Region

"YAZAQ, ÇƏKƏK, YARADAQ"

Ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə fəal rol oynayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirilən 5 prioritetdən biri Azərbaycanın təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi olmasıdır.

Masallıda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyinin və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında "Yazaq, çəkək, yaradaq" adlı müsabiqə keçirilib. Müsabiqəyə bu günlərdə yekun vurulub.

Masallı Tarix-Diyarşünaslıq Muzeyində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Muzeyin direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva rayonun 22 ümumtəhsil məktəbindən 96 şagirdin esse, rəsm əsəri və əl işləri nominasiyaları üzrə müsabiqədə iştirak etdiyini, 12 şagirdin daha çox fərqlənərək I, II və III yerlərə layiq görüldüyünü bildirib. Müsabiqənin məqsədi şagirdlərin ana təbiətə münasibətlərini, təbiət hadisələrini öz yaradıcılıqları ilə çatdırmaq qabiliyyətlərini öyrənməkdən, istedadlı, yaradıcı gənclərin üzə çıxarılmasından ibarət olub.

Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ekoloji siyasətin uğurlarından, ölkəmizin ekologiya və ətraf mühitin mühafizəsi işinə verdiyi töhfələrdən danışıb.

Sonra qaliblərə Fəxri fərman və hədiyyələr təqdim olunub və müsabiqəyə təqdim olunan əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".