Xocalıda şərəf, qürur, quruculuq dastanı yazılır
Sosial həyat

Xocalıda şərəf, qürur, quruculuq dastanı yazılır

Ən yeni tariximizin səhifələri azərbaycanlılara qarşı törədilmiş erməni cinayətləri ilə doludur, insan faciələri faşist və qaniçən ermənilərin vəhşiliyindən, zorakılığından, etnik nifrət və dözümsüzlüyündən xəbər verir. Düşmən haqqımızı və ədaləti tapdalayaraq uzun illər boyu xalqımıza qarşı işğal siyasəti həyata keçirib. Əlləri dinc və günahsız azərbaycanlıların qanına batan Serj Sərkisyan, Robert Köçəryan və çörəyi dizi üstündə olan digər şovinistlər sığınacaq tapdıqları torpağa xəyanət yolunu tutdular, saxta erməni tarixi quraşdırmağa cəhd etdilər. Havadarlarına arxayın olan erməni canilər Azərbaycana qarşı yeni ərazi iddiaları ilə hədə-qorxu gəlir, müharibədən dəm vururdular. Bu sərsəm bəyanatlar erməni qudurğanlığının və həyasızlığının pik nöqtəsi oldu.

2020-ci il sentyabr ayının 27-də Ermənistan ordusu sərhəddə yerləşən dinc yaşayış məntəqələrini və hərbi mövqelərimizi şiddətli artilleriya atəşinə tutdu. Dinc əhali və hərbçilər arasında həlak olanlar və yaralılar oldu. Şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Döyüşlərin ilk günlərində düşmən ordusu ağır itkilərə məruz qaldı, onlarla hərbi texnikası məhv edildi, bir neçə yaşayış məntəqəsi işğaldan azad olundu. 44 gün davam edən Vətən müharibəsi Ermənistanı diz çökdürdü, ağ bayraq qaldırmağa məcbur etdi, 30 illik işğala son qoydu. Ötən il sentyabr ayında keçirilən antiterror əməliyyatı cəmi 23 saatdan bir qədər artıq çəkdi, Qarabağda gizlənən Ermənistan orudsunun tör-töküntüləri, silahlı birləşmələr və digər cinayətkar dəstələr ağ bayraq qaldıraraq təslim oldular, silahı yerə qoyan ermənilərə qarşı rəsmi Bakı humanist mövqe göstərdi. Separatçıların bir çoxunun isə qollarına qandal taxılıb, istintaq orqanlarına təhvil verildi. Hayların törətdikləri bütün faciələrin qisası döyüş meydanında alındı, mülki erməni əhalisinin isə demək olar ki, burnu belə qanamadı, müqavimət göstərən silahlı dəstələr isə məhv edildi.

Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi. İndi Qarabağda yaralara məlhəm qoyulur, çırağı söndürülmüş yurd yerlərinin işığı yandırılır, bir-birindən gözəl və yaraşıqlı yaşayış məskənləri salınır, infrastruktur qurulur, keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı başlayıb, azad edilmiş torpaqlara ləyaqətli və şərəfli həyat qayıdır.

Hava şəraitinin soyuq və yağmurlu keçməsinə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq və bərpa işləri bir gün də olsun, dayanmır. Ağdam, Füzuli, Şuşa, Kəlbəcər, Laçın, Cəbrayıl, Xocalı və işğaldan azad olunmuş digər rayonlarda tikinti işləri intensiv şəkildə aparılır. Ötən ilin sentyabrından sonra Xocalı şəhəri isə sözün əsl mənasında tikinti meydanına çevrilib. Yaxın zamanlarda keçmiş məcburi köçkünlərin kütləvi şəkildə doğma yurduna köçürüləcəyi ərazilərdən biri də məhz Xocalı şəhəridir. Hazırda burada 253 mənzildən ibarət böyük bir yaşayış massivinin tikintisi sürətlə aparılır. Laçın şəhərinin mərkəzindən keçən Həkəri çayının sağ və sol sahilində olduğu kimi, Xocalıda da Qarqar çayının ətrafında geniş bulvar və yaşıllıq zolaqları salınır, gəzinti və istirahət məkanına yaxın ərazilərdə fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur. Şəhər ərazisində biri beşmərtəbəli, digərləri 2-3 mərtəbəli olmaqla 110 mənzillik binalar da tədricən istifadəyə veriləcək. Bundan əlavə, 18 hektar ərazidə "fin evləri" adlanan 92 kottecdə təmir-bərpa işləri başa çatmaq üzrədir. Qeyd edək ki, yerli sakinlər də quruculuq prosesinə cəlb ediliblər. Xocalıya köçürüləcək ilk sakinlərin doğma yurdda məskunlaşdırılması ilə paralel şəkildə şəhərdə iaşə obyektləri də fəaliyyətə başlayacaq, müəssisələrin işi bərpa ediləcək. Həmçinin Xocalıda inşa edilən məktəb də bu ilin sentyabrında istifadəyə veriləcək. Hazırda məktəb binasında son tamamlama işləri görülür. Məktəbdə təxminən 150-ə yaxın şagird təhsil alacaq.

