İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Kikboksçularımız çempionatda uğurla çıxış ediblər

İtaliyanın Yezolo şəhərində keçirilən uşaq, yeniyetmə və gənclərin dünya çempionatında Azərbaycan kikboksçuları 20 medal qazanıblar.

Kikboksinqin müxtəlif növlərində Şükür Aslanlı (42 kq), Mahmud Hüseynov (57 kq), Nicat Ələkbərli (63,5 kq), Səfərəli Vəhədov (71 kq), Gülməmməd Səfərli (+81 kq), Elton Hüseynov (+91 kq), Murad Məmmədov (60 kq) bürünc, Rinat Qiyasov (45 kq), Renat Qiyaslı (51 kq), Əli Cəfərli (54 kq), Kənan Cəfərli (57 kq) gümüş medalla kifayətləniblər.

Azərbaycan millisi bundan əvvəl 6 qızıl medala sahib olub - Murad Gəncəliyev (45 kq), Rafiq Babazadə (48 kq), Sübhan Məmmədov (45 kq), Ramal Zeynallı (48 kq), Elvin Məmmədov (54 kq) və Nizami Əliyev (32 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

 

Yeniyetmələr arasında cüdo üzrə region birinciliyi keçirilib

Beyləqan şəhərində yeniyetmələr (U-18) arasında cüdo üzrə region birinciliyi keçirilib. Beyləqan Olimpiya İdman Kompleksində baş tutan yarışda oğlanlar arasında 8, qızlar arasında isə 5 çəki dərəcəsində qaliblər müəyyənləşib. Yarışda Aran-Mil-Muğan regionunu təmsil edən 9 komandadan 101 cüdoçu medallar uğrunda mübarizə aparıb. Qızlar arasında Nurcahan Səlimova (36 kq), Rəvanə İsmayılova (40 kq), Nərgiz Şıxməmmədova (44 kq), Nuray Ağazadə (57 kq), Fatimə Əmrəliyeva (63 kq), oğlanların yarışında isə Nihat Mövlazadə (46 kq), İlkin Rzazadə (50 kq), İbrahim Əliyev (55 kq), Elvin Rəşidov (60 kq), Həsən Xəlilov (66 kq), Turan Rüstəmov (73 kq), Orxan Əhmədzadə (81 kq), Ramal Cavadov (90 kq) birinci yerləri tutublar.

Azərbaycan çempionatının ikinci mərhələsi yekunlaşıb

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində keçirilən çoxgünlük ötüşmələr üzrə ölkə çempionatının ikinci mərhələsinin qalibləri müəyyənləşib. Ümumilikdə 39 peşəkar və 9 həvəskar velosipedçinin qatıldığı bu mərhələdə qadınlar 42 kilometr, kişilər isə 62 kilometr məsafə qət ediblər.

Qadınlar arasında mübarizədə Radha Şabanova birinci, Viktoriya Sidorenko ikinci, İradə Əbdürrəhmanova isə üçüncü yerdə qərarlaşıb. Kişilər arasında yarışda isə Elçin Əsədov qızıl, Musa Mikayılzadə gümüş, Kamran Mirzəxanov bürünc medal qazanıb.

 

Şahmatçılarımız Avropa kubokunda mübarizəni davam etdirirlər

Azərbaycanın kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa kubokunda növbəti turda iştirak edəcəklər. "Vüqar Həşimov" komandası 6-cı turda İsveçrə, qadınların yarışında isə "Odlar Yurdu" Avstriya komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, kişi şahmatçılarımız ötən turda "Moravska Slavia Brno"nu (Çexiya) 3,5:2,5 hesabla məğlub ediblər. Qadın təmsilçilərimiz isə İsrailin "Haifa-Nesher" komandasına 4:0 hesabı ilə qalib gəliblər. "Odlar Yurdu" 5 turun nəticəsinə görə 6 xalla 4-7-ci, "Vüqar Həşimov" komandası isə 8 xalla 3-10-cu yerləri bölüşürlər.

Nərgiz İSMAYILOVA,

"Respublika".