Azərbaycana miqrasiya edən əcnəbilərin sayı artır
Digər xəbərlər

Azərbaycana miqrasiya edən əcnəbilərin sayı artır

Martın 19-u Azərbaycan Respublikası miqrasiya işçilərinin peşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 17 mart tarixli Sərəncamına əsasən hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Dövlət Miqrasiya Xidməti 2007-ci il mart ayının 19-da yaradılmışdır. Yarandığı müddət ərzində sürətli inkişaf yolu keçmiş, ölkəmizdə dünya standartlarına uyğun miqrasiya xidməti formalaşmışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra miqrasiya proseslərinin tənzimlənməsi yeni ictimai-iqtisadi formasiyanın ən aktual məsələlərindən biri kimi aktuallaşsa da, bu sahədə ilk addımlar ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlişindən sonra atılmışdır. Həmin o dövrdə ki, ölkədə bir milyon məcburi köçkün var idi. Eyni zamanda,  ümummilli lider Heydər Əliyev Azərbaycanın əlverişli məkanda yerləşməsini, əhəmiyyətli tranzit-kommunikasiya imkanlarını nəzərə alaraq ölkədə daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsi sahəsində vacib tədbirlərin həyata keçirilməsinin təməlini qoymuşdur.

 Miqrasiya xidmətinin yaradılmasının vacibliyini aktuallaşdıran amillərdən biri də ötən əsrin səksəninci illərinin axırlarında Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi kütləvi deportasiya olmuşdur. Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyon soydaşımız doğma yurdlarından didərgin düşərək, ölkənin fərqli məkanlarında məskunlaşıb. Məcburi miqrasiyaya məruz qalan köçkünlər dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunmuşdur. Ölkəmiz həm də asayiş baxımından sakit məkan olduğu üçün xarici vətəndaşların marağında olub. Bu səbəbdən də Azərbaycana miqrasiya edən əcnəbi vətəndaşların sayı da son onilliklərdə xeyli artmışdır. Yaranmış zərurəti nəzərə alan dövlətimiz miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atmışdır. Belə ki, 2004-cü ildə hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası” qəbul edilmiş, Konsepsiyanın gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 2006-cı ilin 25 iyul tarixində “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında (2006-2008-ci illər)” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır.

Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi orqanın yaradılması da obyektiv zərurət kimi meydana çıxmışdır. Son dövrlərin dəyişən siyasi mənzərəsində hər bir dövlətin milli təhlükəsizlik maraqlarının qorunması bir sıra amillərlə yanaşı, miqrasiya proseslərinin sivil yolla tənzimlənməsini aktuallaşdırır. Yeni əsrin şərtləri fonunda dövlətlər arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişləndiyi bir dövrdə dünya ölkələri miqrasiya proseslərinin daha ciddi təsir və təhdidlərinə məruz qalırlar. Bu sahədə əlbəttə ki, dünyanı cənginə alan sosial problemlər və işsizlik məsələsi də mühüm yer tutur. Belə ki, ölkəsində münasib iş tapa bilməyən, sosial cəhətdən çətinlik yaşayan insanlar vəziyyətdən çıxış yolunu başqa ölkələrə miqrasiya etməkdə görür. Əhalinin bir ölkədən digər birinə kütləvi axın etməsi miqrasiya xidmətinin işini də aktuallaşdırır. Bu səbəbdən də Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması, eyni zamanda  əcnəbilərin qeydiyyatı, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri ilə məşğul olur.

Baş verə biləcək anlaşılmazlığı nəzərə alan dövlətimiz ölkənin bir sıra şəhər və rayonlarında meydana çıxan problemlərin operativ həll edilməsi məqsədilə miqrasiya xidmətinin müvafiq idarələrini açmışdır. Regionlarda fəaliyyət göstərən idarələrin işi prosesində üzləşdikləri problem və çətinliklər operativ şəkildə həllini tapır. Bu da Dövlət Miqrasiya Xidmətinin düzgün qurulmuş iş prinsipinin göstəricisidir.

Ramidə YAQUBQIZI,

“Respublika”.