Azərbaycanda turizm perspektiv sahə olaraq müəyyənləşdirilib
Digər xəbərlər

Azərbaycanda turizm perspektiv sahə olaraq müəyyənləşdirilib

Ölkələr arasında  əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsində turizm faktoru əhəmiyyətli rol oynayır. Müasir dünyada iqtisadi tərəqqi və yüksəlişin mühüm amillərdən biri olan turizm milli iqtisadiyyatda və beynəlxalq ticarətdə önəmli sahəyə çevrilmişdir. Bu sahənin inkişafı hər bir ölkənin potensial gəlir mənbəyi olaraq dəyərləndirilir və beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir. Müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlərlə yanaşı, iqtisadiyyatın da inkişafına zəmin yaradan turizm həm də insanların həyat tərzinin və mədəniyyətin bir hissəsidir.

Turizm sahəsini ölkə iqtisadiyyatının əsas istiqamətlərindən birinə çevirmək, eyni zamanda beynəlxalq turizm bazarına inteqrasiyasını təmin etmək və rəqabətədavamlılığını yüksəltmək dövlətimizin siyasətində əsas yer tutur. Müstəqilliyinin bərpasından sonra ölkəmizdə turizmin inkişafına dövlət səviyyəsində diqqət göstərilmiş, bu sahənin inkişafını təşkil edə biləcək dövlət strukturları yaradılmış, qanunvericilik sənədləri qəbul edilmişdir. Belə ki, turizm infrastrukturunun beynəlxalq tələblərə uyğunlaşdırılması, onun xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, bu sahənin inkişafının davamlı olması, eyni zamanda ölkəyə xarici turistlərin marağının artırılması məqsədilə ölkəmizdə mühüm işlər həyata keçirilir. Bu inkişaf tendensiyası ilk növbədə ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmış, 1999-cu ildə Milli Məclisdə "Turizm haqqında" Qanun qəbul edilmişdir. Ölkə başçısının 1 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən hər il sentyabr ayının 27-si Azərbaycanda turizm işçilərinin peşə bayramı kimi qeyd edilmiş, bu ildən isə bu tarix sentyabr ayının 29-na keçirilmişdir.

2001-ci ildən BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) üzvü olan Azərbaycan UNWTO-nun "Turizm naminə qlobal liderlər" kampaniyasına və "Bir milyard imkan, bir milyard turist" təşəbbüsünə qoşulmuş, 2013-cü ildə UNWTO Baş Assambleyasının 20-ci iclasında Azərbaycan Təşkilatın İcraiyyə Şurasına 2013-2017-ci illər üçün üzv, İcraiyyə Şurasının 104-cü sessiyası zamanı isə 2017-ci il üçün Təşkilatın İcraiyyə Şurasının sədri vəzifəsinə seçilmişdir. Baş Assambleyanın 22-ci sessiyası zamanı 2018-ci il üçün yenidən İcraiyyə Şurasına seçilən Azərbaycan UNWTO-nun Avropa üzrə Regional Komissiyasının 64-cü iclasında Azərbaycan Ümumdünya Turizm Təşkilatının 2019-2021-ci illər üzrə Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinin üzvü olmuşdur.

Azərbaycan bütün sahələrdə beynəlxalq aləmə inteqrasiya olunaraq dünyada keçirilən  mötəbər tədbirlərin iştirakçısı, eyni zamanda bütün qapılarını dünyaya açaraq bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi edən ölkədir. Bu isə ölkəmizdə turizmin inkişafına geniş imkan yaratmışdır. Bununla yanaşı, həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, qeyri-neft sektorunun inkişaf etdirilməsi bütün sahələrdə olduğu kimi, turizm sferasının da inkişafına əsaslı təsir göstərir. Perspektiv sahə kimi prioritet istiqamət olaraq müəyyənləşdirilməsi, bu sahənin qanunvericilik bazasında iqtisadi, hüquqi və sosial normalara uyğun təkmilləşdirilməsi ölkəmizdə turizmin inkişafını daha da intensivləşdirmişdir. Bu sahədə dünya standartlarına uyğun, yeni texnologiyaların tətbiqi təşkilati-hüquqi və normativ bazanın yaradılmasına zəmin yaratmışdır.

