Sağlam həyat
Maraqlı

Sağlam həyat

Ədviyyatlardan istifadə edərkən ehtiyatlı olun

Bir çox fərqli sahələrdə faydası olan ədviyyatlardan xüsusilə xroniki xəstəlikləri olan insanların həkim məsləhəti olmadan istifadəsi tövsiyə olunmur. "Apetite" jurnalında dərc edilən məqalədə, düzgün istifadə edilmədikdə sağlamlığı təhdid edən bəzi ədviyyatların adları açıqlanıb. Mütəxəssislər zəncəfil, darçın, acı bibər və mixək kimi ədviyyatların gündəlik istifadəsi ilə bağlı mühüm məlumatlar paylaşıblar.

Alimlər ürək bulanması zamanı effektiv təsir göstərən zəncəfilin, bir sıra xərçəng növlərində şişin böyüməsinin qarşısını aldığını söyləyirlər. Üstəlik immunitet sistemini də gücləndirməklə tənəffüs yolu xəstəlikləri, öskürək, qrip və soyuqdəymə üçün mükəmməl olan zəncəfilin təzyiq, şəkərli diabet xəstələri üçün təhlükəli ola biləcəyi bildirilib.

Alimlər tərkibində yüksək miqdarda dəmir olduğu üçün qan azlığının müalicəsi, astma ilə mübarizədə faydalı təsir edən zirənin həddindən artıq istehlak edildikdə qaraciyər və böyrəklərə zərər verə biləcəyini deyirlər. C vitamini qaynağı olan, təbii antibiotik kimi tanınan Çili bibərin orqanizmimiz üçün möcüzəvi qida olduğunu qeyd edən alimlər, onun xərçəngə qarşı tətbiq edilən bəzi dərmanlarla qarşılıqlı təsir göstərə biləcəyini qeyd ediblər.

Bundan əlavə, qan şəkərini tarazlaşdıran və bu xüsusiyyətinə görə diabet xəstələrinə tövsiyə olunan darçının, belə xəstələrə həkim məsləhəti olmadan istifadəsi tövsiyə edilmir. Ən çox diş və ya diş əti xəstəlikləri üçün tövsiyə olunan mixək, yerli keyidici olaraq da istifadə edilir. Bitkilərdə çox nadir halda rast gəlinən Omega-3 və Omega-6 ilə seçilən mixək, immun sistemi ilə bağlı xəstəliklərin müalicəsində də tətbiq edilir. Daha çox çay kimi istifadə olunan mixəyin yağ olaraq istehlak edildikdə, xeyirdən çox zərər verə biləcəyi vurğulanıb. Mixək yağının bağırsaqlara mənfi təsir göstərərək orqanizmə zərər verə biləcəyi bildirilib.

 

Alzheimerin "açarı" beyində deyilmiş

İndiyə qədər bütün dünyada bir sıra tədqiqatlar aparılsa da, demansın ən çox yayılmış forması olan Alzheimer xəstəliyinin tam müalicəsi tapılmayıb. "Daily Mail"in məlumatına görə, britaniyalı alimlər bu xəstəliyin bağırsaq bakteriyaları ilə əlaqəli olduğunu ortaya çıxarıblar.

Bağırsaqlar, dərman və ya pəhriz dəyişiklikləri ilə daha asan idarə oluna bilir. Alimlərin yeni nəzəriyyəsinə görə, bağırsaq bakteriyaları bədəndəki iltihabın səviyyəsinə təsir edərək qan axını ilə beyinə çatır. Məhz buna görə də elm adamları bu xəstəliyi bağırsaqları hədəf alaraq müalicə edə biləcəklərinə ümid edirlər.

Mütəxəssislər Alzheimer xəstəliyinə düçar olmamaq və bu riski azaltmaq üçün yaşlandıqca beyni aktiv saxlamağın vacib olduğunu bildirirlər. Bundan əlavə fiziki sağlamlıq, sağlam qidalanma, normal bədən çəkisi, siqaretdən və spirtli içkilərdən uzaq durmaq, qan təzyiqi və xolesterini nəzarətdə saxlamağın önəmli amillərdən olduğu bildirilib.

Alzheimer xəstələrindən alınan nümunələrin təhlilində iştirak edən London Kral Kollecinin nevroloqu Dr. Edina: "Bir çox insan bağırsaq bakteriyalarının beyin sağlamlığına hər hansı təsir göstərə biləcəyinə təəccüblənir. Ancaq bunun sübutları getdikcə artır və biz bunun necə baş verdiyini anlayırıq. Bağırsaq bakteriyaları bədənimizdəki iltihabın səviyyəsinə təsir edir və bilirik ki, iltihab Alzheimer xəstəliyinin əsas səbəbidir. Biz bağırsaq bakteriyaları ilə əlaqəli iltihabın qan vasitəsilə beyinə təsir edə biləcəyinə inanırıq".

 

Acqarına qəhvə içmək görün nələrə səbəb olur

Bəzi insanlar səhərlər gözlərini açar-açmaz yeni günə gümrah başlamaq üçün bir fincan qəhvəyə ehtiyac duyur. Acqarına qəhvə içməyin yuxululuğu aradan qaldırdığı düşünülsə də, əslində onun xeyirdən çox zərəri olduğunu bilirsinizmi?