Xocalı rayonunun Malıbəyli kəndi də yenidən qurulur. Burada 123 fərdi yaşayış evində hörgü, bərpa işləri aparılır. Malıbəyli kəndindəki Üçbulaq ərazisi də abadlaşdırılır. Bulağın ətrafında yeni park salınacaq. Kəndə qaz, işıq və su xətləri çəkilir. Bu il sakinlərin kəndə köçü nəzərdə tutulur. Malıbəylidəki yeni şəhərcikdə isə müasir tələblərə cavab verən 5 mərtəbəli binalar inşa edilir. Kəndin bərpasında iştirak edən fəhlə və ustaların təxminən 60 faizi elə malıbəylilərin özləridir. Kənd məscidinin bərpası istiqamətində də iş görülür.

Qarabağda hər daşın altında bir tarix yatır, Ermənistanın cinayətkar rejimi və onların havadarları 30 ilə yaxın şəhərləri, kəndləri xarabalığa çeviriblər. Bu yerlərdə erməni vəhşiliyinin, vandallığının miqyası çox böyük, təbiətə vurduqları zərərin nəticələri çox ağırdır. Erməni faşistlər xalqımızın mədəni-dini abidələrini yerlə-yeksan ediblər, tariximizi, şəcərəmizin izini, qəbiristanlıqları yer üzündən silməyə çalışıblar. İslam dünyasının müqəddəs yerlərindən biri olan, "Allahın evi" sayılan məscidləri söküb dağıdan erməni vəhşiləri qatı düşmənçilik ruhunda bu məkanları murdarlayıb, dini inanclarımızı təhqir ediblər. Özlərini dünyaya "yazıq", "məzlum" kimi təqdim edən erməniliyin əsl siması başqa xalqlara qarşı dözümsüzlük, türk düşmənçiliyi və barbarlıqdır. Heç uzağa getmək lazım deyil, Qarabağda törətdikləri vəhşilik onların murdar xislətindən xəbər verir. İşğaldan azad edilən ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarixi mədəniyyət abidələri var. Xalqımıza məxsus yüzlərlə daşınmaz tarixi, mədəni və dini abidələr dağıdılıb, təhqir edilib, saxtalaşmaya və mənimsənilməyə məruz qalıb. Yurdumuzun ən qədim yaşayış məskəni olan Xocalıda bu vəhşilik daha qəddarlıqla törədilib. Xocalıda xalqımızın tarixini əks etdirən abidələr eramızdan əvvəl II minilliyin ikinci yarısı - I minilliyin əvvəllərində bu ərazinin böyük yaşayış məskəni olmasını sübut edir. Xocalı nekropolunun sahəsi 200 hektardır. Buradakı "Haçatəpə kurqanı"nın diametri 300 metrdir. Daş yaddaşı silmək məqsədilə ermənilərin dağıdıb gizlətməyə cəhd etdikləri abidələrin tədqiqi və bərpası tarixin ən qədim səhifələrini üzə çıxaracaq. Qeyd edək ki, Xocalının üç min ildən artıq bir dövrü əhatə edən abidələr kompleksi təkcə Azərbaycanın deyil, Qafqazın və Türk dünyasının maddi-mədəni irsinin araşdırılması baxımından da əhəmiyyətlidir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları ərazidə ilkin tədqiqat işlərinə başlayıblar. Əraziyə baxış keçirilib, arxeoloji abidələrin mövcud durumu öyrənilib. Mütəxəssislərin fikrincə, yeni araşdırmalar Qarabağın tarixinə dair qiymətli faktları aşkara çıxaracaq.

Xocalıda tikinti-quruculuq işləri aparan "Bakı Abadlıq Xidməti"ndən bildirilib ki, ərazidə olan kurqan tipli qəbir abidələrin tanıdılması və ictimailəşdirilməsi də nəzərdə tutulub. Müasir şəhər kimi dirçələcək Xocalıda unikal arxeoloji parkın təşkili turizmin inkişafına xidmət edəcək. Qədim abidələri ziyarət edən turistlər həm də yeni tarixin amansız faktı olan Xocalı soyqırımı barədə məlumat alacaqlar.

Açıq hava altında muzey kimi fəaliyyət göstərəcək Xocalı arxeoloji parkı yeni formatda təqdim ediləcək, eyni zamanda Qarabağın zəngin tarixi keçmişinin, maddi-mədəni irsinin təbliği və tanıdılması işində ən böyük layihə olacaq. Arxeoloji park sübut edəcək ki, Xocalı təkcə inzibati ərazi deyil, tarixi min illərə söykənən qədim yaşayış məskənidir. Bir sözlə, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalı şəhərində Prezident İlham Əliyevin tapşırığı ilə böyük miqyaslı quruculuq-tikinti işləri sürətlə aparılır. Görülmüş işlər xocalılıları ürəkdən sevindirir. Onların öz doğma ata-baba yurdlarına qayıdacaqları gün uzaqda deyil, indi Xocalının şərəf, qürur, quruculuq dastanı yazılır.

Salman ALIOĞLU,

"Respublika".