Zəfər Günü doğulsa da...
Sosial həyat

Zəfər Günü doğulsa da...

Torpaq uğrunda, Vətən yolunda canından keçənlər ölmürlər, əbədi olaraq ürəklərdə, yaddaşlarda yaşayırlar. Onların hər biri qəhrəmanlıq, rəşadət, mərdlik nümunəsidirlər. Şəhid olanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Bu gün haqqında söz açacağımız qəhrəmanımız Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Nəcməddin Nurəddin oğlu Bədirov 2001-ci il noyabrın 8-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alan Nəcməddin məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Nəcməddin 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Nümunəvi əsgər olduğuna görə 3 tərifnamə alıb. Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 4-də Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində döyüşdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nəcməddin Bədirov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.

...Nəcməddingil ailədə üç uşaq - iki bacı, bir qardaş olublar. Evin sonbeşiyi olub Nəcməddin. Anasına "əsgərlikdən qayıdandan sonra səni işləməyə qoymayacağam, özüm işləyib hamınıza baxacağam" deyirmiş...

Müharibəyə aparılan gün Nəcməddin anası ilə telefon əlaqəsi saxlayıb. Ona "bizi cəbhəyə aparırlar, mənə çoxlu dua eləyin" deyib. Şəhidin anası Qərənfil Bədirova Vətən yolunda canını fəda edən 19 yaşlı balası ilə fəxr etdiyini bildirir: "Sentyabrın 28-də zəng vurub dedi ki, cəbhədəyəm, narahat olmayın. Dedi, "ana, Allaha çoxlu-çoxlu dua elə". İki gün sonra yenidən zəng vurdu. Hamımızla danışdı. Mənə dedi ki, "sən danış, qoy səsinə doyunca qulaq asım, həyatda ən çox sənə görə yaşayıram, heç nədən qorxma, oğlun qəhrəman olacaq". Mənim oğlum ağıllı uşaq olub. Balam fəxr ediləsi oğul idi. Elə dediyi kimi də oldu. Torpaq uğrunda canını verdi balam, qəhrəmanlıq göstərdi. Balamla fəxr edirəm".

Ata-anasını bacısı Ayselə əmanət edən Nəcməddin telefonda ona "mənə axıracan qulaq as, bizi müharibəyə apardılar, həyatdı, birdən sağ qayıtmasam, oğlun olsa mənim adımı qoyarsan, onunla fəxr edərsən. Qorxmayın, hər şey yaxşı olacaq, amma ürəyimə damıb ki, mən sağ gəlməyəcəyəm. Ata-anamı sənə, səni də Allaha əmanət edirəm", - deyib.

Sentyabrın 30-dan sonra Nəcməddinlə əlaqə saxlamaq mümkün olmayıb. Ailə üzvləri ondan heç cür xəbər tuta bilməyiblər. Bir müddət sonra ailəyə övladlarının itkin düşməsi barədə xəbər verilib. Noyabrın 23-də isə Nəcməddinin şəhid olduğu bildirilib. Ertəsi gün nəşi doğulduğu kəndə gətirilib və Düzqırıxlı kəndindəki məzarlıqda torpağa tapşırılıb.

19 yaşlı bu gənc Bədirovlar ailəsinin ilk şəhidi deyil. Onun əmisi Polad Bədirov da Birinci Qarabağ müharibəsində könüllü cəbhəyə yollanıb, Füzuli rayonun Şükürbəyli kəndində şəhid olub.

Vətən uğrunda canından, qanından keçən Nəcməddinin ailəsi üçün ən böyük təsəlli odur ki, artıq heç bir şəhidin qanı yerdə qalmayıb. İşğal olunan torpaqlarımız geri alınıb və o torpaqlarda yeni həyat başlayıb. Nə qədər ki canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var, Azərbaycan daim yaşayacaq, ucalacaq və qalib gələcək!

M.MİRZƏ,

"Respublika".