Mütəxəssislər səhərlər bu vərdişdən əl çəkməyimiz üçün bəzi səbəbləri açıqlayıblar. Elm adamları öd kisəsində daş olan insanların acqarına qəhvə içməməsini tövsiyə edirlər. Onlar bu içkinin öd kisəsinin büzülməsinə səbəb olmaqla onun kiçilməsinə və düzgün işləməməsinə gətirib çıxaracağını söyləyirlər. Onlar belə hallarda iştahsızlıq, kəskin ağrı, qusma və ishal kimi problemlərin baş verə biləcəyini deyirlər. Belə bir hal hər zaman ciddi təhlükə yaratmasa da, yorğunluğa səbəb olur. Bundan əlavə səhərlər bu içkinin hətta fobiya və obsesif-kompulsiv pozğunluqlara da yol açacağı qeyd edilib. Bilavasitə qəhvənin hipertoniyadan əziyyət çəkən insanlarda təzyiqi daha da artıra biləcəyi vurğulanıb.

Milli Xərçəng İnstitutunun alimləri kofein istehlakı ilə süd vəzi xərçəngi arasında əlaqə olduğunu düşünürlər. Onlar gündəlik 250 milliqram qəhvə qəbulunun bu xəstəliyə düçar olma riskini 1,5 dəfə artırdığını bildiriblər.

Səhərlər vücudumuzun bizi oyatması üçün orqanizmimiz kortizol adlı bir hormon ifraz edir. Araşdırmalar göstərir ki, səhərlər qəhvənin uzunmüddətli qəbulu bu hormonun səviyyəsini aşağı sala bilər. Bununla da qəhvədən sonra daha çox yorğunluq hiss edə bilərik.

Bəzi araşdırmalarla isə qəhvənin dəridə kollagen sintezini azaltdığı məlum olub. Alimlər bu içkinin dərinin elastikliyindən məsul olan kollagen biosintezinə maneə törətdiyini qeyd edirlər. Burada miqdarın çox önəmli olduğunu söyləyən alimlər, nə qədər çox kofein qəbul edilərsə bu təsirin bir o qədər artıq olduğunu qeyd ediblər. Hətta qəhvənin hamiləlik dövründə düşük riskini artırdığı da vurğulanıb.

İnformasiya "Bild der Wissenschaft" jurnalında dərc edilib.

 

Quru meyvələrin möcüzəvi faydaları

Xüsusilə qış aylarında istehlak edilən quru meyvələrin faydaları saymaqla bitmir. Liflə zəngin olan bu qidalar həzm sisteminin də "dostu"dur. Daha çox pəhriz saxlayanlar üçün əvəzolunmaz qəlyanaltı alternativi olan meyvə quruları, sümüklərdən tutmuş zəkanın inkişafına qədər müsbət təsir edir.

Qurudulmuş meyvələrin qida dəyəri baxımından mükəmməl olduğunu qeyd edən alimlər, bu məhsullarda C vitaminindən başqa bütün vitaminlərin qorunduğunu söyləyirlər. Mütəxəssislər əncir, ərik, gavalı, tut və üzüm kimi meyvə qurularından istifadənin xüsusilə uşaqlar, gənclər və süd verən analar üçün faydalı olduğunu vurğulayıblar. Daha çox dəmirlə zəngin olan bu qidaların uşaqlarda intellektin inkişafına müsbət təsir etdiyi bildirilir. Bilavasitə qurudulmuş meyvələrin yüksək enerji dəyərinə görə idmançılar və qanazlığı olanlar üçün ən yaxşı qida məhsulu olduğu qeyd edilib.

"Qurutma prosesi qidaların qorunması üçün istifadə edilən ən qədim üsullardan biridir və uzun müddət qalıcılığını qoruyur. Tərkibindəki suyun miqdarı az olduğu üçün isə onu xarab edə biləcək mikroorqanizmlər inkişaf edib çoxala bilmir. Bu proseslə suyu azalan meyvələrin şəkər miqdarı yüksəlməklə bərabər, davamlılığı da artır. Quruduqdan sonra C vitaminindən başqa tərkibindəki bütün minerallar qorunur və yüksək antioksidant potensialı ilə ilk növbədə orqanizmi sərbəst radikallardan qoruyur", - deyə Oxford Universitetinin professoru Enriko Santos bildirib.

Mütəxəssislər quru armudun böyrəklərin nizamlı işləməsini təmin etdiyini söyləyirlər. Böyrək daşları və qumunun tökülməsinə kömək edən bu qidanın qan təzyiqini tənzimlədiyi vurğulanıb. Tərkibində daha çox D vitamini olan qara gavalının sümük sağlamlığının qorunmasında da faydalı olduğu bildirilir. Güclü antioksidantlarla zənginliyinə görə ürək-damar və xərçəng xəstəlikləri riskini də aşağı salır.

Qurudulmuş çiyələk isə yüksək miqdarda fosfor, dəmir, B və K vitaminləri ilə zəngindir. Bu qida xolesterini aşağı salmaqla yanaşı, aterosklerozun da qarşısını alır. Bundan əlavə sidikqovucu təsiri ilə böyrəklərin sağlamlığını qoruyur.

İnformasiya "Medical Xpress" veb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".