Yurd yerlərimiz bizi gözləyir
MÜSAHİBƏLƏR

Yurd yerlərimiz bizi gözləyir

Tarix sübut edir ki, Qərbi Azərbaycan torpaqları bizə məxsusdur. Uzun illər ərzində erməni vandalları tərəfindən bu torpaqlarımızdakı yaşayış məskənləri dağıdılıb, bütün şəhərlər, kəndlər məhv edilib. Ermənilər toponimləri dəyişdirsələr də, tarixi sənədlər həmin şəhər və kəndlərin adlarının Azərbaycan mənşəli olduğunu göstərir.

1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.

İrəvanda və Qərbi Azərbaycanın digər ərazilərində məskunlaşdırılan hiyləgər, faşist xislətli ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Bu ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu, beləliklə, "böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" ermənilərin tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı.

1918-1919-cu illərdə Qərbi Azərbaycanda mərkəzi İrəvan şəhəri olmaqla qurulmuş Ermənistan Respublikasının daşnak hökumətinin bilavasitə rəhbərliyi ilə Göyçə mahalının əsasını təşkil edən Basarkeçər rayonunda onlarla kənd yerlə-yeksan edildi, çoxsaylı insan tələfatı oldu, sağ qalanlar isə münaqişə olmayan sakit ərazilərə qaçmağa məcbur oldular.

1918-1920-ci illərdə ermənilər Qərbi Azərbaycanda elə qanlı faciələr törətdilər ki, bunun üçün daşnak quldurlar tarix boyu tökülən qanların baisi kimi məsuliyyət daşıyacaqlar.

1948-1953-cü illərdə 150 min nəfər azərbaycanlı Ermənistandan sürgün edildi. Nəticədə əhali arasında kütləvi qırğın törədildi.

1988-ci ildə ermənilər Azərbaycan xalqına qarşı mənfur daşnak siyasətinin ən qəddar variantını həyata keçirdilər. Həmin ilin fevralından noyabr ayına qədər Qərbi Azərbaycandakı soydaşlarımız çox böyük amansızlıqla üzləşdilər.

Qətliam nəticəsində Ermənistandan çıxarılarkən 217 nəfərdən artıq azərbaycanlı həlak oldu. Bunlardan 20 nəfər yandırılmış, 35 nəfər müxtəlif işgəncələrlə öldürülmüşdür. Basarkeçər və Krasnoselo rayonundan olan 70 nəfər uşaq, qadın və qoca dağlarda borana düşmüş, yaxud qurda-quşa rast gəlib məhv olmuşdur. 18 nəfər güllə yarasından, 48 nəfər döyülməkdən ölmüşdür. 10 nəfərin meyiti tapılmamışdır. Bunların arasında başı kəsilənlər, maşınları təqib olunmaqla qəzaya uğrayanlar da vardır. Min nəfərdən artıq azərbaycanlı yaralanmış, böyük bir qismi şikəst olmuş, yaxud sağalmaz xəstəliyə düçar olmuşdur.

Ümumiyyətlə, 1988-ci ilin boranlı-çovğunlu günlərində 300 minə yaxın soydaşımız Qərbi Azərbaycandan - öz ata-baba yurdlarından zorla qovulmuş, o qədim Oğuz ellərində bir nəfər olsun azərbaycanlı qalmamışdır.

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların üzləşdikləri hadisələrə 1997-ci ilin 18 dekabrında Prezident Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmişdir.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla görüşü zamanı bildirdi ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə xalqımıza göstərilən ədalətsizliyi dünya ictimaiyyətinə çatdıracaqdır.

Vətən müharibəsində cəmi 44 gün ərzində 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız geri qaytarılmışdır. Daha bir strateji hədəf Qərbi azərbaycanlıların yurd yerlərinə qayıdışıdır. Gün gələcək ki, köç karvanları qəribsəmiş yurd yerlərinə dönəcək, Göyçədə, İrəvanda, Amasiyada, Zəngəzurda, Dərələyəzdə, Zəngibasarda çal-çağırlı günlərimiz başlayacaq, haqq, ədalət zəfər çalacaq.        

                                                                               Hamlet HACIYEV,

Müdafiə Sənayesi Nazirliyinin

Optika-Mexanika İstehsalat

Birliyinin baş mühəndisi.