryanı ölkələr arasında dənizin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı mütəxəssislər, işçi qrupları və dövlət rəsmiləri səviyyələrində ikitərəfli və çoxtərəfli danışıqlar aparılır. Son zamanlarda isə 5 dövlətin mövqeyində daha da yaxınlaşma hiss olunur.

Bu inkişaf 2020-ci il iyunun 29-30-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında da aydın şəkildə nəzərə çarpdı. Sözügedən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, İran Prezidenti Seyid İbrahim Rəisi və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardı. Görüşlərdə bir sıra regional məsələlər müzakirə olundu, Xəzər dənizinin problemlərinin həllində birgə əlaqəli şəkildə tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulandı. Dövlət başçısı çıxışı zamanı bölgədə əməkdaşlığın hüquqi baza əsasında formalaşdırılmalı olduğuna xüsusilə diqqət çəkdi:

"...Bizim qarşılıqlı fəaliyyətimizin əsasını Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovğasına çevrilməsi üçün yaxşı təməl yaradır".

Digər ölkələrin dövlət başçıları da İlham Əliyevin fikirlərini təqdir edərək ən qısa zamanda müvafiq addımların atılmasının zəruri olduğunu bildirdilər. Eyni zamanda, bu zirvə görüşü Xəzəryanı dövlətlərin dostluğunun və əməkdaşlığının inkişafında yeni mərhələnin əsasını qoydu və Xəzəri daha firavan regiona çevirmək üçün ölkələrin birgə əzmini möhkəmləndirdi.

Ümumilikdə, Xəzəryanı ölkələr arasında keçirilən ikitərəfli və çoxtərəfli görüşlər 5 ölkənin ticarət, tranzit, enerji, kənd təsərrüfatı və turizm sahələrində inkişaf etməsinə öz töhfəsini verəcək. Xəzəryanı ölkələrin özəl sektorları arasında əməkdaşlığın inkişaf etdirilməsi, lazımi dəstəyin göstərilməsi, rüsumların azaldılması iqtisadi əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Bu isə ümumilikdə bölgənin əhəmiyyətinin artması ilə nəticələnəcək.

Jalə QASIMZADƏ,

"Respublika".