Yeni və müasir təhsil ocağı
Region

Yeni və müasir təhsil ocağı

Bu gün şanlı Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi bütövlüyünü əzmlə qoruyur, sərhədlərimizi qətiyyətlə müdafiə edir. İki il yarım bundan əvvəl qızğın döyüşlərin getdiyi ərazilərə yaxın yerlərdə yaşayan insanların qüruru, qorxmazlığı, ölkə başçısına və ordumuza dərin inamı, fədakarlıqları heç zaman unudulmayacaq.

Bomba yağışı altında yaşayanların dözümü düşmənə ən kəsərli cavab oldu. Evlər dağılır, insanlara ciddi ziyan dəyir, infrastruktur bərbad hala düşürdü və buna baxmayaraq heç kəs öz evini tərk etmir, xain düşmənin hərbi cinayətlərinə mərdliklə sinə gərirdi.

Birinci Baharlı qəsəbəsində yaşayan ağdamlılar əsl mərdlik nümayiş etdirdilər, dağıntılara və itkilərə baxmayaraq öz evlərini tərk etmədilər. Vətən müharibəsində düşmənin artilleriya atəşi nəticəsində Ağdam rayonunda 17 təhsil ocağına ziyan dəyib. Artıq məktəblərdən 16-sında dəyən ziyan aradan qaldırılaraq dərslər bərpa olunub. Birinci Baharlı qəsəbəsindəki məktəb isə tamamilə dağılmışdı.

Yeni ilin ilk günlərində Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində 432 şagird yerlik təzə məktəb binasının tikintisi başa çatıb. Ümumi tikinti sahəsi 2620 kvadratmetr olan məktəb binası ikimərtəbəlidir. Məktəbdə sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, qızlar və oğlanlar üçün texnologiya otaqları, hərbi hazırlıq, informatika kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, STEAM otaqları yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib. Məktəbin həyəti ətrafına hasar çəkilib, idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa edilib, işıqlandırma dirəkləri quraşdırılıb. Yerə tamet və asfalt örtük döşənib, abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Yeni və müasir məktəb şagirdləri öz qoynuna alacaq və divarlar uşaqların şən səsləri ilə yenidən cingildəyəcək.

Salman ALIOĞLU,

"Respublika".