Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Çarlz Darvinin "Növlərin mənşəyi" kitabının nəşri"ni oxuculara təqdim edirik.

“Respublika".

 

Çarlz Darvinin "Növlərin mənşəyi" kitabının nəşri

Kitab elmlərin açarıdır, deyiblər. Tarixin, elmin, sənətin və hətta insanlığın sirləri kitablarda saxlanılır. Hər kitab bir xəzinədir desək, tam yerinə düşər. Bəzi kitablar isə yaradılışı dəyişdirmiş, insan əqlini və ruhunu formalaşdırmış, inkişaf etdirmişdir.  

İstər bədii, istərsə də elmi əsərlər insanların həyatını, baxış bucağını dəyişə biləcəyi kimi, dünyanın gələcəyini də dəyişdirib. Hər gün dünyada milyonlarla kitab çap edilsə də, müzakirə olunur. Bu kitablar içərisində elələri var ki, onlar bəşəriyyətin təkamülündə mühüm rol oynayaraq tarxin gedişatını dəyişdirib. Belə kitablardan biri də daha çox "insanın mеymundan əmələ gəlməsi" fərziyyəsinin müəllifi kimi tanınan Çarlz Darvinin "Növlərin mənşəyi" adlı kitabıdır. Darvinin XIX əsrdə ən önəmli kəşflərindən olan, təkamül nəzəriyyəsindən bəhs edən bu kitab yayımlandığı zaman diqqəti cəlb etməsə də, bir müddət sonra elm dünyasını dərindən sarsıdıb və müasir təkamül nəzəriyyəsinin yaranmasında zəmin rolu oynayıb.  Növlərin təkamülünün öyrənilməsində əvəzsiz rol oynayan kitabda onların zamanla təbii seçimi və yenilərinin meydana gəlməsindən bəhs olunub. Həmçinin bir çox dini inanca zidd olduğuna görə, Darvinin nəzəriyyələri çoxlu mübahisələrə də  səbəb olub.

İlk dəfə 1859-cu ildə Londonda nəşr olunan "Növlərin mənşəyi" dünyada elm və mədəniyyət tarixini dəyişdirən əsərlərdən biri hesab edilir. Darvinin 20 illik tədqiqatları nəticəsində ortaya çıxan və təkamül mexanizmlərini izah edən "Növlərin mənşəyi" kitabı insanın dünyanı dərketmə macərasında dönüş nöqtəsi olmuş və təkcə biologiya elmlərinə deyil, ədəbiyyatdan tutmuş fəlsəfəyə qədər bütün təbiət elmlərinə, ümumilikdə bəşər mədəniyyətinə böyük töhfə vermişdir.

Təbii seçməyə əsaslanan təkamül nəzəriyyəsi elə o vaxtdan bu günə qədər müzakirə predmetinə çevrilmişdir. Bu nəzəriyyə dünyadakı həyatın təsadüf nəticəsində meydana gəldiyini və bütün canlıların ortaq bir canlıdan törədiyini irəli sürür. Nəzəriyyəyə görə, insan nəslinə ən yaxın canlılar isə meymunlardır.

Biologiya elminin tarixi iki hissəyə ayrılır: Darvindən əvvəlki və ondan sonrakı dövr. Dahi alimin təcrübələrə sərf etdiyi zamana yalnız həsəd aparmaq olar. Məsələn, soxulcanlar üzərində apardığı  təcrübəyə düz 29 ilini sərf etmiş, "Növlərin yaranması"  kitabını nəşr etməyə isə  21 ildən sonra qərar vermişdi. Bir çox mübahisələrə səbəb olan əsər Yer üzündə həyatın yaranması ilə bağlı ənənəvi versiyaların hamısını rədd etsə də, həyatın bir neçə milyon il ərzində yaranması ən cəsarətli fikir sayılırdı. İncildə isə deyilirdi ki, həyat 6 günə yaranıb. Darvin kəşf etdi ki, orqanizmlər yaşamaq, yemək və mühit uğrunda mübarizə edir.

 Əslində, təkamül nəzəriyyəsinin fəlsəfi mənşəyi qədim Yunanıstana qədər gedib çıxır. Lakin buna  baxmayaraq, elm dünyasının gündəliyinə XIX əsrdə daxil olmuşdur. Əvvəlcə fransız bioloq Jan Batist Lamark “Zooloji fəlsəfə” (Zoological philosophy) adlı kitabında canlı növlərinin bir-birlərindən təkamüllə əmələ gəldiyi fərziyyəsini ortaya atdı. Lamark canlıların həyatı boyu qazandıqları dəyişiklikləri sonrakı nəsillərə ötürdüklərini irəli sürmüşdü.

