Zəngin mənəviyyata sahib əsl ziyalı
Region

Zəngin mənəviyyata sahib əsl ziyalı

Zərifə Əliyeva 100

“Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə yığıncaq keçirilib.

Tədbirdə çıxış edən “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Əli Hüseynov bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir.

Ağsu RİH başçısının müavini Sevil Mirzəliyeva çıxışında Zərifə xanım Əliyevanın böyük alim olmaqla yanaşı görkəmli ictimai xadim kimi də Azərbaycan tarixində xüsusi yer tutmasından, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı olmasından və Prezident cənab İlham Əliyev kimi məharətli və güclü siyasi lider yetişdirməsindən bəhs edib.

M.NƏRİMANOĞLU,

“Respublika”.