Separatçıları azad etmə cəhdləri faydasızdır
Siyasət

Separatçıları azad etmə cəhdləri faydasızdır

Ədalətsizliyin baş alıb getdiyi dünyada sözün əsl mənasında ağa qara deyən qüvvələr yenə iş başındadırlar. Çirkli pulların yuyulmasında iştirak edən Ruben Vardanyan kimilərini qəhrəmanlaşdırmaq bunu bir daha təsdiqləyir. Təsəvvür edin ki, CNN kimi ciddi informasiya agentliyində onun ailə üzvlərinə tribuna verilməsi, orada onların Azərbaycanı ittiham etmələri şübhəli məqamlardan xəbər verir. Vardanyanın beynəlxalq səviyyəli cinayətkar olduğu hər kəsə məlumdur. Çirkli pulların yuyulmasında “mahir usta” olan bu adam siyasi ambisiyalarla Azərbaycanın suveren ərazisinə gələrək burada hakimiyyət qurmağa çalışdı və separatçılıqla məşğul oldu, hətta konkret cinayətlər törətdi. O, tez-tez media orqanlarında çıxış etməklə siyasi obraz yaratmağa cəhd etdi. Bütün bunlar təbii ki, ifşa olundu. Rəsmi Bakı bunların qarşısını qətiyyətlə aldı və “hoqqabaz” hərbi cinayətkarı həbs edərək istintaqa cəlb etdi.

Milyardlara sahib olan bu insanın puluna şirəyə yığışmış milçəklər kimi toplaşan piar şirkətləri, qruplar, həmin pulların hesabına Vardanyanı Nobel mükafatına namizəd göstərmək istəyirlər. Hələ bu azmış kimi onun guya həbsxanada aclıq elan etməsi, onunla pis rəftar olunması kimi saxta iddialar da var. Vardanyan bu gün həbsxanada bütün beynəlxalq normalara uyğun şəraitdə saxlanılır. Əsas utancverici məsələ burada hüquqdan, qanundan, insan haqlarından dəm vuran ABŞ-ın, hərbi cinayətkarları beynəlxalq səviyyədə tanınmış oliqarxı, çirkli pulların yuyulmasında adı keçən bir nəfəri “süddən çıxmış ağ qaşıq” kimi göstərməyə cəhd etməsidir. Bütün bunlar bir daha beynəlxalq hüququn bərbad halda olduğunu təsdiq edir. Vardanyanın yalnız Azərbaycanda yox, Ukraynada da separatizmə dəstək verməsi, bir çox silah tranzitində əli olması, eləcə də ukraynalı millət vəkillərinin Nobel Komitəsinə etiraz məktubu göndərməsi mövcud reallığı göstərir. Bir sıra pula həris təşkilatlar, eləcə də ABŞ-ın dövlət orqanları gec-tez anlayacaqlar ki, ölkəmizlə təzyiq dilində danışmaq mümkün deyil. Çünki Azərbaycan güclü dövlət kimi öz ərazisində baş verən cinayətlərə, qanunsuz əməllərə özü müvafiq ölçü götürür, qarşısını alır və alacaq. Ona görə də Vardanyan və digər separatçıların təzyiq üsulu ilə azad olunmasına çalışmaq heç bir fayda verməyəcək.

Vüqar İSKƏNDƏROV,

Milli Məclisin deputatı.