Məşhur alim zürafələrlə bağlı misalında bu canlıların əvvəllər daha qısaboylu olduğunu, ancaq hündür ağaclara çatmağa çalışarkən nəsildən-nəslə boyunlarının uzandığını iddia etmişdi.

  Lamarkın “qazanılmış xüsusiyyətlərin ötürülməsi” kimi tanınan bu təkamül modeli irsiyyət qanunlarının kəşf edilməsilə birlikdə əsasını itirdi.

XX əsrin ortalarında DNT-nin quruluşunun kəşfi ilə canlıların hüceyrələrinin nüvəsində kodlanmış xüsusi genetik məlumata malik olduqları və bu genetik məlumatın “qazanılmış xüsusiyyətlər” tərəfindən dəyişdirilə bilmədiyi üzə çıxdı. Yəni bir canlı ağaclara çatmaq üçün həyatı boyu çalışıb boynunu bir neçə santimetr uzatsa belə, dünyaya gətirdiyi balalar yenə də o növə aid standart boyun ölçülərinə malik olar. Qısa desək, Lamarkın təkamül nəzəriyyəsi elmi kəşflərlə təkzib edildi və səhv fərziyyə kimi tarixə düşdü.  Ancaq Lamarkdan bir neçə nəsil sonra yaşamış digər təbiətşünasın təkamül nəzəriyyəsi daha uzunömürlü oldu. Sözügedən təbiətşünas Çarlz Robert Darvin, nəzəriyyəsinin adı isə “darvinizm”dir.

Çarlz Darvin 1832-ci ildə İngiltərədən yola düşən və beş il ərzində dünyanın müxtəlif bölgələrinə səyahət edən Biql adlı rəsmi kəşf gəmisində könüllü kimi iştirak etmişdir. Gənc Darvin bu səyahət ərzində gördüyü müxtəlif canlı növlərindən, xüsusilə də Qalapaqos adalarında gördüyü müxtəlif alacəhrə növlərindən çox təsirlənir. Bu quşların dimdiklərindəki fərqlərin müxtəlif mühitlərə uyğunlaşmalarından irəli gəldiyini düşünür. Darvin bu səyahətinin ardınca İngiltərədəki heyvan bazarlarını gəzməyə başlayır. Maldarlıqla məşğul olanların müxtəlif inək cinslərini cütləşdirərək yeni cinslər əldə etdiklərinə şahid olur. Qalapaqos adalarında gördüyü fərqli alacəhrə növlərini də bu müşahidələrinə əlavə etməklə beynində bir nəzəriyyə formalaşdırmağa başlayır. Nəticədə isə bu fikirlərini  “Növlərin mənşəyi” adlı kitabında açıqlayır. O, bu kitabda bütün canlı növlərinin ortaq bir əcdaddan əmələ gəldiyini, ancaq zamanla kiçik dəyişikliklərə məruz qalaraq bir-birlərindən təkamüllə törədiyini iddia edirdi. Darvinin nəzəriyyəsinin Lamarkın nəzəriyyəsindən fərqli cəhəti “təbii seçmə” anlayışını xüsusi vurğulaması idi. Təbii seçmə təbiətdəki həyat uğrunda mübarizədə güclü və ya mühitin şərtlərinə daha uyğun olan canlıların həyatda qalması deməkdir. Darvin belə məntiq qurmuşdur: “Bir canlı növünün daxilində təbii və təsadüfi fərqlər olur. Məsələn, bəzi inəklər daha böyük, bəziləri daha tünd rənglidir. Bu dəyişikliklərin hansının üstünlüyü varsa, o xüsusiyyət təbii seçmə ilə seçilər. Beləliklə, sözügedən üstün xüsusiyyət o heyvan sürüsündə hakim rol oynayar. Bu xüsusiyyətlərin uzun zaman ərzində toplanması ilə ortaya yeni növ çıxar".

