Ölümüylə ucalanlar
Region

Ölümüylə ucalanlar

44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərimiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Teymurzadə Nahid Üzeyir oğlu 23 iyun 1997-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdu. 2003-2014-cü illərdə İsmətli kənd tam orta məktəbində təhsil almışdı.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan oğullardan biri də şəhid Nahid Teymurzadənin xatirəsi ehtiramla anıldı.  

Teymurzadə Nahid Üzeyir oğlu 2015-ci ilin oktyabr ayından 2017-ci ilin aprel ayına kimi Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. N.Teymurzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə könüllü qoşulmuş, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Nahid Teymurzadə 22 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Teymurzadə Nahid Üzeyir oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşdülər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anıldı. Qeyd olundu ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu.


Ərəstun  ABDULOV,

 “Respublika”.