İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Avarçəkənimizdən iki medal

Azərbaycan avarçəkəni Əlimurad Hacızadə Türkiyənin Muğla şəhərində keçirilən "Bahar Kuboku" turnirində iki bürünc medal qazanıb. O, təknəfərlik kayak qayığında 200 və 500 metr məsafəyə yürüşlərdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Bütün yaş kateqoriyaları üzrə təşkil olunan yarışda Türkiyənin əksər şəhər və regionlarından 200 nəfərdən artıq idmançı mübarizə aparıb.

Paraüzgüçümüzün uğuru

Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən açıq Avropa çempionatında qızıl medal qazanıb. İdmançımız yarışın üçüncü günündə 100 metr məsafəyə brass üzmə üsulunda finişə birinci çatıb. Qeyd edək ki, turnirin ilk günündə digər idmançımız Raman Saley 100 metr məsafəyə arxası üstə üzmə üsulunda Avropa çempionu olub, ikinci gün eyni məsafəyə üzmə üsulunda isə gümüş medal qazanıb.

Gimnastımız finalda

İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kuboku yarışlarında Azərbaycanın idman gimnastı Nikita Simonov finala yüksəlib. O, halqalarla hərəkətlərdə həlledici mərhələyə vəsiqə qazanıb. Yarış aprelin 28-dək davam edəcək.

Açıq Azərbaycan çempionatı start götürüb

Bakı Su İdman Sarayında təşkil olunan üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb. Yarışlara 3-cü idman dərəcəsi olan üzgüçülər qatılıb. İdmançıların rəsmi paradından sonra açılış mərasimi baş tutub. Rəsmi çıxışlardan sonra çempionat açıq elan olunub.

Yarış Beynəlxalq Üzgüçülük Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının nizamnaməsinə və əsasnaməsinə uyğun olaraq keçirilir. Açıq çempionatda Bakı, Sumqayıt, Gəncə, Quba, Şəki, Mingəçevir şəhərlərindən 23 müxtəlif klubun və idman cəmiyyətlərinin idmançıları güclərini sınayırlar. Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstanın Tbilisi klubunun üzgüçüləri də mübarizə aparırlar. Ümumilikdə 200-dən çox idmançının mübarizə apardığı birincilikdə üzgüçülər 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50, 100, 200 metr məsafələrdə arxası üstə, brass və batterflay üsullarda üzürlər. Dörd gün davam edəcək yarışın sonunda qaliblər Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".