24 noyabr 1859-cu ildə ingilis təbiətşünası Çarlz Darvinin "Təbii seçim yolu ilə növlərin mənşəyi və yaşamaq uğrunda mübarizədə üstün irqlərin qorunması" adlı kitabı çap edilib. Əsərin adı 1871-ci ildə dəyişdirilərək "Növlərin mənşəyi" olmuşdur. Elm tarixinin ən böyük çalışmalarından sayılan bu əsər  məşhur təkamül nəzəriyyəsinin elmi əsasını qoyub. Əsərdə irəli sürülən tezislər müasir təkamül nəzəriyyəsinin özəyi kimi hələ də öz aktuallığını saxlayır.

  Darvinin bu əsəri Karl Marks və Fridrix Engels kimi alimlərin də diqqətindən yayınmamışdı. Darvinin əsəri yayımlanan kimi Engels dostu Marksa belə bir məktub yazır: "Hal-hazırda kitabını oxuduğum Darvin, bircə sözlə desək, mükəmməldir!" Marks da əsərə laqeyd qalmayıb bunları yazmışdı: "Təbii tarix baxımından bizim fikirlərin özülünü əhatə edən kitab, bax, elə budur!"

  Darvinin fikrincə, təbiətdəki bütün növlər təbii seçim əsasında yaranaraq inkişaf edə-edə, yəni təkamül yolu ilə indiki hallarına gəlib çıxmışdır. O, öz tədqiqatı əsasında növlərin sabit olmadığını, hətta uzun müddət davam etsə belə, yaşadıqları mühitin xüsusiyyətlərinə görə onlarda dəyişikliklər əmələ gəldiyini yazırdı. Ancaq bu gedişatda hərəkətverici amilin nə olduğunu açıqlaya bilməmişdi. İngilis demoqrafı Maltusun "Demoqrafik təcrübə" adlı əsərindəki fikirlərin Darvinə təsirləri güclü olmuşdu. Maltus həmin əsərində yazırdı: "Bütün canlılar ölüm-qalım savaşındadır. Bunun da səbəbi say artımıdır, çünki qidalanma ehtiyatları məhduddur və bunları əldə etmək üçün mütəmadi olaraq mübarizə aparmaq lazım olur. Bu mübarizədə isə güclülər zəifləri əzib keçir". Maltusun bu tipli tezislərini öz müşahidə və təcrübələri ilə sintez edən Darvin təkamül nəzəriyyəsinin hərəkətverici qüvvəsinin nə olduğu sualına cavab tapır. Və bunu yaşamaq uğrunda mübarizə nəticəsində formalaşan "təbii seçim" adlandıraraq öz nəzəriyyəsinin əsas anlayışlarından birinə çevirmişdir. Təbiətşünas alim olan Darvin öz fikirlərinə görə, din və kilsədən ayrılmış, öz nəzəriyyəsini bütünlüklə ictimaiyyətə açıqlamaqdan çəkinmişdir. Bəzi qeydlərini bir paketə yığaraq üzərinə "ölümümdən sonra açılsın" yazmışdı. Bu paket və sonradan əlavə etdiyi yeni qeydlər təxminən 20 il evindəki zirzəmidə qalmışdır.

Təkamül nəzəriyyəsi haqda ən böyük yanılmalardan biri, Darvinin insanların meymundan törədiyinə dair edilən iddialardır. Əksinə, Darvin özü bu barədə bir xəbərdarlıq vermişdir. Onun fikirlərinə görə, insan meymunlarla eyni bir növdən yaranıb, lakin meymunların təkamülü nəticəsində yaranmayıb. Söhbət ortaq bir əcdaddan nə zamansa baş verən bir ayrılmadan gedir.

Darvin nəzəriyyəsinin ən asas anlayışlarından biri aralıq tiplərin mövcud olmasıdır. O deyirdi ki, təbii seçim əsasında bir növdən digərinin yaranması zamanı mütləq hər ikisinin ortaq cəhətlərini daşıyan aralıq tiplər mövcud olmalıdır. Belə bir tiplərin çoxdankı dövrlərə aid fosillər arasından tapılacağına ümidi olan Darvin öz nəzəriyyəsinin doğru və ya yanlış olmasını bundan asılı sayırdı.

Son olaraq deyə bilərik ki,  Darvindən sonra uzun bir məsafə qət edən təkamül nəzəriyyəsi bir çox təxminlərini doğrultsa da, bəzilərini doğrulda bilmədi. Məhz bu səbəbdən də  XXI əsrdə təkamül biologiyasını yalnız Darvinlə "limitləmək" gülünc olardı...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".