Yüksəkkeyfiyyətli tibbi xidmətlərin təşkili ilk növbədə peşəkar mütəxəssislərin səmərəli fəaliyyəti ilə bağlıdır
Sosial həyat

Yüksəkkeyfiyyətli tibbi xidmətlərin təşkili ilk növbədə peşəkar mütəxəssislərin səmərəli fəaliyyəti ilə bağlıdır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə olaraq Dünya Azərbaycanlı Təbiblərinin Simpoziumu keçirilir.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan simpoziumun təntənəli açılış mərasimində Azərbaycan Respublikasının səhiyyə qurumlarının rəhbərləri, nazirlər, xaricdə yaşayan və çalışan həkimlər, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, tanınmış həkimlər, özəl və dövlət tibb müəssisələrinin direktorları və digərləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra TƏBİB və Azərbaycan Televiziyasının birgə ərsəyə gətirdiyi və Ulu Öndər Heydər Əliyevin səhiyyənin inkişafındakı roluna həsr edilən film nümayiş olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumu iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib (Prezidentin simpozium iştirakçılarına müraciəti qəzetin 18 iyun nömrəsində dərc olunur).

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev belə böyükmiqyaslı tədbirin keçirilməsinin və müstəqil Azərbaycan səhiyyəsinin memarı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasının önəmini vurğulayıb: "17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü bizim üçün ikiqat əhəmiyyət kəsb edir. Çünki bu peşə bayramı bir tərəfdən cəmiyyətin tibb işçilərinin əməyinə verdiyi yüksək qiymətin ifadəsidirsə, digər tərəfdən Azərbaycanın tibb ictimaiyyətinə şəxsən Ulu Öndər Heydər Əliyevin hədiyyəsidir. Dünya Azərbaycanlı Təbiblərin I Simpozimunun gündəliyi də həm elmi, həm də mədəni baxımdan zəngindir. Simpoziumun respublikamızda və ondan kənarda çalışan tibb mütəxəssisləri arasında peşəkar münasibətlərin gücləndirilməsinə, tibbin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinə, həmvətənilərimiz arasında həmrəylik mühitinin inkişafına töhfələr verəcəyinə əminəm".

Daha sonra çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev səhiyyənin yeni maliyyələşmə mexanizmi olan icbari tibbi sığortanın ölkə üzrə tətbiqinin əhalinin tibbi xidmətlərə çıxışını asanlaşdırdığını, vətəndaşların səhiyyə sistemindən məmnunluq səviyyəsini artırdığını söyləyib. Həmçinin o, belə genişmiqyaslı tədbirlərin Azərbaycanda tibbin inkişafına töhfə olduğunu deyib: "Çox yaxşı olardı ki, xaricdən gələn həkimlərimiz Azərbaycandakı həmkarları ilə mütəmadi əlaqədə olsunlar, əməkdaşlıq etsinlər. Hesab edirəm ki, inkişaf etmiş ölkələrin səhiyyə praktikasını Azərbaycanda tətbiq etmək, tibbin ən son yenilikləri, müayinə və müalicə metodları haqqında məlumatları həmkarları ilə bölüşmək faydalı olar".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov çıxış edərək son illərdə tibb sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib. Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində, Vətən müharibəsində və günümüzdə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətin yüksək səviyyədə qurulması ilə bağlı çıxış edib: "Bu gün tibb sahəsində dünyada gedən sürətli inkişafla ayaqlaşmaq üçün yüksək rəqabətli insan kapitalının formalaşdırılması prioritet təşkil edir. TƏBİB insan kapitalının mütəmadi inkişaf etdirilməsinə və yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasına böyük diqqət yetirir. Yüksəkkeyfiyyətli tibbi xidmətlərin təşkili ilk növbədə peşəkar mütəxəssislərin səmərəli fəaliyyəti ilə bağlıdır. Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 94 min 84 nəfər əməkdaş çalışır. Onlardan 53 min 389 nəfəri tibb heyətidir. Onu da qeyd edim ki, 2022-ci il üzrə TƏBİB-in tabeli tibb müəssisələrinə 12 min 379 nəfər işçi, 2023-cü ilin bugünkü gününədək isə 3 min 500 nəfərdən çox işçi qəbul edilib.

