Elin unudulmayan igid oğlu
Region

Elin unudulmayan igid oğlu

İkinci Qarabağ müharibəsində haqq mübarizəmizdə doğma Azərbaycanın hər qarış torpağı naminə vuruşub canını fəda edən igidlərdən  biri də Ayxan Fariz oğlu Qurbanzadədir. 

Qəhrəmanlıq göstərərək adını yeni tariximizə yazan Vətən sevdalısı 25 iyul 1998-ci ildə Lənkəran rayonu, Şağlakücə kəndində dünyaya göz açmışdı. Ayxan Füzulinin azad edilməsi uğrunda xüsusi şücaət göstərməklə erməni dığalarına qan uddurub. Düşmənin kabusuna çevrilərək onun çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv edib.  Hünəri dillərdə dastan olan Ayxan Füzuli-Hadrut istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı  yağı düşmən tərəfindən atılan  artilleriya atəşi nəticəsində şəhid olaraq əbədiyyətə qovuşub.

Ölməz qəhrəmanımız indi milyonların ürəyində yaşayır. Dövlət isə onu Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə "Vətən uğrunda", "Cəsur döyüşçü", Şuşanın, Füzulinin azadlığı uğrunda medallarına layiq görüb. Doğma kəndində xatirəsinə bulaq kompleksi inşa olunub. İndi ora camaatın ən çox ziyarət etdiyi müqəddəs yerdir.

Bu günlərdə  Vətən müharibəsi şəhidi Ayxan Qurbanzadənin doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Mərasimdə şəhidin qısa, lakin şərəfli həyat yolundan, Vətən müharibəsində göstərdiyi rəşadətdən söhbət açıblar. Şəhidin ailəsi dövlət başçısına, xalqına minnətdarlıq edib, bildiriblər ki, Ayxan Vətən uğrunda şəhid olub. O, təkcə bizim ailənin yox, bütün şanlı Azərbaycanın fəxridir.

Z.ORUCOĞLU.