Möhtəşəm quruculuq gücü və qüdrəti ifadə edir
Region

Möhtəşəm quruculuq gücü və qüdrəti ifadə edir

Gözəl təbiəti, tarixi abidələri, münbit torpaqları, fədakar insanları ilə tanınan Cəbrayıl rayonu ölkəmizin mədəni, iqtisadi və hərbi həyatında mühüm yer tutur. Coğrafi mövqeyinə görə Cəbrayıl kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Bu qədim diyar cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi əsasən dağlıq olsa da münbit və bərəkətli əkin sahələri də mövcuddur. Həm də Araz çayının qırağında vaxtilə sıx Tuqay meşələri olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malikdir. Rayon əhalisi bir şəhər, 4 qəsəbə və 92 kənddə yaşayıb. 1993-cü il avqustun 20-də Cəbrayıl rayonu Ermənistanın işğalına məruz qalıb. 60 mindən çox əhali məcburi köçkünə çevrilib, uzun illər yurd həsrəti ilə yaşayıb. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərini işğalçılardan azad edərək tarixi qələbəmizin əzəmətini bütün dünyaya nümayiş etdirdi. Düşmən məhz Cəbrayılda bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu çətin maneələri yarıb keçmək çox böyük qəhrəmanlıq tələb edirdi. Qəhrəman oğullarımız düşmən ordusunu darmadağın edərək qanı və canı bahasına torpaqları azad etdi. Bu gücün qarşısında düşmən tab gətirə bilmədi, güvəndikləri istehkamlar başlarına uçuruldu, çoxlu sayda canlı qüvvə itirən işğalçılar bu torpaqlardan əbədi qovuldular. 132 kilometr Azərbaycan-İran sərhədi də işğalçılardan azad edildi və əlbəttə, bu qələbə hərb tariximizdə əbədi qalacaqdır.

Şanlı ordumuzun 2016-cı ildə ilk qələbəsi də Cəbrayılda baş verib. Həmin vaxt rayonun Cocuq Mərcanlı kəndi erməni əsarətindən azad edilib, bir neçə strateji yüksəklik silahlı qüvvələrimizin nəzarətinə keçib. Keçmiş məcburi köçkünlərin işğaldan azad edilən torpaqlara Böyük Qayıdışı da məhz Cocuq Mərcanlıdan başlayıb. Bu gün Cəbrayıl bölgənin böyük, həm də əhəmiyyətli enerji qovşağına çevrilir. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji zonası" elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək deyib ki, azad edilmiş ərazilər "yaşıl enerji zonası" olacaq. Hazırda Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı, etibarlı elektrik təchizatını təmin etmək, yaradılan meqalayihələrin tələbatını qarşılamaq, Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq üçün nəhəng işlər həyata keçirilir. Ən əsası isə uzun illərdən sonra Naxçıvan MR-i Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarında, o cümlədən alternativ və bərpaolunan enerji mənbələrində, həmçinin kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjinin Azərbaycanın ümumi enerji sisteminə ötürmək üçün 330 kV-luq Cəbrayıl yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir. Tarixi qələbədən sonra uzun illər yurd həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı üçün düşmənin xarabalığa çevirdiyi şəhər və kəndlərin yenidən qurulmasına, infrastrukturun yaradılmasına, sosial obyektlərin tikintisinə, yolların çəkilməsinə başlanılıb. Dövlətimizin başçısının təşəbbüsü ilə işğaldan azad edilən torpaqlarda "ağıllı şəhər" və "ağıllı kənd" pilot layihələr icra edilir, modern və milli memarlıq üslubunda inşaat işləri aparılır. İlk pilot layihə Zəngilan rayonunun Ağalı kəndi ərazisində həyata keçirilib. Artıq ağalılılar iki ildir ki, öz doğma yurdunda, hər cür şəraiti olan yeni evlərdə xoş günlərini yaşayırlar. Bu günə kimi Zəngilan rayonunun Ağalı kəndinə 86 ailədən ibarət 420 nəfər köçürülüb. Hazırda kənd ərazisində tikilən 150 evdə təmir işləri davam edir və bu işlər başa çatdıqdan sonra ailələrin növbəti köçü həyata keçiriləcək. İlk "ağıllı kənd" layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak ediblər. Hərbi hissədə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşüb. Dövlət başçısı bildirib ki, Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədi tam bərpa olunub, işğal altında olmuş 132 kilometr sərhəd bərpa edilib. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işlərinə başlanılıb. Həm Azərbaycan-İran, həm də Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır. 44 gün ərzində hər bir gün Zəfər günü idi. 44 gün ərzində Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bir dənə də uğurlu əməliyyat keçirə bilməmişlər. Bax, bu istiqamətdə onlar əks-hücum əməliyyatı planlaşdırmış və bunu həyata keçirməyə başlamışdılar. Amma bu, onların sonunun başlanğıcı olmuşdur. Çünki həmin əks-hücum əməliyyatı Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə darmadağın edilmiş, düşmən böyük sayda itki vermiş və onlarla texnikası məhv edilmişdir. Biz məhz bu istiqamətdən - Füzuli-Cəbrayıl istiqamətindən bir çox müdafiə xətlərini keçərək azadlığa yol açmışdıq.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonunun Ağalı kəndində aparılan işlərlə tanış olublar. Məlumat verilib ki, ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış Ağalı kəndinin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis-kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