Hazırda xaricdə təhsil alan həkim-mütəxəssislərin TƏBİB-in tabeli tibb müəssisələrində işə qəbulu da aparılır. Həm regionlarda, həm də mərkəzdə yerləşən tibb müəssisələrimizdə 60 nəfərdən çox xaricdə təhsil alan azərbaycanlı həkimlərimiz işlə təmin olunub. Bu tendensiyanı gələcəkdə də davam etdirməyi düşünürük. Biz peşəkar həkimlərimizi Vətəndə, tibb mərkəzlərimizdə görməyə hər zaman şad olarıq".

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev son dövrlərdə Azərbaycanda tibb təhsilində kifayət qədər inkişafın müşahidə olunduğunu, burada bir neçə prinsipin önəmli olduğunu deyib: "Ən vacib amillərdən biri tibb təhsilinin əlçatan olmasıdır. Yəni savadlı, bacarıqlı məzunlar həkimlik ixtisasını seçəndə maliyyə onlar üçün maneəyə çevrilməsin. Bu istiqamətdə son illər ərzində hər il dövlət sifarişli yerlərin sayı artırılmaqdadır. Proqnoz yerlərə olan nisbətdə tibb ixtisaslarına münasibətdə 91 faiz yerlər dövlət sifarişi əsasında maliyyələşir. Yəni həkim olmaq istəyən 100 abituriyentdən 91-nin təhsil haqqı dövlət tərəfindən qarşılanır. Digər məsələ tibb təhsilinin əhatəliliyidir. Son dövrlərdə bu istiqamətdə bir sıra işlər görülüb. Biz təkcə paytaxtda deyil, regionlarda da ali təhsil müəssisələrində tibb fakültələrinin açılması istiqamətində mərhələli, yəni keyfiyyəti qurban vermədən fəaliyyətimizi davam etdirməliyik. Bu, həm tibb təhsilinə, həm də universitetin inkişafına qarşılıqlı töhfə verir".

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə fəaliyyət göstərən azərbaycanlı həkimlərin sayının 2 minə yaxın olduğunu qeyd edərək deyib: "Çox sevindiricidir ki, onlar xaricdə təkcə həkim fəaliyyəti ilə deyil, eyni zamanda, müxtəlif tibb sahələrində inzibati vəzifələrdə də irəli çəkilirlər".

Simpoziumda Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli çıxış edərək dünyanın müxtəlif ölkələrində çalışan həkimlərlə yanaşı, Azərbaycanda fəaliyyət göstərən həkimləri bir araya gətirən belə böyükmiqyaslı bir tədbirin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Almaniyanın Haydelberq Universitetinin Manhaym Tibb fakültəsinin Cərrahiyyə klinikasının həkimi, cərrah-onkoloq, tibb üzrə fəlsəfə doktoru, dosent Vüqar Yaqublu isə çıxışında Azərbaycanda səhiyyə sahəsində əldə olunan uğurlardan məmnunluğunu dilə gətirərək azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi imkanı qazandıqlarından məmnunluğunu ifadə edib.

İstanbul Liv Hospitalının Beynəlxalq Xəstə xidmətləri qrupunun həkimi Tural Xaspolad isə çıxışında dünyada tibb sahəsində gedən müasir yanaşmalar və tendensiyaların təqdim olunduğu simpoziumun iştirakçısı olduğu üçün TƏBİB-ə təşəkkürünü bildirib.

Tədbir bədii hissə ilə davam edib.

Xatırladaq ki, simpoziumun keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan azərbaycanlı həkimlərlə tibb sahəsindəki yenilikləri paylaşmaq və mütəxəssislər arasında təcrübə mübadiləsini təmin etmək, həmçinin xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə öz töhfələrini vermələri üçün yeni imkanlar yaratmaqdır.

Simpoziumda dünyanın 13 ölkəsində - Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Gürcüstan və Rumıniyada çalışan azərbaycanlı həkim-mütəxəssislər iştirak edirlər.

 Qeyd edək ki, simpozium iyunun 22-nə kimi davam edəcək.