Respublikamızda turizmin regional, sahə və ərazi üzrə təkmilləşməsi, onun  sosial-iqtisadi rolu və yeri, həm dövlət prioritetləri, həm də biznes maraqları baxımından müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarında ölkənin ayrı-ayrı regionlarında turizmin inkişaf etdirilməsi məqsədilə mehmanxanaların, turizm sanatoriya-kurort mərkəzlərinin, mədəniyyət abidələrinin, iaşə müəssisələrinin tikintisi, bərpası, həmçinin regionlarda turizm fəaliyyətinin dəstəklənməsi əsaslı olaraq öz əksini tapmışdır.

Bu gün respublikamızın hər yerində, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı abadlıq- quruculuq işləri aparılır. 30 il işğal altında qalmış yurd yerlərimiz yenidən qurulur, hər bölgəmizə yeni həyat verilir. Bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi dövlət siyasətinin prioritetidir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası ilə yanaşı, həm də bu yerlərə turist axınını təmin edəcək.

Yalnız qədim tarixi, zəngin mədəniyyəti, strateji əhəmiyyəti, mənəvi önəmi ilə deyil, həm də öz təbiəti, qeyri-adi gözəlliyi ilə seçilən qədim Şuşa hər zaman istər yerli, istərsə də xarici turistlərin diqqətini cəlb etmişdir. Şəhər hələ çox illər qabaq havasının tərkibi, təmizliyi, saflığı və müalicəvi əhəmiyyəti baxımından əvəzolunmaz kurort şəhəri kimi tanınmış, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da öz səfalı yerləri, istirahət guşələri ilə məşhurlaşmışdı. 1976-cı ildə ulu öndərin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Soveti "Şuşa şəhərində kurort kompleksinin sonrakı inkişafı üzrə tədbirlər haqqında" qərar qəbul etmiş, Şuşanın abad şəhərə çevrilməsi üçün vacib olan müvafiq infrastruktur yaradılmış, kurort şəhəri kimi inkişafı təmin olunmuşdu. Şəhərdə çoxmərtəbəli yaşayış və inzibati binalar, sanatoriya və digər kurort müəssisələri tikilmiş, kurort təsərrüfatı, kurort ticarəti idarəsi yaradılmaqla Şuşa ümumittifaq əhəmiyyətli kurort şəhəri kimi inkişaf etmişdi. 1992-ci ilə qədər bura Şuşanın müalicəvi əhəmiyyətli suyundan, havasından şəfa tapmaq üçün dünyanın hər yerindən minlərlə insan gəlirdi. Tarixi şəhərimiz, mədəniyyət paytaxtımız olan Şuşa səfalı təbiəti, gözoxşayan yaşıl düzləri, ormanları, ceyran-cüyür mələşən çölləri, ekoloji təmizliyi ilə də turistlərin sevimli məkanı olmuşdur.

Tarixini, mədəniyyətini əsrlər boyu qoruyub saxlayan, xalqımızın adət- ənənələrini, mədəni irsini özündə yaşadan, yeraltı, yerüstü sərvətlərlə zəngin olan Kəlbəcərə təbiətin bəxş etdiyi nemətlərdən biri də dünyaca məşhur, böyük müalicəvi əhəmiyyətə malik olan İstisudur. Kəlbəcərin qərb hissəsində - silsilə dağ yamaclarında yerləşən İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə sanatoriya salınmışdır. Kurort tikililəri isə 1920-ci illərin sonlarından inşa edilməyə başlanmış, sonralar Yuxarı İstisuda vannalar və kurort xəstəxanası, mehmanxana tikilmişdir. 1993-cü ildə Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalına qədər İstisu sanatoriyası fəaliyyət göstərmiş və dünyanın bir çox yerindən bura müalicə üçün gəlmişlər. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi. Bu isə ölkəmizin kurort turizminin inkişafında mühüm əhəmiyyət kəsb etmişdir.

Azərbaycanın dilbər guşəsi Qarabağda yeni müasir şəhərlər, kəndlər salınacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müəssisələri yaradılacaq. Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl inkişaf etmiş, müasir yerlərindən biri olacaq. Bütün bunlar isə turizm potensialını daha da artıraraq, Azərbaycanı turizm ölkəsinə çevirəcək.

Mehparə ƏLİYEVA,

"Respublika".