"Huayvei-Azərbaycan" şirkətinin baş meneceri Prezidentə məlumat verib ki, "ağıllı kənd" rəqəmsal texnologiyasından Qarabağda yenidən qurulacaq ərazilərdə istifadə ediləcək. Dünya üzrə aparıcı İKT texnologiyaları şirkəti olaraq biz bütün ən son qabaqcıl texnologiyalarımızı Qarabağda təqdim etməyə və gələcəkdə "ağıllı kənd"lərin inkişafında iştirak etməyə hazırıq. Aparıcı "ağıllı şəhər" və "ağıllı kənd" texnologiyalarının təchizatçısı kimi şirkətimizin bu sahədə böyük təcrübəsi var və bizim 100-dən çox qlobal layihəmiz mövcuddur. Qarabağda "ağıllı kənd" üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün biz ən son məhsul və texnologiyaları təchiz edəcəyik. Biz Azərbaycanda ilk dəfə "Qiqabit AirPON" texnologiyasından istifadə edəcəyik. Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısalda bilər. Beləliklə, biz şəbəkənin qurulmasını sürətləndirə və xərclərə qənaət edə bilərik. Biz "ağıllı kənd" layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, "ağıllı tədris", "ağıllı səhiyyə" və "ağıllı kənd təsərrüfatı" sistemlərini həyata keçirəcəyik. İsrail şirkətinin əməkdaşı dövlətimizin başçısına məlumat verib ki, Zəngilanda, əvvəlcə, 300-400 başlıq camış ferması tikəcək, sonra onu 1000 başa çatdırmaq üzərində işləyəcəyik.

Prezident İlham Əliyev bildirib ki, bu, işğaldan azad edilmiş ərazilərdə ilk pilot layihədir. Ona görə də qeyd etmək istəyirəm ki, biz buna xüsusi diqqət yetiririk. Bu layihənin uğurlu icrası sözsüz ki, bizim əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmizi nümayiş etdirəcək. Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik. Şadam ki, bu gün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulur və bizim beynəlxalq əməkdaşlığımız var. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir. Bu, həqiqətən də yaxşı beynəlxalq əməkdaşlıqdır və mən əminəm ki, bu, sadəcə olaraq, ilk addımdır. Bu layihənin uğurlu icrası sözsüz, bizə imkan verəcək ki, bu təcrübədən Qarabağın digər yerlərində istifadə edək. Görüşdən sonra Prezident İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının təməlini qoyub. Prezident bildirib ki, təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və Şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır. Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonunun Mincivan qəsəbəsində olublar. Erməni işğalçıların viran qoyduğu Mincivan dəmir yolu stansiyasının binasının yerləşdiyi əraziyə gələn Prezidentimiz deyib:

"Bura Mincivan dəmir yolu vağzalı olub. Mənfur düşmən bu binanı da yerlə-yeksan edib, dağıdıb, dəmir yolunu söküb, relsləri aparıb, satıb, əridib və tank əleyhinə istehkamların quraşdırılması üçün istifadə edib. Bu bina erməni faşizminin növbəti qurbanıdır, növbəti şahididir. Ermənilər bütün binalarımızı - ictimai binaları, evləri, məscidləri, muzeyləri dağıdıblar, söküblər, talayıblar, daşları oğurlayıb aparıblar, özləri üçün evlər tikiblər. Biz onları buradan qovduq. Burada şiddətli döyüşlər gedib. Mincivan qəsəbəsi uğrunda şiddətli döyüşlər gedirdi. Bizim Silahlı Qüvvələrimiz burada böyük qəhrəmanlıq göstərdi, düşməni buradan qovdu və Mincivan qəsəbəsini azad etdi. Qalib Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlara, qədim yurd yerlərimizə səfər edərək bütün dünyaya elan etdi ki, Azərbaycan ermənilərin viranəyə çevirdikləri əraziləri öz gücü ilə bərpa edəcək, keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına ləyaqətli qayıdışı təmin olunacaq. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması Prezident İlham Əliyevin Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ilinin ən uca zirvəsi, möhtəşəm zəfərin təntənəsidir. 44 gün və 23 saatda Qalib Sərkərdənin qazandığı tarixi qələbə bütün haqsızlıqlara və dünya erməniliyinin sərsəm ideyalarına son qoydu. Tarixi qələbədən üç ildən artıq vaxt ötür. Bu qısa zaman kəsiyində işğaldan azad edilən torpaqlarda aparılan quruculuq işlərinin statistikası böyük gücü və qüdrəti ifadə edir.

Salman ALIOĞLU,

"Respublika".